Xəbər lenti

Pislər azad olanda...
Məmməd SÜLEYMANOV
Dünya 12:58 31.08.2020

Pislər azad olanda...

1794-cü ilin 27 iyulunda Böyük Fransa İnqilabı bitdi. Onun tabutuna son mismar Konventin iclasında çalındı. Robespyer və tərəfdarları həbs olundu.

Düzdür, xalq bir neçə saat sonra onları azad etdi, ancaq həlledici məqamda Robespyerin qətiyyətsizliyi təkrar həbslə nəticələndi və artıq sabahısı gün inqilabın rəhbərləri gilyotinada "qısaldıldılar”. Sonunda monarxiyanın bərpasına aparan qaranlıq illər başladı. Əksinqilabın təntənəsini qəfil tezləşdirən şəxs isə Kollo d’Erbua oldu.

27 iyulda Konventin iclasına məhz o, sədrlik edirdi. Termidorçular əvvəldən sözləşmişdilər: heç bir halda Robespyerə və Sen-Jüstə söz verək olmaz. Sədr bu işin öhdəsindən fərasətlə gəldi. Robespyerin ona xitabən söylədiyi "Qatillərin sədri, mənə söz ver!” tələbi havadan asılı qaldı.

Kollo d’Erbua isə artıq xeyli vaxtdı "Lion qəssabı” adı ilə məşhurdu. Səbəb onun Lionda etiraza qalxan xalqa qarşı əlahiddə qəddarlıq göstərməsində idi. Məşhur Fuşe ilə birlikdə.

Paris zərgərinin oğlunun nə vaxtsa İnqilab dalğasında bu qədər yüksəyə dırmaşacağını gözləmək heç kəsin ağlına gəlməzdi. Ancaq Kamyu haqlıdır: "Azadlıq gələndə təkcə yaxşılar yox, həm də pislər azad olur. İkincilər daha çox”.

Əgər Bastiliya alınmasaydı, Kollo d’Erbua sıradan aktyor olaraq qalacaqdı. İnqilab isə bir çox demaqoqlar və buqələmunlar kimi onun da qarşısında geniş imkanlar açdı. Aktyor əvvəlcə özünü mahir natiq kimi göstərdi. Sonra isə hakimiyyətin Olimpinə aparan yolu sürətlə qət etdi. Elə sürətlə də enmək üçün

İnqilabın bitməsi ilə Kollo d’Erbua da bitdi. Bir neçə ay sonra Direktoriya onu "Fransanın cəlladı” elan edərək ən dəhşətli səfərə - Qayanadakı Şeytan adasına, geriyə dönüşü olmayan türməyə göndərdi. Cəllad orada zəncilərin ağlara qarşı üsyanını qaldırmağa uğursuz cəhd göstərdi. Ömrünü elə Cənubi Amerikada da başa vurdu - Robespyerin, Sent-Jüstün, Kutonun, Lebanın, Anrionun edamından 10 ay sonra - 1795-ci ilin iyununda sarı qızdırmadan 46 yaşında öldü.

Ona ən çirkli işi gördürənlərə lazımsızlaşan kimi özü də müttəhimə çevrildi və dünənə qədər qarşısında yaltaqlanan hər kəsin icazəli təhqir və hədyan hədəfinə çevrildi...

***

Termidor ərəfəsində Kollo d’Erbua şöhrətinin zirvəsində idi. Bəs necə, axı ona qarşı sui-qəsd olmuşdu! Konventin o məşum iclasından cəmisi 40 gün əvvəl 50 yaşlı Anri Admira onu öldürmək istəmişdi.

Tüfeyli Admira əslində hədəf olaraq Robespyeri götürür və onun evinə gələrək görüş istəyir. Ancaq onu içəri buraxmırlar.

Peşiman Admira bütün günü Parisdə veyllənir və axşam yenidən Robespyerin yaşadığı evə dönür. Evin qarşısında Kollo d’Erbua ilə rastlaşır (o, Robespyerin qonşusu idi) və tapançadan iki dəfə atəş edir. Birinci dəfədə güllə açılmır, ikincidə isə yan keçir. Və Admiranı həbs edirlər.

