Rahid Ulusel,
Azərbaycan Milli Elmlər Akademiyası,
Fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü
Görkəmli elm xadimi Yaşar Qarayevin 90 illiyinə
Ötən yüzilliyin son yarısı estetik-tənqidi fikrimiz üçün həm də belə bir cəhəti ilə əlamətdardır: bu fikrin yüksəldiyi ən müasir, peşəkar elmi yetkinlik, topladığı tarixi təcrübə ona imkan verdi ki, milli ədəbiyyatın o təcrübəsini daha vüsətli və çevrəli nəzəri ümumiləşdirmələrlə, daha sistemli, vahid və bütöv bədii, fəlsəfi, ictimai kontekstdə öyrənsin. Elmi prinsiplərin mübarizələrdə saflaşıb büllurlaşdığı, tənqidi mübahisələrdən nəzəri yekunlar, qənaətlər mərhələsinə keçidin baş verdiyi və sabitləşdiyi bu dövrdə bütünlükdə tənqiddə həm ayrı-ayrı klassiklərin, həm də klassik bədii mərhələlərin, ədəbi metod, təmayül və cərəyanların canlı, dinamik, monoqrafik portretini göz önünə gətirən əsərlər meydana çıxdı. Bu sahədəki tədqiqlərin orijinal istiqamətinin yaradıcısı – çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktoru və əsas müəlliflərindən biri, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yaşar Qarayev idi...
Yaşar Qarayevin ilk və son kitablarına nəzər salanda tədqiqatçının özünün də dünyagörüşünün təkamülünü izləmək mümkündür. Əvvələn, bu dünyagörüşü Azərbaycan mütəfəkkirlərinin (xüsusilə Mirzə Fətəli Axundzadənin və Mirzə Cəlilin), eləcə də ədəbi tənqid və nəzəriyyəmizin təcrübəsi və onu yaxın dövrdə təmsil edən alimlərimizin – Məmməd Arifin, Məmməd Cəfərin, Cəfər Cəfərovun irsi zəminində formalaşıb. Heç təsadüfi deyil ki, Yaşar Qarayev o mütəfəkkirlərin ən yaxşı tədqiqatçılarından sayılır və özünəqədərki tənqidçi nəslinin bu üç nümayəndəsi (onların həm üslubu, həm şəxsiyyəti) haqqında da çox qiymətli portret-oçerklər yazmışdır. Sonralar sınaqdan uğurla çıxacaq orijinal, bənzərsiz məntiqi və obrazlı təhlilin təməli hələ "Faciə və qəhrəman”la qoyulur. Problemin özəyinə varan, onu bütün qatları ilə göstərən bir təhlil yolu tənqidçinin yaradıcılığında tədriclə formalaşmışdır. Fundamental tədqiqat metoduna da o, mərhələ-mərhələ yiyələnmişdir. Son fikri dərin, analitik miqyaslı araşdırmalardan sonra bəyan etmək müdrikliyini də o, öz ağsaqqal sələflərindən mənimsəyə bilmişdir.
Yaşar Qarayevin istedadı ictimai-ədəbi fikrimizin inkişafının elə bir çağında yetişdi ki, bu dövrdə (bu öz mahiyyətinə görə XX əsrin əvvəllərinə bənzəyir!) Azərbaycan mədəniyyətinin daha dərindən, hərtərəfli öyrənilməsi prosesində bir mərhələ başlayırdı. Bu, alimin dünyagörüşündə və elmi yaradıcılığında da baş verdi. Tənqidçi milli ədəbiyyatın öyrənilmiş və öyrənilməmiş qatlarının yeni tədqiqinə başladı. Əl vurulmuş, lakin kifayət qədər dərindən araşdırılmamış, yaxud yanlış şərh edilmiş məsələlərin həllinə cəsarətlə, müasir estetikanın, ədəbiyyatşünaslığın yüksək nailiyyətləri baxımından yanaşdı. O, nəzəriyyə ilə silahlandıqca nəzəriyyəsizliyi, tənqid prinsipiallığını, qələminin publisist kəsərini artırdıqca üzdəngetmənin karagəlməzliyini görür, üslubu zənginləşir, fərdiləşir, dilimizin bütün imkanlarını tənqidi fikrin kəsəri xidmətinə səfərbər edirdi.
