Orxan Saffari

Blogger
Yazılar
9
Alt paltarı ilə yata bilməmək...

Alt paltarı ilə yata bilməmək...

Orxan Saffari

"Əşi, onların hər şəraiti var, kimdi ora gedən, burdakı evi qoyub hara gedirlər, heç özləri istəmirdi torpaqlar alınsın, hər şey pulsuz idi, indi pul ödəyəcəklər" və.s kimi normal insan beyninin məhsulu olmayan sözləri, yəqin ki, sizlər də eşitmisiniz. Guya ki, hansısa qarabağlılar tez-tez bu sözləri işlədir və tam ciddidirlər. İlk növbədə təklif edirəm ki, məhz kəndə qayıdanda hərəmiz ordan bir vedrə gübrə gətirib tökək bu sözləri deyən adamların ayağına ki, bəlkə, inkişaf gedər, bar verər, sonra da bir şeyə calağ edərik gedər.

Zarafatsız, məcburi köçkünlər haqqında işlədilən bu cümlələrin nə qədər iyrənc olduğunu ifadə etmək asan deyil. Kim belə deyə bilər, axı? Lap deyək ki, bir-iki ağlı kəsməyən, torpaq görməyən kimlərsə söz xatirinə belə bir zarafat edir, bəs, bunu arqument kimi o adamların başına çırpmaq olarmı? Nədir bu rəzilliyin, düşmənçiliyin adı?

Gəlin, məsələyə başqa tərəflərdən baxaq. 30 ildir ki, yurd-yuvasından perik düşən quş kimi ora-bura səpələnən insanlar nə etməli idi? Acından ölməli? Şərait qurmamalı? İşləməməli? Məgər, şərait qurmaq, yaxşı yaşamaq haralı olduğuna bağlıdır?

İkinci bir məqam isə bu sözü deyən adamlar heç bakılı da deyillər. Bəs, o adamlar niyə burdadı? Hə, bildim. Biri işləmək üçün gəlib, rayonda vəziyyəti yaxşı deyil, biri oxumaq üçün gəlib, rayonda universitet yoxdur, biri ümumiyyətlə, kənddən bezib, çünki komfort yoxdur. Bu halda, tutaq ki, bir Qubalı, Zərdablı, Lənkəranlı, Şamaxılı, Xaçmazlı v.s. başqa rayondan, şəhərdən gələn adamlar niyə belə deməlidir? Niyə gedib öz evlərində yaşamırlar? Məcburi köçkünün torpağı, evi yoxdur, onların ki, var. Səbəb nədir? Hə, dediyim məsələlər. Mən bu sözləri işlədən onlarla adam tanıyıram ki, şəxsən rayondan bezərək Bakını meqapolis bilib bura gəlib. Bəs, nə vaxtsa görmüsünüzmü hansısa məcburi köçkün başqa bölgədən olan adama belə desin? Axı, bu nə məntiqsiz sözlərdir? Bakı da, Qarabağ da, digər yerlər də hamısı özümüzün deyilmi? Neyləyək, məhlə davasına çıxaq?!

Başqa bir məsələ də deyim. Tutaq ki, Qarabağ işğal olunmamışdı və mən orada yaşayırdım. Məktəbi bitirib universitetə daxil oldum və Bakıya düşdüm. Bitirəndən sonra da yaxşı bir iş tapdım. Necə ki, bunu hazırda digər bölgədən gələnlər edir. Yaxud da kənddə təsərrüfatla yetinmirəm, gəlirəm Bakıya işləməyə. Rayonda da qoca ata-anam qalır. Olmaz? İcazə vermirsiz, müəllimlər? Yəni, dolayısı ilə bu vətənin hər qarışı mənimdir, özüm bilərəm harada yaşayıram.

