Xəbər lenti

Ağıllı Ağdamın kölgəsi
Vahid Qazi
Ölkə 16:40 02.06.2021

Ağıllı Ağdamın kölgəsi

İki fərqli duyğu yaşayır adam. Biri şirin eyforiyadır, o biri acı nigarançılıq.

Xoş emosiyalar yaşamaqdan zövq almaqla yanaşı soyuq başla düşünməli də olursan. O ikinci duyğu bundan sonra yaranır.

Ağdamın baş planının təqdimatına, özül qoyma mərasiminə mən də baxdım. Neçə gündür TV-lərdə, sosial şəbəkələrdə müzakirələrin birini də qaçırmamağa çalışıram.

Tikinti-quruculuq işlərinə başlayıblar. Traktorlar, buldozerlər, kranlar. Yeni şəhər əvvəlki Ağdamı və ətraf 8 kəndi əhatə edən böyük, modern insan məskəni olacaq. Nəinki Azərbaycanın, belə başa düşdüm, dünyanın ən müasir 100 minlik şəhərinin himi qoyuldu. Uşaqlarımız, nəvə-nəticələrimiz gölündə, kanalında qayıqlar üzən, küçələrində tramvaylar şütüyən Ağdamda yaşayacaqlar.

Dünyada bundan gözəl xəbərmi var? Az qala 30 ildir gözləmirdikmi belə xəbəri? Bəs məndəki bu nigarançılıq nədəndir?

Ağdam məscidindən 400-500 metr aralıda 8 sotluq həyətimiz və o həyətdə ikimərtəbəli evimiz vardı. Bilirəm, dövlət vətəndaşın əmlak hüququna təminatçıdır, Azərbaycan vətəndaşının əmlak hüququ konstitusiya ilə tanınır.

Görünən odur ki, qeyri-rəsmi milliləşdirmə aparıblar. O gözəl şəhəri mənim əmlak hüququmu pozaraq tikəcəklər. Əsl sovet dönəmində olan kimi. İkinci Dünya müharibəsindən sonra şəhərlərin, kəndlərin bərpasına iki fərqli yanaşma olub. Avropanın qərbində bərpa vaxtı insanların əmlak hüququna maksimum əməl edilməsinə çalışıblar, kommunist rejiminin hakim olduğu ölkələrdə belə hüquq tanınmayıb.

Deyəsən, bizimkilər də kommunistlər kimi edirlər. Neçə adama üz tutmuşam: "Sizin torpağınızı sizdən soruşubmu şumlayır, əkirlər?” "Hə” deyən yoxdur.

Bütöv bir şəhərini itirmiş, az qala o şəhərdən əlini üzmüş bir adam füsunkar gözəlliyi olacağı deyilən şəhərin tikildiyi bir vaxtda 8 sotluq torpaq davası etməz deyərsiniz. Əslində etməliyəm. Haqqımdır! 18 sot vəd edilən torpağa da sən deyən inamım yoxdur. Amma əsas bu deyil, əsas odur ki, uzun illərdir adını "Qafqaz Xirosiması”, "Ruhlar şəhəri” kimi epitetlərlə andığım şəhər indi azaddır və yenidən tikilir.

Sözüm bir cür çıxmasın, elə anlaşılmasın ki, dövlətin elan etdiyi böyük quruculuq işinə sevinmirəm. Göydə Allah, yerdə məni tanıyan, bir də Qarabağ yazılarımı oxumuş oxucular bilir sevincimin miqyasını.

Bilirəm, heç kim neqativ yüklü mətn oxumaq istəmir, nə qədər həqiqət olsa da. Mən də ümumxalq sevincindəyəm. Amma beynimi qurd kimi gəmirən narahatlığı deməsəm olmur.

Ağdamı rusa arxalanıb erməni işğal etmişdi. 28 il qabaq bu şəhəri işğal edən rus arxalı erməni hələ də beş addımlıqdakı Xankəndidədirsə, bizimlə düşmənçiliyi davam etdirirsə, 6 aydır rəsmi səviyyədə Əsgəranın, Xankəndinin adını dilimizə almırıqsa, sabah Rusiya Ermənistanda hökumətə öz adamını gətirsə, onu hakimiyyətdə bərkitmək üçün silahı bizə çevirsə necə? Rusun ermənini Ağdamın üstünə bir də salmayacağına kim qarant durur? 100 ildir bu iki xalqı bir-birini qırdıran Rusiya deyilmi?

Dünyada bir bəyanatla bitmiş müharibə tanıyan varmı? Müharibənin bitməsinə neçə nəfər inanır? Pozitiv düşüncəli adamam. Amma rahatsızlığım var. Bunu oxucu dostlarla da bölüşməyib kimlə bölüşüm?

Sovet vaxtı dağılmış şəhərlərin bərpasına Stalinqrad döyüşündən sonra yox, Berlin fəth olunub, faşistlər kapitulyasiya aktına imza atandan sonra başlandı. Ermənistanla sülh müqaviləsi bağlanıbmı?

Müharibə bitməmiş düşmənin beş addımlığında modern şəhər salmaq vədi Xruşşovun "yaxın gələcəkdə adamların kommunizmdə yaşayacağı” vədinə bənzəmirmi? Necə oldu o kommunizm?

Yuxarıda ikili duyğudan danışdım. Xoş emosiyalar dolu eyforiyadan sonrakı nigarançılıq hissidir bu. Odur ki, qınamayın məni, icazənizlə ürək dolusu bayram şadyanalığımı Xankəndinin azad olunacağı günə saxlayım.

Amma yeni şəhərimizə mən də sevinirəm. Özü də hamıdan çox…

Vahid Qazi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->