Məşhur amerikalı müğənni Britni Spirs keçmiş həyat yoldaşı Kevin Federlaynı yeni çıxmış memuarında onu alçaltmaqda və təqib etməkdə günahlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" nəşri məlumat yayıb.
Federlayn kitabında iddia edib ki, Britni Spirs tez-tez uşaqlarının yataq otağına əlində bıçaqla daxil olurmuş və bu, onu çox qorxudub. Onun sözlərinə görə, illər keçdikcə vəziyyət daha da pisləşib və müğənninin qəyyumluqdan azad edilməsi düzgün qərar olmayıb.
Britni Spirs bu sözləri "X” (əvvəlki "Twitter”) sosial şəbəkəsində təkzib edərək yazıb ki, keçmiş ərinin "davamlı manipulyasiyası” ("gaslighting”) onu "son dərəcə ağrılı və tükəndirici” vəziyyətə salıb.
"Yeganə istəyim oğullarım ilə sakit bir həyat yaşamaq idi. Onların mənim həyatımın bir hissəsi olmalarını arzulayırdım. Təəssüf ki, onlar atalarının mənə qarşı hörmətsizlik mühitində böyüdülər. Oğullarımdan biri məni son beş ildə cəmi 45 dəqiqə, digəri isə cəmi dörd dəfə görüb”, deyə sənətçi bildirib.
Müğənni qeyd edib ki, bu vəziyyətdə yeganə zərərçəkən şəxs məhz odur:
"Əgər məni tanıyırsınızsa, mənim haqqımda səslənən ruhi pozğunluq və ya alkoqol asılılığı kimi şayiələrə inanmazsınız. Mən kifayət qədər ağıllı qadınam və son illər sadəcə sakit şəxsi həyat sürməyə çalışmışam. Bunu deməyimin səbəbi budur ki, artıq bəsdir – istənilən güclü qadın mənim kimi davranardı”.
Britni Spirs üç dəfə ailə qurub. 2004-cü ildə o, jurnalist Ceyson Aleksandr ilə evlənib, lakin bu nikah cəmi 55 saat davam edib. Elə həmin il o, rəqqas Kevin Federlayn ilə ailə həyatı qurub, lakin 2007-ci ildə cütlük boşanıb. Onların iki oğlu var: 19 yaşlı Şon Preston və 18 yaşlı Ceyden Ceyms.
2022-ci ilin iyununda Britni Spirs fitnes məşqçisi Sem Asgeri ilə evlənib. Eyni ilin aprelində müğənni hamilə olduğunu açıqlasa da, bir ay sonra uşağını itirdiyini bildirib. 2023-cü ilin avqustunda cütlüyün ayrıldığı, 2024-cü ildə isə rəsmi şəkildə boşandıqları təsdiqlənib.
Aydın
Şərhlər