Xəbər lenti

Ali məktəblərdə hazırlıq kursları nə vaxt başlayacaq? (RƏSMİ)
Ölkə 14:53 15.05.2019

Ali məktəblərdə hazırlıq kursları nə vaxt başlayacaq? (RƏSMİ)

İki il əvvəl ali məktəblərdə hazırlıq qruplarının yaradılması məsələsi gündəmə gəlsə də, bu sahədə hələ də müsbət bir nəticə yoxdur. Hazırlıq qrupları nə vaxt yaradılacaq? Qəbul hansı qaydalarla aparılacaq? İndi abituriyentləri, onların valideynlərini daha çox maraqlandıran suallar içərisində bunlar da var.
 
Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı Lent.az-ın sorğusuna Təhsil Nazirliyindən verilən cavabda bu məsələ ilə bağlı hazırlıq işlərinin aparıldığı bildirilib: "Hazırlıq qruplarına qəbul şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası” (3.1-3.3-ci bəndlər) və Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda (5.10-cu bəndi) öz əksini tapıb.

Hazırlıq qruplarına dinləyici qəbulu, qrupların komplektləşdirilməsi, tədrisin təşkili və s. məsələlərlə bağlı hazırlıq işləri aparılır. Bu işlər başa çatdıqdan sonra hazırlıq qruplarına dinləyici qəbuluna başlanılması nəzərdə tutulur”.
 
Mövzu ilə bağlı Lent.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bəzi məqamlara toxundu. 
 
2017-ci ildə "Təhsil haqqında” qanuna 40-a yaxın dəyişikliklər edildiyini qeyd  ekspertin sözlərinə görə, dəyişikliklərdən biri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkil olunması məsələsidir: "Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar”.
 
Ekspert bildirir ki, ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Amma dəyişikliyin üstündən 2 il keçməsinə baxmayaraq bunun müxanizmi, qaydaları tam şəkildə müəyyən olunmayıb. Baxmayaraq ki, qanunun icrası Təhsil Nazirliyinə tapşırılıb, amma nazirlikdən bununla bağlı heç bir məlumat almaq mümkün deyil. Nazirlik belə bir məsələ ilə məşğul olmadıqlarını, onlarda hansısa məlumatın olmadığını bildirirlər. Universitetlərdə hazırlıq qruplarının yaradılmasına 2018-ci tədris ilindən başlanılması nəzərdə tutulsa da, bunun yalnız 2019-cu ildə həyata keçirilməsi planlaşdırılır”.
 
K.Əsədovun dediyinə görə, hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcəyindən, belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var.
 
Onun sözlərinə görə, həmin hazırlıq qrupları özəl və dövlət ali təsil müəssisələrində açılacaq: "Ölkədə fəaliyyət göstərən universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində apardığımız araşdırmalardan sonra məlum oldu ki, heç bir iş aparılmır. Birdən-birə bu prosesin başlanması həm universitetlərin iş rejimini pozacaq, həm də abituriyntlərdə müəyyən çaşqınlıq yaradacaq. Çünki bunun üçün ilk növbədə universitetlərdə baza formalaşdırılmalıdır. Amma bu, hələ də həyata keçirilməyib”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->