Məhkəmədə bəlli olur ki, Admiranın daha 53 "cinayət ortağı” varmış, özü isə "xarici ölkələrin casusu”dur. Admira and-aman edir: o, bu 53 nəfərin heç birini tanımır, qətl planını isə tək hazırlayıb. Beləliklə, bir yaramazın motivsiz terror cəhdi onlarla günahsızı mühakimə və edam etmək üçün bəhanə olur. Dünənə qədər bir-birinin mövcudluğundan belə xəbərsiz olan insanlardan İnqilabi Tribunalın ittihamçısı Fukye-Tenvil şərəfsizcəsinə "Admiranın bandası”nı düzüb-qoşur.

Yazılanlara görə, Admira məhkəmədə Fukye-Tenvilə deyir: "Siz dəli olmusuz, yoxsa bu adamları mənimlə ortaq olmaqda ittiham etməzdiz!”

Bütün müttəhimlər barədə ölüm hökmü çıxarılanda isə Admira qışqırır: "Mən nə qədər xeyirxah insanın məhvinə səbəb oldum!”

İyunun 17-də onların hamısı gilyotinada edam edilir. Admiranı sonuncu olaraq gilyotinaya uzadırlar - heç bir günahı olmayan və onun avatürasının qurbanına çevrildilən 53 nəfərin edamına baxmağa məcbur edirlər.

Termidora isə 40 gün qalırdı. Və təkcə Termidora yox, həm də ittihamçı Fukye-Tenvilin karyerasının dramatik qürubuna...

***

Əllərini 53 günahsızın qanına bulayan Fukye-Tenvil iri torpaq sahibkarının oğlu idi. İnqilabdan əvvəl monarxiyaya sədəqət kimi qiymətləndirilən ifrat yaltaqlıqla xidmət edirdi. O, kral prokuroru idi.

Bastiliyanın süqutu bu karyerist monarxiya aşiqini respublikaçıya və İnqilabi Tribunalın ittihamçısına çevirir. Robespyer və silahdaşlarının tələm-tələsik edam olunması qərarı da ona məxsusdu. Belə ki, həbs olunanlar məhkəmə qarşısına çıxarılmalıydı, bu isə xalq arasında mövqeləri güclü olan robespyerçilərin qələbəsi, termidorçuların məğlubiyyəti ilə bitə bilərdi. İstənilən halda, dərhal edam etmək problemləri çözmək deməkdi.

Belə olan halda ittihamçı Fukye-Tenvil tamamilə qanunsuz qərar verir: Robespyeri və tərəfdarlarını qanundan kənar elan edir. Madam ki, onlar qanundan kənardırlar, heç bir məhkəməyə ehtiyac yoxdur və hökm icra olunmalıdır.

Ancaq Fukye-Tenvili ağlasığmaz zərbə gözləyirdi. Robespyerçilərin edamından cəmisi 4 gün sonra İnqilabın daha bir cəlladı - Freron Konventdə çıxışında İnqilabi Tribunalın bütün üzvlərinin həbsini tələb edir. Səbəb kimi də onların robespyerçi olduğunu söyləyir.

Tarixin ironiyası. Yaxud "Mavr getməlidir”. Fukye-Tenvil özünə o qədər arxayındı ki, könüllü təslim olur. Bu ki ifrat məntiqsizdikdir - Robespyeri qanundan kənar elan edən və ölümə yollayan şəxsi robespyerçi olmaqda ittiham etmək!

Ancaq yeni vakxanaliyada məntiq də edam olunmuşdu. Fukye-Tenvili edama məhkum edirlər. Onu gilyotinaya aparan arabanın ardınca qaçan kütlə dünənin hökmranını ələ salır, təhqir edir, lənətləyirdi. Solğun bənizli Fukye-Tenvil də susmur, kütləyə qışqırır: "Gedin çörək dalınca, qırışmallar!”

Onun edamı Parisdə aclığın tüğyan etdiyi vaxta düşür. Termidorçuların iqtisadi siyasəti tezliklə aclığa və sankülotların üsyanına səbəb olur.

Cəllad isə kütlənin istəyini nəzərə alaraq, Fukye-Tenvilin kəsilmiş başını səbətdən qaldıraraq dörd tərəfə nümayiş etdirir...

***

Kollo d’Erbua. "Admiranın bandası”. Fukye-Tenvil... Müasirlik elə buymuş... 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->