Xəbər lenti

Aparıcı təlxəyə çevriləndə -Günel Mövlud
Sənət 19:00 26.10.2014

Aparıcı təlxəyə çevriləndə -Günel Mövlud

 

Günel Mövlud

TƏLXƏYƏ ÇEVRİLƏN İNTELLEKTUALLAR

«Siz eyni dalı ikicə həftə hər gün efirdə göstərsəniz, əmin olun, iki həftədən sonra o dalı bütün ölkə tanıyacaq»…

Bu sözləri adını unutduğum bir filmin adını unutduğum qəhrəmanı  tamamilə unutduğum bir kontekstdə belə demişdi.

Film çox axmaq film idi, o qədər mənasız idi ki, yadımda qalanı elə bu sözlərdir.

Əlbəttə, mən analogiya aparmaq fikrindən tamamilə uzağam, burada heç bir bənzətmədən söhbət gedə bilməz, amma reklam olunan, hər gün göstərilən dal məsələsində, dalı götürüb, yerinə istənilən əşyanı qoysaq, eyni şey baş verəcək. Yəni, ikicə həftədən sonra bütün ölkə tanıyacaq.

Televiziyanın insan, hadisə, əşya tanıtmaq, reklam etmək, şöhrətləndirmək imkanları barədə bir az sonra.

Gəlin, bir neçə çox məşhur televiziya aparıcısının leksikonuna baxaq: «Niyə tərbiyə verməmisən bu uşağa? Bax, uşağın da tərbiyəsizdir.» (Elgiz). «Az, sən indi burda nə danışırsan?» (Zaur Baxşəliyev), «Az, bə niyə boşanıfsan?» (Elçin Əlibəyli) və s.

Televiziya aparıcılarımız ən sadə etik qaydaları gözləyə bilmirlər, müraciət etikasının ən sadə bəndinə riayət edə, qonağa, opponentə, iştirakçıya, tamaşaçıya «siz» deyə müraciət edə bilmirlər. Aparıcılarımızın 99 faizi studiyadakılarla «sənlə-mənlə» danışır, şit zarafatlar edir, tərbiyəsiz suallar verirlər.

Yumoru şitliklə, səmimiyyəti hörmətsizliklə qarışıq salırlar. Onların leksikonu, studiyadakılarla davranışı, danışdıqlarının mahiyyətini eşitdikcə, sonra da əyinlərindəki, ayaqlarındakı, qollarındakı, qulaqlarındakı brendləri gördükcə düşünürsən: İlahi, bu qədər ucuz nitqi, bu qədər ucuz mövzuları bu qədər bahalı fonda təqdim etmək nəyə, kimə ironiyadır? Brendə? Ararıcıya? Tamaşaçıya? Nəyə?

Onların əxlaq, ailə, dəyərlər mövzulu verilişlərə qonaq qismində dəvət etdikləri qonaqlar kimlərdi? Bir verilişdə alt paltarının qiymətini aparıcıya bəh-bəhlə deyən, alt tumanını harda yuduzdurduğundan həvəslə danışan şou ulduzu başqa verilişdə ailə eksperti kimi çıxış edir, ərinə xəyanət etdiyi iddia edilən qadına milli mentalitetdən danışır, xalqımızın qədim ənənələrindən ona dərs keçir. Bir verilişdə arvadına dəfələrlə xəyanət etdiyini deyən bir kişi müğənni o biri verilişdə nümunəvi ailə başçısı qismində verilişə gəlir, əxlaqdan, namusdan danışır.

Necə oldu ki, biz xalq, toplum, tamaşaçı olaraq, misli görünməmiş bir ucuzluq, şitlik, səviyyəsizlik, saxtakarlıq məqamına gəlib yetişdik?  