Yaşar Qarayev təhlil etdiyi sənət əsərinin bədii hüceyrəsinə, fəlsəfi mahiyyətinə varır, tarixi-müqayisəli, analitik təhlillə daxilində güclü məntiq gizləyən paradoksal təhlilin vəhdətinə nail olduğu üçün (bu vəhdətin misilsiz bəhrəsini Azərbaycan realizminin mərhələlərinə həsr olunmuş tədqiqatlarında görürük) onun gözlənilməz tutuşdurmaları təbii səslənir – bu yol həmişə aforizm timsallı üsluba meyllidir.
Tənqidçi alimin yaradıcılığında güclü pafos, ehtizazlı patetika var, ancaq bu pafosun vətəndaşlıq məğzi, bu patetikanın sənətkarlıq əsası da var! "Tənqid – ədəbiyyata məhəbbətin adıdır” – müəllifin özünün tənqid barədə belə anlayışının – sənətə və sənətkar həqiqətinə güzəştsiz tənqidçi məhəbbətinin əyani təsdiqini onun həm ayrılıqda hər məqaləsində, həm də bütünlükdə tənqidi düşüncəsinin tərzində, üsulunda hiss etməmək mümkün deyil.
Yaşar Qarayev bədii mədəniyyətimizin ən müxtəlif sahələrinə nüfuzu ilə diqqəti cəlb edir. Ancaq aydın məsələdir ki, yaradıcılıqla məşğul olduğu müddətdə onun elmi axtarışlarının başlıca istiqaməti Azərbaycan realizminin tarixini öyrənməyə yönəldilmişdi: bunun barı-bəhrəsi "Realizm: sənət və həqiqət” kimi siqlətli bir monoqrafiya oldu. Bu əsər ədəbi mərhələləri bütün keçidləri, axın və zirvələşmə çağları ilə, bir-biri ilə yanaşı və bir-birinə rəvacvermə xüsusiyyətləri ilə birlikdə, dialektik şəkildə tədqiq etməyin ədəbiyyatşünaslıqda ən qiymətli elmi tendensiyalarından birini əsaslandırmış oldu. Bu əsərdən sonra klassikləri daha yaxşı tanıdıq, bədii metodlarına daha dərindən bələd olduq, bədii fikrimizin ümumi inkişaf ahəngini daha aydınlığı ilə görə və qavraya bildik. Yaşar Qarayev göstərdi ki, indiki dövrdə nəinki sadəcə olaraq klassikləri yeni tərzdə şərh eləmək imkan daxilindədir, hətta klassikaya münasibətdə tamamilə yeni baxışı ifadə edən ədəbi-estetik mövqeyi irəli sürmək mümkündür və o mütləq lazımdır: bunsuz ədəbiyyat da, onun mehvərindəki nəzəriyyə də donuqlaşar və ehkamlaşar.
Yetmişinci illərin ortalarında Yaşar Qarayev xalis milli teatr problemləri ilə daha ardıcıl məşğul olurdu. Ancaq sonralar da bütün yaradıcılığı boyu Azərbaycan dramaturgiyasına verdiyi təhlillər elə dərin əsasa malikdir ki, rejissorlarımız o əsərləri tamaşaya qoyarkən, bu təhlillərsiz keçinə bilməzlər.
Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir, Vurğun kimi poetik və fəlsəfi fikrin böyük dühaları Yaşar Qarayevi gəncliyindən düşündürüb. Onun tədqiqatçı idrakının bənzərsizliyi xüsusən Cavid yaradıcılığının problemlərinə həsr etdiyi əsərlərdə aydınca duyulur, mütəfəkkir sənətkarın romantik poeziyası üzərindəki düşüncələrində fəlsəfi qat qabarıqlaşır.
Müasir Azərbaycan tənqidi fikrinin inkişafı da, öz həmkarları ilə yanaşı, heç şübhəsiz, həm də Yaşar Qarayevin adı ilə bağlıdır. Pənah Xəlilov, Bəkir Nəbiyev, Şamil Salmanov, Akif Hüseynov və digər tənqidçilərimiz arasında o, öz fərdi ədəbi üslubu ilə aydınca seçilir.
