Xəbər lenti

Aleksandr Gertsen: Məğlubluq anının qalibi”
Məmməd SÜLEYMANOV
Sənət 12:17 21.01.2020

Aleksandr Gertsen: Məğlubluq anının qalibi”

 
Məmməd Süleymanov

Qeyri-marksist Aleksandr Gertsenin həm şəxsiyyətinin, həm də qələminin özünü marksist sayan mənim üçün necə böyük anlam daşıdığını qısa kəlmələrlə ifadə etməyə acizəm. Onun Marksla soyuq münasibətləri isə təkcə ideoloji bazisə yox, həm də şəxsi müstəvidə qarşılıqlı antipatiyaya söykənirdi. 

Məşhur marksist Mixail Lifşits həmin münasibətlər haqqında sərrast yazıb: "Tarixi şəxsiyyətlər arasında qanunun maddəsi ilə həll etməyin mümkünsuz olduğu obyektiv ziddiyyətlər ola bilir. Bu, məhkəmə deyil, faciədir”.

Və yenə də Lifşitsin ifadəsi: "Gertsen marksizmi qəbul etmədi, ancaq marksizm Gertseni qəbul etdi və anladı. Gertsenin xatirəsini liberal bayağılıqdan və abstrakt sxemlərdən qorumaq üçün Lenin səsini ucaltdı..."

Lifşits Leninin adını çəkəndə sonuncunun 1912-ci ildə, Gertsenin anadan olmasının yüz illiyi ilə bağlı qələmə aldığı "Gertsenin xatirəsinə” məqaləsini nəzərdə tutur. Həmin məqalə bu cümlələrlə başlayır: "Gertsenin yüz illiyini bütün liberal Rusiya qeyd edir və inqilabçı Gertsenin liberal Gertsendən nə ilə fərqləndiyini qayğıkeşliklə gizlətməyə çalışır. Sağ mətbuat da qeyd edir və bizi əmin etməyə çalışır ki, ömrünün sonunda Gertsen inqilabdan imtina edib. Əcnəbi liberal və xalqçı mətbuatı isə ibarələr başına alıb...”

Halbuki, uşaqlıq illərimizdən Gertsenin çox sadələşdirilmiş bir obrazı da var: Dekabristlər Gertseni, o isə öz "Kolokol”u ilə "Narodnaya Volya”nı oyadır. Sonrası aydındır – Plexanov oyanır, Lenini oyadır, o da İnqilab edir. Vəssalam. Sadə imiş.

Ancaq marksizmə və Marksa olan ziddiyətli münasibəti heç vaxt marksistlərə inqilabçı və qüdrətli qələm sahibi Gertsenin dəyərini görməzlikdən gəlməyə mane olmayıb. Leninin məqaləsi buna çox kiçik bir sübutdur.

Onlar dünyadan da eyni gündə getdilər. Yanvarın 21-i həm Gertsenin, həm də Leninin vəfat etdiyi gündür. Odur ki, bu yazıda Gertsenin nə siyasi, nə bədii irsinə toxunacam, bu qeydlər onun ömrünün son ayları haqqındadır.

***

Aleksandr Gertsen 1870-ci il, yanvarın 21-i səhər saat 2.30-da 58 yaşında Parisdə vəfat edir. Bu ölüm gözlənilməz idi, ancaq son illərin toplanmış yorğunluq və peşmanlıqlarının zəiflətdiyi oqanizmin adicə soyuqlama ilə bacara bilməyəcəyini retrospektiv baxışda məntiqi saymaq da olar. Peşmanlıqlar isə qar topası kimi çoxalırdı.

1869-cu ildə Avropada siyasi mübarizəni və inqilab işini şantaj relslerinə qoyan Neçayev peyda olanda, öz tərəfinə Bakunini də, Oqaryovu da, hətta Gertsenin qızı Tatanı da çəkməyi bacaranda, Baxmetyevin fondundakı pullara göz dikəndə, hətta banal sənəd oğurluğu ilə məşğul olanda Gertsen üçün bu, böyük sarsıntı idi. O, Neçayevi tanmağı bacarmışdı, ətrafı, ən yaxın dostları isə - yox. 

Sonra tələbə İvanovun qətli, Neçayevin tutulub Rusiyaya təhvil verilməsi, səs-küylü məhkəmə prosesi, rus ictimaiyyətinin nəzərində inqilabçılığın ləkələnməsi baş verəcəkdi. Bakunin də, Oqaryov da peşman olacaqdı – ancaq artıq gecdi. 

Onillər boyu qələmi və maliyyəsi ilə İnqilabı təbliğ edən Gertsenin sonunda həmin inqilabçıların Neçayev cildində zühur etməsini (üstəlik, uğur qazanması, köhnə inqilabçıları toruna sala bilməsi) görməsi faciə idi. İlk növbədə, şəxsi faciə.

