100 il ömür sürən məşhur yapon kinorejissoru Kaneto Sindo 45 film çəkir və 150-dən çoxdan filmə ssenari yazır. Onların sırasında 1960-cı ildə çəkdiyi "Çılpaq ada” nın (ən sevdiyim filmlərdən biridir) əlahiddə yeri var.
Susuz adada məhsul becərib özlərindən çox sahibkar üçün tər tökən yoxsul, ancaq mehriban ailənin faciəsi bu lal filmin süjet xəttidir. "Çılpaq ada” çəkildiyi ildə Moskva kinofestivalında nümayiş olunaraq əsas mükafatı qazamaqla yanaşı, həm də iflasın yarım addımlığında dayanan rejissora öz studiyasını xilas etmək şansı verir.
Baxın bu filmə - o,hər birimizin həyatının mahiyyəti haqqındadır. Və filmdə bircə dənə də Sözün olmaması (riqqətə gətirən musiqi ilə bərabər) rejissorun təntənəsidir, seyrçinin düşüncəsi üçün isə yanacaqdır. "Sözlər bir-birimizi anlamağa yalnız mane olur” - Sent-Ekzüperi dahiyanə "Balaca Şahzadə”sində yazırdı.
...Çılpaq adada icarəyə götürülmüş balaca sahəni əkib becərən ailə. Məşəqqətlə dolu həyat. Su yoxdur, onu daşımaq üçün nə qədər yol qət edilməlidir. Məhsulun cüzi hissəsi ailəyə çatır - qalanı sahibkar üçündür. Ancaq ailə xoşbəxtdir - iki oğlan övladı böyüyür, onların gələcəyi valideynlərin qızındığı isti ocaqdır.
İstismar və məhrumiyyətlər bu insanların bağlılığından, ünsiyyətdən doğan səadətin üstündən xətt çəkə bilməz. O vaxtadək ki, böyük övlad xəstələnir və ölür...
Dərd, sonsuz dərd. Ancaq mövcudluq davam etməlidir. Yenə də dünyanın uzaq küncündən su daşımaq, tarlanı suvarmaq lazım. Övladının ölümünü ağlayan ananın üstünə qışqıran ata - işləmək lazımdır. Hər şey dəyişib - pisliyə doğru. İtkinin sonsuz dərdi unudulmalı, bir tikə çörək uğrunda gündəlik savaş davam etməlidir.
Bu deyilmi bəşərin mövcudluq şəraiti? Olanları itirdiyimizdə belə dəli dünyanın ictimai (və iqtisadi!) mənfurluqları bizə dərdimizlə baş-başa qalmaq imkanında imtina edir. Və hər an, hər yerdə, hamı üçün belədir. İtkilər salamat qalanlara kədərlərini yaşamağa belə şans vermir. Mövcudluq davam etməlidir. Bu mövcudluq həyata nə qədər bənzəməsə belə.
İllüziyalardan məhrum ömrün çılpaq gerçəkliyi...
***
"Lənətə gəlmiş müharibə. Atom bombası. Dəlilər” - Xirosimada oğlunu və gəlinini itirən, nəvəsi uşaq evində böyüyən, özünün isə sifəti yanan, gözləri kor olan və dilənçiliklə dolanan İvakiçi-san intiharı öncəsi, göz yaşları içində, ürək dağlayan hayqırtısıyla söyləyir.
Başqa bir epizodda şüa xəstəliyindən can verən, bombanın atasını və anasını əlindən aldığı, özü isə uşaq bağçasında salamat qalmış 3 körpədən biri olan qızcığaz onun görüşünə gələn keçmiş tərbiyəçisindən xoşbəxt vaxtların mahnısını oxumasını xahiş edir: "Ağlama, ana. Get yat. Atam dönəcək sabah. Qırmızı gəmidə”. Və o qızcığaz "Dünyada sülh üçün dualar edirəm” deyir. Əgər arzular Yerdə eşidilsəydi, onları səmaya tuşlamağa nə ehtiyac qalardı ki?..
