Dünya 18:46 29.06.2022

Ankara İsveç və Finlandiyaya niyə “yaşıl işıq” yandırdı? (ŞƏRH)

NATO sammitində Türkiyə İsveç və Finlandiyanın quruma üzvlük məsələsinə veto qoymayacağını bəyan etdi. Bunun müqabilində sözügedən iki ölkə PKK-ya qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığa getməli, PYD/YPG və FETÖ-yə dəstək verməməli, silah satışında embarqoları aradan qaldırmalıdır. 

Görünən budur ki, NATO yaxın illərdə daha iki üzvün hesabına genişlənəcək. Bunun nəticəsində Rusiyanın NATO ilə mövcud 1215 km sərhədlərinin uzunluğu 2485 km-ə çatacaq. Əldə edilən razılıq həm NATO-nun, hə də onun üzvü olan Türkiyənin maraqlarının təmin edilməsi anlamına gəlir. Belə ki, bunun nəticəsində NATO-nun Rusiyanın istəyinin əksinə olaraq genişlənməsi baş verəcək. Türkiyə isə həmin razılaşma əsasında terrorra qarşı mübarizədə mühüm qələbə çalmış olur.

Məsələni Qaynarinfo-ya şərh edən konfliktoloq Üzeyir Şəfiyev atılan addımı Türkiyənin növbəti diplomatik qələbəsi kimi dəyərləndirdi:
 
"Türkiyə artıq regional gücdən, daha böyük dünya gücünə çevrilir. Türkiyənin PKK və YPG, eyni zamanda FETÖ ilə bağlı İsveç və Finlandiyaya iradları vardı. Hər iki ölkə bu terror təşkilatlarını dəstəkləyir, onu qidalandırır. Həmçinin, həmin terror təşkilatlarının nümayəndələri hər iki ölkənin mətbu orqanlarına müsahibələr verməklə bu və ya digər şəkildə Türkiyəni təhdid edirdilər. Hər iki ölkə eyni zamanda, Türkiyəyə silah embarqosu qoymuşdu. Ankaranın iradları beynəlxalq birlik tərəfindən də anlayışla qarşılanıb. NATO-nun baş katibi bir neçə dəfə Türkiyənin iradlarında haqlı olduğunu bildirib. Bu istiqamətdə Ankara ilə Stokolm və Helsinski arasında danışıqlar da oldu. NATO ölkələri anladı ki, Ankara mövqeyindən geri çəkilən deyil. Çünki Türkiyə üçün bu, olmazsa olmaz məsələsidir. Hesab edirəm ki, bu ölkələr öz qərarlarına sadiq qalsalar, Türkiyə onların quruma üzvlüyünə xeyir-dua verəcək. Amma bu ölkələr öhdəliklərinə sadiq olmazsa, NATO ailəsində problem yaranacaq, Türkiyənin NATO, İsveç və Finlandiya ilə münasibətlərində problemlər yaşadacaq”.

Həmsöhbətimiz İsveç və Finlandiyanın götürdükləri öhdəliyə sadiq qalacağına əmindir: 

"Hər iki ölkə öhdəlik götürüb. Hansı ki, onun da icrası məcburi və mütləqdir. Əks təqdirdə, bu beynəlxalq arenada anlaşılmazlıqla qarşılanacaq. Hesab edirəm ki, hər iki ölkə öhdəliyi yerinə yetirəcək”.

Rüfət Sultan