Ancaq o, müəyyən dərəcədə (məhz müəyyən) buna da hazır idi. O hadisələr onun ömrünün son aylarındakı qeyd dəftərlərində də öz kölgəsini qoyub.

1869-cu ilin 2 dekabrında o, gündəliyində acı etirfını qeyd edir: "Heç nə qurmadıq, tərbiyə edə bilmədik. Nəticələr bağışlanmazdır - ətrafdakıların nihilizmi”.

Bu fikir onu rahat qoymur: "Ümidlər puç oldu”. 4 dekabrda isə oğluna söyləyir: "Heç nəyi gözləmirəm, heç kimə inanmıram. Heç həyatımın davamının uzun olmasını da xüsusi olaraq istəmirəm. Etmək istədiyim, mənim sevgimə müvafiq gələn xeyirxahlığı bacarmıram və edə bilmirəm. Biz öz işimizi gördük, sizlər daha xoşbəxt olun”.

Bu kəlmələr onun oğluna vəsiyyəti kimi səslənir. Çox şəxsi olan "Digər sahildə” kitabında isə Gertsen yazır: "Biz qurmuruq, - dağıdırıq, yeni kəşflər etmirik – köhnə yalanları aradan götürürük. Müasir insan sadəcə körpü salır…”

Bu da onun gündəliyindəki son qeydlərdən biri: "Yalnız güclülər günahlarını etiraf edir. Yalnız güclülər təvazökar və bağışlayandır... və yalnız güclü insan gülür, çox vaxt gülüş – göz yaşıdır”.

***

Dekabrın 18-də o, sonuncu səfərinə çıxır - Cenevrədən Parisə gəlir. Fəlakətin baş verəcəyini heç kəs gözləmirdi. Gertsen hər gün yazır, köhnə dostlarını (o cümlədən, Turgenevi) qəbul edir, xatirələrə dalırlar.

Yanvarın 12-sində Parisdə nümayişlərdir. III Napoleonun qohumlarından biri tərəfindən qətlə yetirilən müxalifətçi jurnalist Viktor Le Nuarın dəfn mərasimi böyük etiraz və toqquşmalara səbəb olur. Etirazların miqyasından heyrətlənən Gertsen Oqaryova yazır: Nə olacaq – bilmirəm, peyğəmbər deyiləm, ancaq burada tarix yeni mərhələsinə qədəm basır”.

Elə də oldu – 1 il sonra Paris Kommunası baş verdi.

Yanvarın 14-də Gertsen mühazirə oxuyur – zalda istidir və ehtimal ki, qayıdanda soyuqlayır. Bir gün sonra ona baş çəkməyə gələn Turgenyevi artıq yataqda qarşılayır. Gecə hərarəti yüksəlib, böyründə ağrılar var və dərhal dünya şöhrətli həkim Şarkonu çağırıblar.

Məşhur həkim Şarkonun proqnozu nikbindir. Ancaq Gertsen bu nikbinliyi bölüşmür. Yanvarın 16-da o, kağız parçasında yazır: "Deyəsən, Şarko məni birdəfəlik yatağa bağlamaqda israrlıdır. Darıxdırıcıdır, axmaqlıqdır. Bu gün nisbətən yaxşıyam. Sonra isə əlvida”.

Şarkonun diaqnozu ağciyər iltihabıdır. Evdəkilər də (qızları Tata və Liza) hər şeyin ötüb keçəcəyi qənaətindədirlər. Tata 18 yanvarda Oqaryova məktubunda qorxulu bir şeyin olmadığını yazır, axırda isə Gertsen öz əlavəsini edir: "Gülməlidir, vəssalam. 2 gündən əsas hadisə baş verəcək. Əlvida”. Bu, onun əli ilə yazılan son cümlələr olur. Bu da onun sonuncu öncəgörməsi.

2 gün sonra – yanvarın 20-də Gertsen əvvəlcə özünü gümrah hiss edir, yatağından qalxır, yuyunur, günorta isə huşunu itirir. Bir də özünə gəlmir. Yanvarın 20-dən 21-nə keçən gecə vəfat edir. Həmin vaxt Rusiyada Milad bayramını qeyd edirdilər.

Gertsen yanvarın 23-də müvəqqəti olaraq "Per Laşez”də (divarları önündə 1 il sonra kommunarların güllələnəcəyi məzarlıqda) dəfn olunur, sonralar isə məzarı Nitsaya köçürülür. Dəfndə 500-ə yaxın adam iştirak edir. Fransız deputat P.Malyardi məzara çiçəklər qoyarkən lakonik söyləyir: "19-cu əsrin Volteri”.

***

"Məğlubluq anının qalibi” – bəzən Gertsen haqqında deyirlər. O, bütün "Ssillanı və Xaribdanı” keçən, özü kimi, azad və müstəqil qalmağı bacaran tənha adam idi. Həm də milyonlara yol göstərməyi bacaran, öz "zəng”i ilə ictimai fikri oyadan Tək adam...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->