Dünya 10:31 04.09.2017

Angela Merkel: "Türkiyə Aİ-yə üzv olmamalıdır"

Almaniyanın baş naziri Angela Merkel seçim öncəsi Sosial Demokrat Partiyasından olan rəqibi Martin Şulz ilə canlı yayımda debata çıxıb.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, çıxış zamanı hər iki namizəd Türkiyə ilə bağlı açıqlama verib.

Məsələyə öncə münasibət bildirən Şulz baş nazir seçiləcəyi təqdirdə Türkiyənin Avropa İttifaqına üzv olmaması üçün əlindən gələni edəcəyini deyib.

"Əgər Almaniyanın baş naziri olsam, Avropa İttifaqına Türkiyə ilə üzvlük müzakirələrini tamamilə bitirməyi təklif edəcəyəm. Bu ölkələri razı sala biləcəyimə əmin deyiləm, lakin bu barədə əlimdən gələni edəcəyəm", - deyə o, bildirib.

Merkel isə əvvəlcə Türkiyədə alman vətəndaşları həbs edildiyi bir zamanda bu addımın atılmasının doğru olmadığını desə də, daha sonra o da Türkiyənin Aİ-yə üzv olması ilə bağlı müzakirələrin bitirilməsinin vacib olduğunu qeyd edib.

"Türkiyədə alman vətəndaşları tutulduğu bir zamanda münasibətləri təhlükəyə salmaq olmaz. Sırf seçim kampaniyası üçün Türkiyə ilə münasibətləri kəsmək və kimin daha sərt olduğu yarışına girmək istəmirəm. İlkin mərhələdə düşünürəm ki, Türkiyəyə qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir".

O, həmçinin Hermes və Dünya Bankının Türkiyəyə verdiyi kreditləri gözdən keçirdiyini, Aİ-yə üzvlük müzakirələrinin də tamamilə dayandırılması məsələsini gündəmə gətirəcəyini bildirib.

Duelin sonunda Merkel izləyicilərin 49 faizinin etimadını qazanaraq rəqibinə məğlub olub.

Qaynarinfo.Az