Almaniyada Angela Merkel dönəmini rəsmən qapadan seçkilər üçpartiyalı koalisiya ehtiyacını ortaya qoyub.
Koalisiyanın birinci partiyası və yeni federal kanslerin kimliyi hələlik bəlli olmasa da, digər 2 üzvü 99% ehtimalla məlumdur: bunlar seçkidə 3-cü olmuş Yaşıllar (Grüne) və 4-cü olmuş Azad Demokratlar Partiyası - FDP-dir. Bu iki partiyanın gənc liderləri - 40 yaşlı Annalena Berbok və 42 yaşlı Kristian Lindner Almaniyanın yüksələn yeni nəsil siyasətçiləridir (Baxmayaraq ki, yaşıllar təcrübəsiz Berbokun səhvləri ucbatından gözlənildiyindən daha az səs aldı).
Sol-liberal yönümlü yaşıllar və liberal FDP alman gəncliyi arasında çox populyardır, ilk dəfə səs verən, yəni səsvermə yaşı bu il çatan gənclərin 45%-i bu iki partiyanı dəstəkləyib.
Yeni hökumətin liderinə gəldikdə, hazırkı Merkel hökumətinin kiçik ortağı - Sosial Demokrat Partiyası (SPD) az fərqlə seçkidə qalib gəlib, böyük ortaq - Merkelin CDU/CSU (Xristian Demokratik İttifaq və Xristian Sosial İttifaq) bloku isə 2-ci yeri tutaraq ötən seçkilərlə müqayisədə ən çox səs itirən siyasi qüvvə olub. Beləliklə, yeni hökumət ya SPD (Olaf Şolz), ya da CDU/CSU (Armin Laşet) liderliyində qurulacaq (SPD-Grüne-FDP koalisiyası partiyaların rənglərinə görə "svetofor", CDU/CSU - Grüne - FDP koalisiyası isə "Yamayka" adlandırılır.)
Bundestaqa seçkidə Merkelin blokundan sonra ən çox səs itirən növbəti iştirakçı Sol Partiya (Die Linke) olub. Bu partiya kommunizm dövründə Şərqi Almaniyanı idarə etmiş Vahid Sosialist Partiyasının (SED) davamçısıdır. Sol Partiyanın 5%-lik baryeri keçib-keçmədiyi bu saata hələ ki, dəqiq məlum deyil. Radikal sağçı - "Almaniya üçün Alternativ"in (AfD) enişə keçməsi də yaxşı xəbərdir. Linke və AfD ən çox səsi ölkənin şərqindən alır. Bu iki partiyanın Rusiya ilə çox isti münasibətləri var və onlar Almaniyanın NATO-dan çıxmasına tərəfdardır.
NATO demişkən, yaşıllar və FDP digər partiyalarla müqayisədə daha atlantikçi mövqedədir və Ukraynanı daha net dəstəkləyir, Merkelin gedərayaq Putinlə bərabər gerçəkləşdirdiyi "Şimal axını-2" layihəsinə də soyuq baxırlar. Bu baxımdan onların təmsil olunduğu hökumət Merkel dönəminin xarici siyasətinə müəyyən korrektələr edəcək, lakin radikal dəyişiklik gözlənilmir.
Təbii ki, yaşılların yer aldığı hökumət iqlim məsələləri ilə bağlı daha həssas olacaq, dekarbonizasiyanı maksimum sürətləndirməyə çalışacaq.
Şahin Cəfərli
Şərhlər