Yaşar Qarayev – müasir ədəbi hadisələri proses halında alan, ədəbi inkişafın qanunauyğunluqlarını, perspektivlərini, problem qaynaqlarını müəyyənləşdirməyi bacaran, oxucuya əsərin mahiyyətinin dərki üçün açar verən, qərəzkar subyektivlikdən və səthi-liberal obyektivlikdən tamamilə uzaq olan, tənqid sənətinə oxucuda sevgi, məftunluq yaradan analitikdir.
Yaşar Qarayev miniatür tənqidi araşdırmalarından tutmuş monumental tədqiqatlarınadək bütün təhlillərində ədəbi-estetik fikrin ən sabit, cilalı anlayış və ölçülərini ədəbiyyatın, sənət dünyasının yaşarı, qaynar zəminində yenidən sınaqdan keçirir və onlar təzə, hələ də nəzəri cəlb etməmiş xassələri ilə yenidən üzə çıxırlar. Burada biz, onun zamanın gərginliyi ilə tən gələn tarıma çəkilmiş dil və üslubunun itiliyini, təravətini və gözəlliyini duyuruq!
Görkəmli alimin yaradıcılığı bizim ictimai-mədəni-ədəbi fikrimizdə qırılmaz mənəvi irsiliyi – estafeti ifadə edən nümunədir: o, nəinki bu günlə yaxın keçmişin, həm də gələcəyin – sabahkı ədəbi prosesin arasındakı möhkəm varisliyi təsəvvür etməyə imkan verir.
Professor Yaşar Qarayev son onilliklərdə bütövlükdə Milli Düşüncənin İnkişafını ardıcıl konseptual tutarda izləyə və təhlil edə bilmiş, Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar, Elçin, Aydın Məmmədov, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Yaqub Mahmudov, Kamal Abdulla, Rafael Hüseynov ilə bir sırada müstəqillik dövrü mənəviyyatının yaradıcılarından olmuşdur. Mülayim və təmkinli professor siyasi hadisələrin düyününə girməyib, ancaq onun okeandibi təlatümləri andıran fırtınalı yaradıcılığında milli ruhun təkamülü bütün qabarıqlığı ilə əks olunmuşdur. Yaşar Qarayev Akademiya Hücrəsindən Azərbaycanda gedən proseslərə dəqiq, aydın, sərrast və rasional qiymətlərini vermişdir. Yaşar Qarayevin elmi yaradıcılığının baş "qəhrəmanı” – həyatda və sənətdə Azərbaycan mayasından yoğrulan milli şəxsiyyətdir. İctimai-siyasi münasibətlər içrə Milli Şəxsiyyətin formalaşması, etik-psixoloji yetkinləşməsi, cəmiyyətin üst qatına çıxaraq hakim elitaya çevrilməsi – onun ağrılı və ziddiyyətli təkamülünün mərhələləridir.
Yaşar Qarayev Azərbaycan mədəniyyətinin fundamental şəkildə və universal humanitar əsaslarda araşdırılmasının elmi təməlini qoyanlardan biridir. Alimin tədqiqatlarında Azərbaycan mədəniyyəti özünün orqanik bütövlüyündə götürülür, etnik yaddaş, folklor, dulusçuluq və Şəki lətifəsindən tutmuş tragikomediyalarımızadək (səhnədə və həyatda!) çeşidli mədəniyyət fenomenləri vahid milli ruhun ayrı-ayrı zaman laylarında təcəllası kimi özünün soydoğmalığında və ən ağlasığmaz bağlılığında araşdırılır. Bu tədqiqatlardan Azərbaycan mədəniyyəti canlı bir orqanizm yaşarılığında, doğarılığında və gələcəkliyində göz önünə gəlir. Ötən zamanların və xüsusilə son yüz ilin Azərbaycan mədəniyyətində əks olunan bütün əsas izləri və yapqıları Yaşar Qarayevin poeziya qədər duyarlı elmi tədqiqatlarında sistemli-konseptual təhlilini tapıb. Bundan sonra Azərbaycan mədəniyyətini ayrılıqda və onu bəşər mədəniyyətinin tərkib hissəsi kimi tədqiq etmək istəyən hər hansı araşdırıcı üçün Yaşar Qarayevin əsərləri ən tutarlı mənbələrdəndir. Milli mədəniyyətimizin ruhunu duymaq istəyən hər kəs üçünsə Yaşar Qarayev yaradıcılığı misilsiz örnəkdir.
