Dünya 13:58 03.05.2022

Almaniya və digərlərinin səhv hesablamaları: Müharibə nəyi üzə çıxardı? - Harold Ceymsin şərhi

Harold Ceyms 
Prinston Universitetinin tarix və beynəlxalq əlaqələr üzrə professor, Alman iqtisadiyyatı tarixi və qloballaşma üzrə mütəxəssis

Rusiyanın Ukraynaya hücumu beynəlxalq nizamı pozdu, lakin eyni şeyi inkişaf etmiş ölkələrin reaksiyası üçün də demək olar. Aprelin əvvəlində Atlantik Şurada əlamətdar çıxışında ABŞ-ın maliyyə naziri Janet Yellen Çinin Rusiyanın təcavüzünə mübahisəli reaksiyasını istehsalları dost ölkələrə köçürülməsinə ("friend-shoring”) səbəb kimi göstərdi. İdeya ABŞ, eləcə də onun tərəfdaşları və müttəfiqləri üçün strateji rəqiblərlə ticarət əlaqələrini məhdudlaşdırmaqla kritik istehsal zəncirləri üzərində nəzarəti gücləndirməkdən ibarətdir. 

Yellenin elan etdiyi "friend-shoring” Soyuq müharibə dövründə Qərbin uzunmüddətli ortodoks dünyagörüşü ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Onilliklərdir ki, ABŞ və Avropa liderləri qloballaşma strategiyasını həyata keçirirlər və onların ticarət əlaqələri əvvəllər marginallaşmış və ya düşmənçilik şəraitində olan ölkələrin ticarət və maliyyə əlaqələri vasitəsilə vahid və sabit beynəlxalq nizama gətirilə biləcəyi anlayışı ilə formalaşıb. Almaniyadakı qədər heç bir yerdə iqtisadi artımın kəskin ideoloji və təhlükəsizlik münaqişələrini yumşaltmağa kömək edəcəyinə dair ümidlər yox idi.
 
"Ticarət yolu ilə dəyişiklik” ("Wandel durch Handel”) siyasəti ilə Almaniya uzun müddətdir ki, Rusiya ilə, ondan əvvəl isə SSRİ ilə münasibətlərində "əvvəl ticarət” yanaşmasını mənimsəiyb. Bu yanaşma həmişə Qərb dövlətlərinin sıralarında gərginlik mənbəyi olub. 40 il əvvəl, hələ Ronald Reyqanın prezidentliyindən bəri ABŞ müntəzəm olaraq Rusiya-Almaniya boru kəməri layihələrinin transatlantik təhlükəsizlik məqsədlərinə təsirindən narahatlığını ifadə edir. Bununla belə, təbii ki, Almaniyanın iqtisadi və diplomatik əməkdaşlıq siyasətinin 1980-ci illərin sonunda SSRİ-nin mövqeyini yumşaltdığını və bunun da Soyuq müharibənin başa çatmasına kömək etdiyini istisna etmək olmaz.
 
 


Bundan sonra Böyük Britaniya Çinə münasibətdə qloballaşma strategiyasının tətbiqi nümunəsini göstərməyə başladı. 2015-ci ildə Baş nazir Devid Kemeron hökuməti Çin prezidenti Si Cinpinin qarşısında qırmızı xalça sərdi və Böyük Britaniyanın Çinin "Qərbdəki ən yaxşı tərəfdaşı" olacağı yeni "qızıl dövr"ü elan etdi. Lakin cəmi bir-iki il sonra Britaniya Avropa İttifaqından çıxmaq prosesinə başladı və ABŞ prezidenti Donald Trampın administrasiyası da beynəlxalq nizamı dağıtmağa çalışdı. Nəticədə, Si Cinpinlə əməkdaşlıqda qloballaşmanı ayaqda saxlamaq vəzifəsi Almaniya kansleri Angela Merkelin çiyninə düşdü.

Başqa üsulların işləmədiyi bir vəziyyətdə ticarətin "inandıra və sakitləşdirə” biləcəyi fikri tamamilə qeyri-real və ya səhv deyil. Bu strategiya ən yaxşı şəkildə 1970-ci illərdə, Ərəb-İsrail müharibəsi və Yaxın Şərq neft ixracatçılarının iqtisadi şantaj strategiyası ilə bağlı yaranan beynəlxalq gərginliyin "qaynama” nöqtəsinə çatdığı zaman ifadə olundu. ABŞ Dövlət Katibi Henri Kissincer neft ixracatçılarına pul qazanmağa imkan vermək ideyasını müdafiə etdi, eyni zamanda onları artan mənfəətlərini Qərb bank sisteminə yatırım etməyə təşviq etdi. Düzdür, bu ölkələr Qərbin dostu olmaya bilər, amma ən azından münasibətlər daha inamlı olacaqdır.
 
