"Bu gün bir uşağın 246 manatla dolanması çətindir".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. Vəkil 2025-ci ildə uşaqların yaşayış minimumunun 246 manat təyin olunduğunu bildirib:
"Boşanma zamanı məhkəmələr alimenti iki yolla müəyyən edir. Birincisi, aliment ödəyənin aylıq gəliri, ikincisi isə sabit məbləğ... Uşaqların sayı da önəmlidir. Azərbaycanda yaşayış minimumunun özü reallığa cavab vermir. Məhkəmələr sabit məbləğ təyin edəndə bir qayda olaraq yaşayış minimumunu rəhbər tutur. Bunun özü də sual doğurur. Niyə uşağın yaşayış minimumunu aliment ödəyən valideyn verməlidir? Biz doğrudanda yaşayış minimumuna baxırıqsa, uşaq bu pulla dolanmalıdır".
Əkrəm Həsənov vurğulayıb ki, məhkəmələr çox vaxt uşağı anaya verir:
"Uşaq ananaın himayəsindədirsə, niyə uşağın yaşayış minimumunu kişi təmin etməlidir? Yarı-yarı olmalıdır. 246 manatla uşağın dolanması çətindir. Bu gün uşaq böyükdən də çox xərc tələb edir. Uşaq daha yaxşı qidalanmalıdır. Bir də ki, uşaq tez böyüyür, paltarı bu yaşdan o yaşına əyninə olmur. Biz illərlə eyni paltarı, ayaqqabını geyinə bilərik, amma uşaq yox. Faktiki vəziyyəti hamı başa düşür. Alimentin ödənilməsinə gəlincə, şəxs yalnız imkanı daxilində hər hansı borcunu, öhdəliyini yerinə yetirə bilir. Gərək olsun ki, versin. Pul yoxdursa, yəni adam öz yaşayışını təmin edə bilmirsə neyləməlidir? Düzdür, bir sıra insanların gəliri var, amma qeyri rəsmi. Sübut eləmək olmur ki, sənin pulun var, amma vermirsən. Bu artıq dövlətin günahıdır".
Əkrəm Həsənov qeyd edib ki, bu gün Azərbaycanda alimenti ödəməyən insanlar çoxdur:
"Bəzən qadınlar hay-küy salıb ora-bura şikayət edəndə hətta alimenti ödəməyənləri azadlıqdan da məhrum edirlər. Əvvəlcə onlara inzibati həbs, yəni adətən 10-15 gün həbs verirlər. Əslində isə 30 gün həbs olmalıdır. Sonra yenə ödəməyəndə cinayət işi açırlar. Bəzən də azadlıqdan məhrum edirlər. Hətta bank borcları olanda belə məsuliyyətə cəlb etmirlər. Düzdür, bu hal ümumi bəlkə də 5% deyil, amma bunun özü də qanunsuzdur. Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana dair qərarları var. Düzdür, bu alimentlə deyil, kreditlə bağlıdır. Görünən odur ki, alimentlə bağlı kimsə şikayət etməyib. Subut olunmalıdır ki, bu insanın imkanı var, amma alimenti vermir. Sübut yoxdursa, onu azadlıqdan məhrumetmək olmaz. Bu qanunsuzdur".
Əkrəm Həsən bildirib ki, bu birbaşa Avropa İnsan Haqları üzrə Konvensiyanın pozulmasıdır:
"Heç kəs hər hansı öhdəliyini yerinə yetirə bilmədiyinə görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycanda belə hallar olur. Hesab edirəm ki, bu məsələdə dövlətin heç bir siyasəti yoxdur. Bir ara Ombudsman çox yaxşı bir təklif irəli sürmüşdü ki, aliment fondu yaradılsın. Kim ki, aliment ödəyə bilmirsə oradan verilsin. Uşaq gözləyə bilməz. Dövlət niyə kömək etməsin? Uşaqpulu məsələsi qalxanda dövlət məmurlar kəskin reaksiya verir. Konkret fakt, aliment ödənilməlidir. Aliment ödənmirsə, uşaq ölsün? Bu məsələni dövlət buraxıb başlı-başına. Aliment ödəyə bilməyənlərlə bağlı isə nəsə tədbir görülməlidir. Kimki bilə-bilə alimenti ödəmirsə ona ayıb olsun. Qohumu, tanışı da onları qınaq obyektinə çevirməlidir. Yekə kişisən, uşaq da sənindir, buna alimneti də sən verməlisən".
Bahar Rüstəmli
Şərhlər