Və bu 2 epizod təkcə yapon kinosunun yox, həm də dünya kinematoqrafının klassiklərindən olan Kaneto Sindonun "Xirosimanın uşaqları” filmindəndir. Həmin bəşəri cinayətə həsr olunmuş ilk yapon filmindən.
Sindo filmi 1951-ci ildə çəkib. O vaxta qədər (yəni, Yaponiya ABŞ-ın işğal zonası olan müddətdə) Xirosima və Naqasaki dəhşətlərindən yaponlar nəinki film çəkə, heç bu mövzunu ictimai müzakirəyə də çıxara bilməzdilər. İlk addımı 40 yaşlı Kaneto Sindo atır. Həm də ona görə ki, müstəqil rejissordu, Yaponiya kinosunu monopoliyaya almış 5 nəhəng kinostudiyadan heç birinə işləmirdi.
***
20-ci əsrdə atom bombası 2 dəfə dinc əhaliyə qarşı istifadə edilir. İstifadə edən dövlətin adı heç də "şər imperiyası” SSRİ deyil. O dövlətin adı "demokratiyanın qarantı” ABŞ-dır.
Xirosima rejissorun doğma şəhəri idi - 1912-ci ilin aprelində o, burada dünyaya göz açmışdı. Üstəlik, atom dəhşəti onun da taleyindən yan keçməmişdi - bombardman zamanı orduda olan Sindonun Xirosimada hər iki valideyni həlak olmuşdu.
"Xirosima mənə əziz yerdir, elə bu səbəbdəndir ki, mənim yaradıcılığımda insanların taleyindəki faciələr əsas mövzudur” - sonralar müsahibələrinin birində rejissor deyəcəkdi. Kino fəaliyyətinə ssenrist kimi başlayır, müharibədən sonra Xirosima dəhşətləri haqda film çəkmək istəyinin qarşısına sədd çəkilir - bu mövzu tabu idi. Kaneto Sindonun etirazları 1949-cu ildə kinostudiyadan qovulması ilə nəticələnir. Həmin illərin Yaponiyasında 5 iri studiya arasında yazılmamış saziş qüvvədə idi - studiyalardan biri öz əməkdaşını işdən qovarsa, digər 4-ü də onu yaxına buraxmırdı. Beləliklə, Sindo işsiz qalır. 1951-ci ildə isə çıxış yolunu öz müstəqil studiyasını yaratmaqda görür və elə həmin ildə şəxsi vəsaiti hesabına ilk filmini ("Sevimli qadınım haqda povest”) çəkir.
"Xirosimanın uşaqları” Kaneto Sindonun dünya kinosuna vizit kartıdır. Ssenarini də özü yazan rejissor bunun üçün bombardmandan sağ çıxmış məktəblilərin sinif inşalarından yararlanır. Filmin ilk nümayişi Xirosima faciəsinin ildönümündə - 1952-ci ilin 6 avqustunda baş tutur və böyük rezonans doğurur. Sonra film Kann festivalına yollanır, "Qızıl palma budağı”nı qazanır, Jorj Sadul və Bertran Rassel filmə yüksək qiymət verirlər. 40 yaşlı rejissor öz siyasi-hərbi dramı ilə məşhurlaşır.
Sindo 99 yaşında son filmini ("Açıqcalar”) çəkir. 100 yaşını qeyd edəndən 1 ay sonra - 2012-ci ilin mayında Kaneto Sindo öz evində, yuxuda vəfat edir. Bəzən onu dünya kinosunun ən uzunömürlü rejissoru kimi təqdim edirlər. Ancaq bu, yanlışdır. Portuqal rejissoru, çox bəyəndiyim "Uşaqlığımın şəhəri Portu”nun müəllifi Manuil di Oliveyra 107 il yaşadı var və nə qədər gözlənilməz səslənsə də, rına qədər film çəkdi.