Yaşar Qarayev üçün daşlaşmış fikir, nəzəriyyə ehkamı yox idi. Onu fikir haqqında fikir də düşündürürdü. Düşünürdü ki, fikir həqiqəti, sənətə münasibət vara bildiyi son həddə qədər cilalansın. Büllurunu sunsun. Düzənlərdə yurd salmayan, dağın dibindən, içindən təpəsinədək torpaq-daş laylarını yara-yara, qıvrıla-qıvrıla yüksəlib oradan, özü də ən xəlvət, ən məhrəm bir nöqtədən sızıban daşarlanan bulaq suyu kimi…
Yaşar Qarayev ömrünün sonunadək tənqidçi olaraq qaldı – ədəbiyyatdan mədəniyyətin bütün budaqlarına təfəkkür enerjisi axıdan, bədii sözü və ideyanı tam harmoniyasında aydınladan, estetik-fəlsəfi düşüncənin Azərbaycan türkcəsində ən dəqiq, dolğun və sərrast ifadəsinin misilsiz sənətkarlığını yaradan, Azərbaycan mənəviyyatını parçalanmaz və bütöv görən və təqdim edən düşünər… Yaşar Qarayevdə fikir-cümlə, ideya-cümlə ehram şəkillidir. Bünövrəsində möhkəm, torpağa dayalı, zirvələndikcə şüşlənən, içəri kaha-labirintləri də ən pünhan hikmət və mənalara uzalı. Fikir – bir neçə qatında, layında, gözlənilməz gedişlərində meydana çıxır. Ancaq bütün gözlənilməzliklərində, paradoksallığında son dərəcə məntiqli, inandırıcı. Sanki min illərin sınağında yoğrulurmuş kimi, zindanında döyülürmüş kimi. İncə və cazibədar. Qanadlı və hədəfdənyayınmaz. Bütün törəmələrində gövdəli. Ulusundan törəsinəcən bütün yolu görürmüş kimi. Elitar türkcənin şedevri. Milli mənəviyyatımızın ərdəm görüntüsü. Daim dönüləcək, üz tutulacaq görkü.
Yaşar Qarayevin çap olunmuş son kitabına – "Min ilin sonu”na daxil edilən əsərləri – "XXI əsr: qlobal sivilizasiya və Şərq dəyərləri”, "Milli "Mən” şüuru və etnik yaddaş – Azərbaycançılıq”, "Ədəbiyyat tarixi milli (etnik) kimlik və mentalitet tarixi kimi”, "Məsləkim tərcümeyi-halımdır”, "Həpimiz bir günəşin zərrəsiyiz”, "İntellektin bədii yaddaşı” elmi, fəlsəfi, bədii, estetik, həm də qlobal siyasi düşüncənin, planetar narahatlığın küll enerjisi ilə ortaya qoyulmuş klassik nümunələrdir. Bu əsərlərində Yaşar Qarayev Azərbaycanın milli kimlik və mentalitet dəyərləri, bütöv (tarixi və çağdaş) mədəniyyət kompleksi ilə dünyada özgür qərar tutmasının fəlsəfi-ideoloji platformasını irəli sürmüşdür.
