Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri

Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri

Sentyabrın 26-da Almaniyada parlament (Bundestaq) seçkiləri keçirilib. 16 illik hakimiyyətdən sonra təqaüdə çıxan kansler Angela Merkelin yerini almaq üçün gərgin bir yarış müşahidə olunub.

Qaynarinfo xəbər verir  ki, seçkilərin nəticələri üçpartiyalı koalisiya yaranmasına səbəb ola bilər.

Koalisiyanın birinci partiyası və yeni federal kanslerin kimliyi hələlik bəlli olmasa da, digər 2 üzvü 99% ehtimalla məlumdur: bunlar seçkidə 3-cü olmuş Yaşıllar (Grüne) və 4-cü olmuş Azad Demokratlar Partiyası - FDP-dir. Bu iki partiyanın  liderləri - 40 yaşlı Annalena Berbok və 42 yaşlı Kristian Lindner Almaniyanın yüksələn yeni nəsil siyasətçiləridir.
Sol-liberal yönümlü yaşıllar və liberal FDP alman gəncliyi arasında çox populyardır, ilk dəfə səs verən, yəni səsvermə yaşı bu il çatan gənclərin 45%-i bu iki partiyanı dəstəkləyib.

Yeni hökumətin liderinə gəldikdə, hazırkı Merkel hökumətinin kiçik ortağı - Sosial Demokrat Partiyası (SPD) az fərqlə seçkidə qalib gəlib, böyük ortaq - Merkelin CDU/CSU (Xristian Demokratik İttifaq və Xristian Sosial İttifaq) bloku isə 2-ci yeri tutaraq ötən seçkilərlə müqayisədə ən çox səs itirən siyasi qüvvə olub.

Beləliklə, yeni hökumət ya SPD (Olaf Şolz), ya da CDU/CSU (Armin Laşet) liderliyində qurulacaq. 

 
XƏBƏRLƏR
BLOGLAR
X