***
"Xirosimanın uşaqları” atom dəhşətindən qurtulmuş azyaşlıların sonrakı məşəqqətli taleyi barədədir. Bütöv bir nəslin məhvinə və dərdinə haqq qazandıra biləcək hansı zərurət, "hərbi doktrina” mövcud ola bilər axı! Bu şəhərdə müharibəni gözləyirlər, ancaq o, yenə də gözlənilməz gəlir (Berqmanın "Xəcalət”indəki sayaq). Həm də ən ağlasığmaz formada və miqyasda.
Dinc şəhər saniyələr içində yer üzündən silinir. Daş pillələrdə oturub istirahət edən insandan yüksək hərarətin təsirindən yalnız bu pillələrə hopan və silinməyən iz qalır. "O, əriyib. Ancaq düşüncələri qalıb” - filmin baş qəhrəmanı deyir. Elə ümid də o düşüncələrədir. Çox zəif təskinlikdir.
Hadisələr gənc müəllimə Takakonun baxış bucağından təsvir olunur. O, Xirosimada valideynlərini və bacısını itirib, adada uşaq evində çalışır və bombardmandan 6 il sonra doğulduğu şəhərə baş çəkir.
Şəhərdə onun yeganə rəfiqəsi yaşayır - şüaların təsirindən heç vaxt övladı olmayacaq. Vaxtilə evlərində köməkçi işləmiş İvakiçi-san dilənçilik edir və Takakonu tanıyanda xəcalətindən qaçıb getmək istəyir. Vaxtilə çalışdığı uşaq evindən yalnız 3 körpə xilas olub və Takako onları axtarıb tapır. Uşaqlardan biri küçədə ayaqqabı təmizləyir və onu işindən "Tez gəl, atan ölür” deyə çağıran yaşıdı ayırır. Uşaq radiasiyanın fəsadlarından can verən atasının son anlarında yanında dayanıb hönkürəndən sonra ona tapşırılan işi görmək üçün yollanır. Bu viranlıqda uşağın öz dərdi ilə baş-başa qalmasına da şərait yoxdur. Mövcudluq davam edir.
İkinci şagird - xəstə qızcığaz keçmiş müəlliməsinin gözləri qarşısında şüa xəstəliyindən keçinir. "Ölüm ona görə yaxşıdır ki, atamla və anamla görüşəcəm” deyir.
Sonuncu şagird - 12 yaşlı oğlan nisbətən bəxtlidir. O da hər iki valideynini itirib, ancaq tənha deyil, 2 qardaşı və bacısı var. Takakonun gəldiyi gün onun 6 avqustda şikəst qalmış bacısı ərə gedir. Toyu 5 ildi təxirə salmışdılar, çünki gələcək ərin ailə qurmaq üçün heç bir şəraiti yoxdu.
"Yaşamaq o qədər də pis deyil. Salmatıq, güvənə biləcəyin adamlar var” - oğlanın böyük qardaşı öz fikirlərini bölüşür. Takako isə filmin sonunda nəvəsini gözündən qırağa buraxmaq istəməyən, onu həyatının yeganə məqsədi sayan İvakiçi-sanı razı sala bilir: nəvəsi Takako ilə birgə yaşamaq üçün adaya yollanır. Baba isə intihar edir.
Sanki filmin finalı ümidə yer saxlayır. Ancaq... Gəmiyə minməzdən əvvəl rəfiqəsi ilə sağollaşan Takako təyyarə səsi eşidir. Hər ikisi qorxu dolu gözlərlə səmaya baxırlar. Onlar əmin deyillər ki, yenidən şəhərə atom bombası atılmayacaq. Dəhşət təkrarlana bilər. İvakiçi-san haqlıdır: "Dəlilər...”
Dünya dəli olub. Çünki, dəlilərin idarəçiliyinə keçib...
Şərhlər