Xəbər lenti

Ukrayna üçün Avropa
Dünya 17:57 23.11.2025

Ukrayna üçün Avropa "əks planı" 24 bənddən ibarətdir (TƏFƏRRÜAT)

Avropa diplomatları bazar günü Cenevrədə ABŞ-la danışıqlar zamanı Ukrayna müharibəsi ilə bağlı 24 maddədən ibarət alternativ sülh planını təqdim edəcəklər. 

Qaynarinfo "The Telegraph”a istinadən xəbər verir ki, bu əks-təklif Böyük Britaniya da daxil olmaqla bir neçə müttəfiq tərəfindən, ötən həftə Donald Trampın 28 bəndlik mübahisəli planı şəbəkəyə sızmazdan əvvəl hazırlanıb.

Nəşrin məlumatına görə, Avropa planında Ukrayna Silahlı Qüvvələrinin sayına heç bir məhdudiyyət qoyulmamalıdır. Hazırda Ukrayna ordusunun sayı təxminən 850 min hərbçidir. ABŞ və Rusiya tərəfindən birgə hazırlanmış Amerika planında isə ordunun sayı 600 min hərbçi ilə məhdudlaşdırılmalıdır.

Amerika-rus planında həmçinin Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa nəzərdə tutulur. Avropa planına görə isə Ukrayna öz ərazisində dost qüvvələrin yerləşdirilməsi barədə qərarı müstəqil şəkildə verməlidir.

Avropa təklifi NATO üzvlərini alyansa kimlərin daxil ola biləcəyi barədə qərarı özləri verməyə çağırır. Bu, ABŞ tərəfindən təklif olunan və Ukraynanın alyansa qəbuluna tam qadağanı nəzərdə tutan müddəaya ziddir.

Bundan başqa, Avropa planı hər hansı ərazi müzakirələrinə başlamazdan əvvəl bütün cəbhə xətti boyunca atəşkəsin təmin edilməsini tələb edir.

"Bloomberg" yazır ki, Avropa planında ABŞ-dan NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təqdim etməsi də xahiş olunur. Həmçinin dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpasına və kompensasiyasına yönəldilməsi tələb edilir.

Ukrayna və Avropa hazırda Rusiyanın işğalı altında olmayan şərq bölgələrindən də imtina edilməsini tələb edən Moskvanın tələblərini qəbul etmir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->