Alimin "Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər” əsərinin son sözü – "Ədəbiyyat üçüncü minilin astanasında” – ötən tarixlə Yeni Çağ mədəniyyətinin genetik vəhdətini təyin edən strateji baxış və nəzəriyyənin orijinal təsbitidir. Əsrləri və minillikləri qovuşduran onillik dönəmi Yaşar Qarayev bu vəhdətin qaynaq mərhələsi kimi şərh edir: "Son dövrü – 1990-2000-ci illər arasındakı zaman zolağını həm ədəbiyyatda, həm də tənqiddə bugünkü tarixi finala gətirib çıxaran qanunauyğunluq və məntiqdən kənarda hesab etmək olmaz: siyasətdə də, ideologiyada da bilavasitə bugünkü mərhələnin astanası məhz bu dövrün sosial, ictimai və ədəbi hadisələri idi.” Əgər "XXI əsrin dünyasını sintez sivilizasiyası kimi yaratmaqdan söhbət gedirsə”, deməli, bu prosesdə iştirak etməli olan Şərq, eləcə də Azərbaycan da öz klassik dəyərlər panteonu üzərində qurulmalı və yüksəlməyi bacarmalıdır. Bu özül olmadan hər hansı bir mədəniyyət qarşılıqlı təcrübə və rəqabət prosesində asanlıqla çıxdaş ola bilər.
Bütün yüksək elmi nailiyyətlərinə baxmayaraq, görkəmli alimi yalnız dünyadan köçdüyü ildə (2002) Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçmişdilər! Bununla bağlı, Yaşar Qarayevin övladı, hazırda Böyük Britaniyada yaşayan Dr. Lalə Yaşarqızı yazır: "Səksəninci illərin sonunda akademikliyə seçkilər zamanı ona qarşı edilən, sözün həqiqi mənasında, misilsiz haqsızlıq zamanı da susdu... Sonrakı illər heç namizədliyinin irəli sürülməsini də istəmirdi. 1998-ci ildə ona yenidən veriləcək Akademiyaya müxbir üzvlük adından yazılı şəkildə imtina da etmişdi. Yaşar Qarayev üçün xalqının istedadlı oğlu kimi tanınmaq, bir alim kimi vətəninin etimadını qazanmaq ona veriləcək və əslində, keçmiş sovet ölkələri sərhədindən kənarda mövcud olmayan bir addan dəfələrlə üstün idi” (Yaşar Qarayev: yaxından və uzaqdan. Məqalələr, xatirələr. Bakı: Sabah, 2016, s.383).
Ulu Azərbaycan mədəniyyətinin yetirməsi Yaşar Qarayev özünəməxsus əxlaqi siması, həzinliyində təlatümləri eşitdirən nitqi, örnək davranışı ilə saf bir kişi, uca mənəviyyat daşıyıcısı idi! Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna rəhbərlik etmiş Yaşar Qarayevin kabinetindəki masanın üzərində kiçicik bir lövhə vardı: "Vaxt – sərvətdir”. Bu yazı incə bir işarə ilə anladır, eyham vururdu ki, Ədəbiyyat İnstitutu – kargüzarlıqla və ya mətləbdən uzaq söhbətlərlə baş qatılası bir yer deyil, yaradıcı məkandır, elm məbədidir! Onun heyrətamiz dərəcədə həssaslığı, zərifliyi ilə əqidə dönməzliyi arasındakı tarazlığı xarakterindən əsərlərinə, əsərlərindən xarakterinə dalğa-dalğa nüfuz edirdi. Yüksək əqidə sahibliyi və dürüstlüyü ilə, Azərbaycan intellektinə inamı ilə ali məktəbdə imtahan komissiyalarına rəhbərlik edərkən, Alim böyük bir "qazanc da güdürdü”: istedadlı tələbələri elə o vaxtdan "gözaltı” edir, Akademiyaya – Ədəbiyyat İnstitutuna gətirirdi!
Yaşar Qarayev, çoxsaylı yetirmələri arasında mənim də ilk dissertasiyamın təkcə elmi rəhbəri deyil, həm də Ustadımdır! Qürur duyuram ki, o böyük Alimin yetmişinci illərdən ömrünün sonunadək yazdığı bütün kitabları sanki hər hərfinə məna verdiyi kalliqrafik avtoqrafları ilə mənim sərvətimdir! Yaşar Qarayevin parlaq ideyaları mədəniyyətimizin bütün inkişaf mərhələlərini bir-birinə bağlayan və onu gələcəyə bütövlüyündə, yaradıcı enerjisində daşıyan qaynaq kimi hər zaman millətimizin və elmimizin gərəyi olacaq!
Şərhlər