Qaldı ki, Qarabağa könüllü köçürülməyə, siz sağ, biz salamat, görəcəksiniz ki, hamı necə qayıdır. Lap deyək gənclər qayıtmadı. Ki, bu da başadüşüləndir. Burada doğulub böyüyən, bütün həyatı, işi bura bağlı olan ola bilər ki, ömürlük yaşaya bilməsin. Bu da əsas vermir ki, mənim dədə-baba torpağım olmasın. Əlavə olaraq isə ora köçürüləcək yüz minlərlə insan var. Azərbaycanda olan yataqxanaları və orada yaşayan ailələri hesablayın, görəcəksiniz. Siz o yataqxanaları görmüsünüz? Yaşamısınız?

Məcburi köçkünlərin yaşadığı binalarda o qədər ağrılı, kədərli kadrlar görmüşəm ki...

Özüm o binaların birinin ən yaxınlığında yaşayıram. Eyni məhlədəyik. Taxtadan, uçuq-sökük, döşəməsində siçanların o tərəf bu tərəfə sülhməramlı qoşunlar kimi gedib gəlməsi, yemək iyinin bütün binanı bürüməsi, tualet-hamam növbəsində utanmalar və daha nələr, nələr. Hansı birini deyəsən?! Məsələn, o binalarda kiminsə ölməsi, onu oradan çıxartmaq qədər ağrılı bir mənzərə...

Hər dəfə o binalardan çıxan cəsədləri görəndə öz-özümə deyirdim:

"Bu da torpağını görə bilmədən getdi, bir Qarabağ sakini də beləcə əbədiyyətə qovuşdu".

O binalar elə binalardır ki, heç vaxt evində rahat ola bilmirsən, rahat danışa bilmirsən. Səsin daim çöldədir, hamı səni eşidir, sən hamını eşidirsən. Nə əsəbiləşmək kimi əsəbiləşə bilirsən, nə sevinən kimi sevinə...

Bir dostum var, 4 bacının bir qardaşı. Döyüşlər təzə başlayanda söhbət edirdik. Dedi, özümü anandan, dərk edəndən heç vaxt alt paltarı ilə yatmamışam. Amma çox istəmişəm. Nə mən normal yuxu görmüşəm, rahat olmuşam, nə də bacılarım. Nə də atamla anam. 4 bacı, öz qayğıları, öz söhbətləri, şəxsi işləri. Heç vaxt heç nə ürəyimizcə olmayıb.

Hələ bu nədir ki?! İndi o binalarda doğulan uşaqlar öz evlərinə qayıtmaq üçün gedib şəhid oldular. Təki, ruhları şad olsun, torpağın altda rahat yata bilsinlər... İndi deyirsiniz, bu adamlar qayıtmaq istəmir?

Bir neçə il bundan əvvəl o binaların birinin qabağından keçirdim. Gördüm, alt paltarlarının asıldığı yerdən balaca bir uşaq gənc gəlinin liftçiyini götürüb, qonşu gəlinlər də öz aralarında bunu danışırdı. Yanlarından keçəndə eşitdiyim bu cümləni yəqin ki, heç zaman unutmayacam:

"Mən o vaxt Füzulidən çıxanda alt paltarı geyinə bilməmişdim. Gözümün qabağında qadınları zorladılar. İndi də burda alt paltarımı oğurlayıblar. Belə dəhşət olarmı, bacı? Nə orda qeyrət-namus, abır-həya qoruya bildik, nə də burda. Allah bunların evini yıxsın...”

İndi bildinizmi vəziyyət necədir? Odur ki, o balaca, minnoş beyinlərinizi çox yormayın. Hər şey yaxşı olacaq, hamı qayıdacaq, yaşayan yaşayacaq, yaşamayan da gedib-gələcək. Nə olar ki, qoy ən azından yaşamayan adamın da bir evi olsun, valideynləri yaşasın, özü də tez-tez gedib-gəlsin, işləsin, kömək eləsin.

Biz məcburi çıxarıldığımız o torpaqlara hamı bir nəfər kimi könüllü şəkildə qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR