Yer səthində adətən daha gənc, çökmə süxurlar üstünlük təşkil edir. Lakin elə bölgələr var ki, orada milyardlarla il yaşı olan, demək olar toxunulmamış süxurlar yer üzündə açıq şəkildə görünür. Son elmi araşdırmalar göstərib ki, planetimizin ən qədim qayalıqları Kanadadakı Hudson körfəzinin sahilində yerləşir.
Qaynarinfo xəbər verir ki, bu nəticələr nüfuzlu "Science" jurnalında dərc edilmiş yeni bir tədqiqatla təsdiqlənib.
Tədqiqatçılar Kvebek vilayətinin şimalında, Hudson körfəzi sahilində yer səthinə çıxan süxurları araşdırıblar. Bu bölgə Nuvvuagittuq yaşılqayalı zolağı kimi tanınır – qədim vulkanik mənşəli geoloji quruluşdur və uzun illərdir geoloqların maraq dairəsindədir. Yeni ölçmələr göstərib ki, bu ərazidəki bəzi süxurların yaşı 4,16 milyard ildir. Bu isə Yer kürəsinin formalaşmasının ən ilkin dövrlərinə işıq salır.
Bu süxurlar Hadey dövründə – planetin isti, ərimiş vəziyyətdən soyumağa başladığı geoloji mərhələdə yaranıb. İndiyədək bu süxurların yaşı ilə bağlı dəqiq razılaşma olmayıb: bəzi tədqiqatlar 4,3 milyard il, bəziləri isə cəmi 3,3–3,8 milyard il olduğunu iddia edirdi.
Alimlər bu qeyri-müəyyənliyə son qoymaq üçün maqmanın yer qabığına daxil olaraq soyuyub bərkidiyi vaxt yaranan intruziya tipli süxurları analiz ediblər.
Geoloqlar süxurların yaşını təyin etmək üçün samarium və neodim elementlərinin radioaktiv dağılması əsasında iki müxtəlif metoddan istifadə ediblər. Hər iki üsul eyni nəticə verib: 4,16 milyard il. Bu isə bu süxurların həqiqətən də Yer tarixinin başlanğıcında formalaşdığını sübut edir.
Tədqiqatın rəhbəri, Ottava Universitetindən Conatan O’Nilin fikrincə, bu nəticə əvvəlki təxminlərlə uyğun gəlir. Belə ki, intruziya süxurları ətrafdakı vulkanik süxurlardan bir qədər sonra – təxminən 4,3 milyard il əvvəl – əmələ gəlmiş ola bilər.
Nuvvuagittuq bölgəsindəki süxurlar əsasən metamorfozlaşmış bazaltdan ibarətdir. Onların kimyəvi tərkibi ilk Yer qabığının formalaşdığı dövr haqqında mühüm məlumatlar verir. Tədqiqatçılar hesab edirlər ki, bu süxurların tərkibinə qədim okean suyundan çökmüş minerallar da daxildir. Bu da öz növbəsində Yer üzündə həyatın yaranma şəraitini öyrənmək üçün yeni imkanlar açır.
Əvvəllər ən qədim süxurlar Kanadanın Şimal-Qərb ərazilərində tapılmış və onların yaşı 4,03 milyard il olaraq qiymətləndirilmişdi. Ondan əvvəl isə ən qədim geoloji tapıntılar kimi Avstraliyadan çıxarılmış 4,4 milyard illik sirkon kristalları göstərilirdi. Lakin onlar yalnız mikroskopik minerallar idi. Qvebekdə isə bütöv süxur massivlərindən söhbət gedir. Bu isə Yer tarixinin ən qədim dövrünə nadir "pəncərə” açır.
Aydın
Şərhlər