Təxminən beş il əvvələ qədər ölkədə trendləri televiziya yaradırdı, gündəmi televiziya müəyyən edirdi, ulduzları televiziya parladırdı. Televiziya ikicə həftənin içində heç kimdən ulduz düzəldirdi. Bu gün efirə sadə qız kimi çıxan, iki həftə sonra ulduz olur, mətbuata qəribə-qəribə müsahibələr verir, xüsusilə də öz subyektiv fikrini sərgiləyirdi. Azərbaycanda ulduz olmağın konkret qiyməti vardı, ödəyirdin, iki həftə müəyyən verilişlərə, müəyyən saatlarda, müəyyən mövzularla çıxırdın və olurdun ulduz…

Əlbəttə, o başqa məsələ ki, iki həftəyə yaranan ulduzluğun ömrü də elə iki həftə çəkirdi. Çünki arxasında ciddi iş, zəhmət, məhsul, davamlı reklam olmayan ulduzluq «Qərib cinlər diyarında»kı cinlər padşahının təbirincə desək, caduyla yaradılan binalar, göllər kimidir – bir anın içində «fıs» çıxa bilər. Arada hiyləgər çıxıb, söhbəti tutan, üzərində işləyən, reklamını davamlı quran, tez-tez lazımlı hoqqalardan çıxıb, ulduzluğunu saxlayanlar da az deyildi.

Ulduz sözünü dırnaqda ona görə yazmıram ki, söhbət bizimkilərdən gedirsə, onların ulduzları da elə belə olmalıdır. 

Xoşbəxtçilikdən, ya bədbəxtçilikdən, elə bir vaxt yetişdi ki, trendləri daha təkcə televiziya müəyyən etmir. İndi sosial şəbəkələr trend, gündəm yaratma məsələsində televiziyalarımıza ciddi rəqibdirlər. Ölkədə kifayət qədər tanınan internet ulduzları var. Məhz internet istifadəçilərinin gündəmə gətirdiyi mövzular da çoxdur. Amma əhalinin internet istifadəçisi olmayan çox böyük bir kəsimi var ki, onlar hələ də televiziyanın mənəvi, zehni əsarətindədirlər.

Əhalinin nisbətən savadlı, nisbətən dünyagörüşlü, nisbətən bacarıqlı, gözüaçıq hissəsi sürətlə internetə bağlandıqca, daha aktiv internet istifadəçisinə çevrilib, lazım olan xəbəri, görüntünü özü seçdikcə, televiziyalarımızın əlində-ovcunda qalan ən savadsız, ən korazehin, ən bacarıqsız, ya da ən yaxşı halda ən tənbəl tamaşaçılar olur. Bu da var ki, internet istifadəçiləri də birdən-birə televiziyanı tərk etmirlər, bu, tədricən baş verir. Nə qədər ki, zövqü formalaşmayıb, nə qədər ki, istədyinə baxa, oxuya, dinləyə bilmə imkanını tam istifadə etmir, o vaxta qədər belələri də televiziyaların ixtiyarındadır.

Uzun sözün qısası, ən tənbəl, ən savadsız, ən bacarıqsız tamaşaçıya xitab edən aparıcının səviyyəsi bundan artıq olmayacaq. O yaxşı bilir ki, onu izləyənlər kimlərdi, səviyyələri nədir, nə gözləyir, nə istəyir, nəylə maraqlanır, həyatdan istədikləri nədir. Ona görə də, adam niyə özünə əziyyət verib, savadlanmalı, zövq qazanmalı, zəhmət çəkməlidir. Aparıcı çox gözəl bilir ki, ikicə kəlmə ağıllı, maraqlı söz desə, üç verilişdə özünü ağır, təmkinli, ləyaqətli aparsa, reytinqi sürətlə düşəcək, verilişinə baxan olmayacaq, rəhbərlik də onu çağırıb, deyəcək ki, bacım-qardaşım, baxılmırsan, dükanı bağla.

Dindirsən, tamaşaçı da deyəcək ki, illərlə mənim zövqsüzlüyümə yatırım edilibsə, mən nə istəməli, nəyə baxmalıyam? Bu bir lənət çevrəsidir. Zehninə, savadına, dünyagörüşünə görə sual verənin gözündə bəzən tamaşaçı da haqsızdı, televiziya da. Bəzən də televiziya da haqlıdı, tamaşaçı da.

Amma haqlı, ya haqsız, televiziya onlarla ələdüşməz intellektualı gözümüzün qarşısında təlxəyə çevirdi. Və bu təlxək, heç də H. Böllün düşünən təlxəyi deyil…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Azadliq.org

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->