"Financial Times" daha əvvəl yazmışdı ki, Tim Kuk "Apple"ın baş direktoru vəzifəsini tərk etməyə hazırlaşır. Lakin "Bloomberg" jurnalisti Mark Qurman bu məlumatı təkzib edib.
Qaynarinfo xəbər verir ki, onun məlumatına görə, Kuk yaxın vaxtlarda getməyi planlaşdırmır və ABŞ-da hazırkı prezidentlik müddətinin sonunadək, yəni 2028-ci ilə qədər işləyəcək. Həmin vaxta qədər onun 70 yaşı olacaq və bununla "Apple" tarixində ən uzun müddət çalışmış direktor sayılacaq Stiv Cobsu belə geridə qoyacaq.
FT yazırdı ki, direktorlar şurası artıq varisin axtarışına başlayıb və bu barədə qərar 2026-cı ilin yanvar–iyun ayları arasında elan oluna bilər. Favorit kimi aparat mühəndisliyi üzrə rəhbər Con Ternus göstərilirdi.
Qurman bu fikirlə razılaşır — onun sözlərinə görə, Ternus doğrudan da məntiqli namizəddir, sadəcə vəzifə dəyişikliyi əvvəlcədən gözləniləndən daha gec baş verəcək.
Eyni zamanda "Apple" başqa bir problemlə üzləşir - kadr axını. Aparat dizaynının əsas mühəndisləri Coni Ayvın studiyası "LoveFrom" ilə işləməyə başlayıb. Həmin studiya artıq "OpenAI" ekosisteminə daxildir və smartfonu əvəz etməli olan yeni cihaz üzərində çalışır.
Qurmanın məlumatına görə, son bir ay ərzində "OpenAI" "Apple"dan təxminən 40 mühəndisi özünə cəlb edib. Ən diqqətçəkən gedişlər arasında istehsal proseslərinə cavabdeh olmuş Mett Teobold və human interface sahəsinin liderlərindən biri olan Sayrus Deniel İrani var. Həmçinin "iPhone Air" konsepsiyasının müəllifi Abidur Çoudhuri də şirkətdən ayrılaraq adı açıqlanmayan bir süni intellekt startapında çalışmağı seçib.
Aydın
Şərhlər