Çox spesifik səbəblərə görə bu gün bu fəlsəfə ümidsiz dərəcədə sadəlövh görünür. İndi hamının diqqəti iqtisadi asılılıqdan yaranan zəifliklərə yönəlib. Rusiyadan Almaniyaya gedən "Şimal axını 2” qaz kəməri məhz Rusiya prezidenti Vladimir Putinin işğala başladığı an işə düşməli idi. İndi bu, yəqin ki, tarixən qüsurlu hesablamaların böyük simvolu kimi yadda qalacaq.
 

ABŞ və digər ölkələrin etirazlarına baxmayaraq, bu layihəni həyata keçirən almanları qınamaq asandır. Keçmiş kansler Gerhard Şröder Almaniyanın Rusiyanın enerji resurslarından asılılığının problemə çevrildiyini qəti şəkildə etiraf etməkdən imtina edir. O, hələ də "Rosneft”in (Rusiya dövlətinin nəzarətində olan neft şirkəti) Direktorlar Şurasının sədri kimi yüksək maaşlı işindən həzz alır və özünü Rusiya ilə Qərb arasında potensial vasitəçi kimi qələmə verir.

Lakin Almaniyanın əsas səhvi kəməri inşa etməsində deyil, onun bir enerji qaynağından hədsiz dərəcədə asılı vəziyyətə salan bir sıra siyasi qərarların qəbul etməsindədir. 2011-ci ildə Yaponiyada baş vermiş Fukusima faciəsindən sonra Almaniya qəfildən nüvə enerjisindən imtina etmək qərarına gəlir. Lakin külək və günəş tələbatı ödəmək üçün kifayət qədər elektrik enerjisi təmin edə bilmir (axı, Almaniya xüsusilə günəşli və ya küləkli ölkə deyil), ona görə də bu bərpa olunan enerji mənbələri idxal olunan qazla tamamlanmalı idi. Qaz idxalına gəldikdə isə Almaniya ABŞ və ya Yaxın Şərqdən qaz nəql etməyə başlaması üçün yeni mayeləşdirilmiş təbii qaz terminalları tikmək əvəzinə, Rusiyadan gələn boru kəmərlərinə etibar edərək, davamlılıqdan daha çox səmərəliliyə üstünlük verdi.

Daha geniş mənada götürsək, ticarət, çoxtərəfli sistemin ikitərəfli münasibətlərdən daha üstün olduğu halda  sülhə kömək edir. 1970-ci illərdə Kissincerin strategiyası ondan ibarət idi ki, Avropa Şimal dənizində öz enerji ehtiyatlarını inkişaf etdirəcək, ABŞ isə Texas və Alyaskada hasilatı genişləndirəcək və Meksika və Venesuela ilə daha fəal ticarət aparacaq.

1848-ci ildə, Avropa inqilabları dalğası zamanı ingilis dövlət xadimi və strateq Lord Palmerston bəyan etdi ki, "bizim əbədi müttəfiqlərimiz və daimi düşmənlərimiz yoxdur. Bizim maraqlarımız əbədi və daimidir və bu maraqlara əməl etmək bizim borcumuzdur”. Bu, əbədi prinsipdir. 19-cu əsrdə olduğu kimi, 21-ci əsrdə də hər hansı bir ölkənin daxili və ya ticarət siyasətinin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil.
 
2016-cı ilin iki şokunu - "Brexit" və Trampın seçilməsini yada salın. 2024-cü ildə ABŞ-da yeni Trampist administrasiyanın olmayacağına kim zəmanət verə bilər? Və kim əmin ola bilər ki, Rusiya, fəlakətli dərəcədə pis təşkil olunmuş müharibədən sonra dərin siyasi dəyişikliklər, hətta demokratikləşmə prosesini yaşamayacaq?
 

Beynəlxalq dostların siyahısını tərtib etmək həmişə problemli olacaq. BMT Baş Assambleyasının iclasında Rusiyanı pisləyən qətnaməni dəstəkləməyən ölkələrin uzun siyahısı ABŞ və Avropa liderlərini narahat edib. Lakin bu səsvermənin nəticələrinin ticarət axınlarının gələcək istiqamətlərinin müəyyən edilməsində istifadəsi müdrik addım kimi qəbul etmək olmaz və belə addım baha başa gələr. 

Düşmənlə ticarətə qadağa qoyulması yalnız hərtərəfli münaqişə zamanı məna kəsb edir. Sərhədlər və qitələr arasında asanlıqla hərəkət edən xəstəliklər və ya parnik qazı tullantıları kimi ümumi problemlərin həlli vəziyyətində düşmən yoxdur, yalnız potensial (və zəruri) tərəfdaşlar var. Bu, Rusiyanın başlatdığı müharibənin çoxsaylı dəhşətli nəticələrindən biri olan aclıq təhlükəsinə də aiddir. Nəticə etibarı ilə "friend-shoring” siyasəti insanları doydurmayacaq; onun ən çox edə biləcəyi şey isə düşmənlərin sayının artırması olacaq.  


Tərcümə: Nizami Bağırov
Qaynarinfo