Xəbər lenti

Arif Əsədov:
İdman 16:24 29.07.2021

Arif Əsədov: "Neftçi" rəhbərliyi düşünsün ki..."

Azərbaycanın tanınmış məşqçilərindən olan, hazırda əsas millimizdə köməkçi məşqçi kimi çalışan Arif Əsədov klublarımızın avrokuboklardakı çıxışları haqda danışıb.

Əsədov Qaynarinfo-ya müsahibəsində, ötən gün "Olimpiakos"a uduzan "Neftçi"nin çıxışı haqda bunları söyləyib: 

"Dinamo" ilə "Olimpiakos"u eyni tərəziyə qoymaq olmazdı. Təbii ki, onlar daha səviyyəli və büdcəsi "Neftçi"dən üstün olan komandadır. Belədə oyunçuların da keyfiyyəti göz qabağında olur. "Olimpiakos"un 7-8 futbolçusunun Bakıya gəlmədiyini və çətinlik çəkə biləcəyini düşünürdük. Ancaq gördük ki, heç də belə deyil. "Olimpiakos" kimi komandalarda belə problemlər olmur. Bəlkə "Bavariya"ya, "Yuventus"a qarşı hansısa problemlər yaşaya bilərlər. Ancaq "Neftçi" kimi büdcəsi olan rəqiblərlə oyunlarda çətinlik çəkmirlər. Yəni bir oyunçunun olmamasının onlar üçün fərqi yoxdur. Digərləri də eyni keyfiyyətdədirlər. Eyni zamanda qiymətləri də qat-qat üstündür. Digər tərəfədən "Neftçi"də hər şey fərqlidir. Ehtiyat qüvvəsi zəifdir. Dünənki oyunda baş məşqçi meydana daha çox gənc futbolçuları buraxdı. Onlar isə nəyisə dəyişmək gücündə deyillər. Sadəcə, təcrübə toplamaq baxımından bu oyun onlar üçün faydalıdır. Mərhələ keçmək, "Olimpiakos" kimi komandanı məğlub etmək üçün sənin iki heyətin olmalıdır. Namiq zədələndisə, onu əvəz edəcək futbolçu tapılmalıdır ki, problemlə üzləşməsinlər. Bu mənada "Neftçi" rəqibindən geri qaldı. Oyun baxımından isə düşünürəm ki, elə də böyük fərq görünmədi. 

"Neftçi"səfərdə də yaxşı oynadı. Qol vəziyyətləri baxımından uduzmadı. Dünənki oyunda adi bir səhvdən qol buraxdılar. Sonra bərabər oyun getdi. İlk dəqiqələrdən sona qədər "Olimpiakos"un "Neftçi"dən çəkindiyi də hiss olunurdu. Əslində, "Olimpiakos" kimi komandalar belə oyunlarda özlərini favorit hiss etməlidir. Yəni, birinci nömrə olaraq oynamalıdırlar. Ancaq "Neftçi"nin ilk oyunda gücünü görəndən sonra Bakıda ehtiyatlı davranırdılar. İlk dəqiqələrdən beşli müdafiəyə üstünlük verirdilər. Hətta hücumda 1 futbolçu saxlayırdılar. Qalanları "Neftçi"nin mərkəzdəki əsas yaradıcılıq gücü sayılan oyunçuları bağlamışdılar. Beləcə, "Neftçi"nin "qanadları"nı da bağladılar. Qolu vurandan sonra isə qapanıb əks-hücumlarda oynadılar. Bu cür oyunlarda kimisə günahlandırmaq istəməzdim. Reallıqla barışmalıyıq. Qeyd etdiyim faktorlar, büdcə məsələsi, oyun göstərdi ki, favorit "Olimpiakos"dur. Yaxşı transferlər etsəydilər, keçə bilərdik. Amma olsaydı belə, konkret danışmaq düzgün çıxmır. Favorit idilər və elə də oldu. "Neftçi" göstərdi ki, belə komandalarla mübarizə apara bilər. Keçmək mümkündürmü? Rəhbərlik də gördü ki, bir balaca risk etsələr, nəsə olardı. Düşünsünlər ki, gələcək oyunlarda komandanı gücləndirmək lazımdır. Azərbaycan çempionatında çempion ola bilərsən. Beynəlxalq oyunlar zamanı "Dinamo" kimi komandaları da keçmək mümkündür. Amma nisbətən yüksək səviyyəli komandalara qarşı çətinlik çəkəcəksən. Samir Abasov taktikada uduzmadı. Sadəcə, "material", oyunçu keyfiyyəti öz sözünü dedi. "Neftçi" "Olimpiakos"dakılarla eyni səviyyədə futbolçular ala bilməz. Bunun üçün milyonlar xərcləmək lazımdır, o pul isə klubda yoxdur. Maksimum 500 minlik futbolçu ala bilərdilər. Üstəlik, onların Azərbaycana gəlmək məsələsi var. Qurban Qurbanov həmişə deyir ki, Azərbaycana yaxşı oyunçu gətirə bilmirik. Bununla yanaşı, onların uyğunlaşma məsələsi var. Qarşıya baxmaq lazımdır. Dünənki oyun göstərdi ki, əvəzetmə üçün futbolçuları yoxdur”.

Mütəxəssis "Neftçi"nin qarşıdakı matçları haqda da düşüncələrini də bildirib: 

"Ümid var. Bununla yanaşı, sarı vərəqə, zədə məsələləri də var. O sistem pozularsa, necə oynayacaqları barədə narahat oluruq. Son durum imkan verir ki, "Neftçi" Avroliqadakı rəqibini keçə bilər".

Arif bəy Avrokuboklarda mübarizəni davam etdirən digər klublarımızn şanslarını da dəyərləndirib: 

"Konfrans Liqası bizim üçün yenidir. Hansı səviyyədə oyunlar olduğunu bilmirik. "Qarabağ"ın heç-heçə oynamasına baxmayaraq, şansları, təcrübəsi var. Bir neçə dəfə komanda şəklində belə vəziyyətlərdən çıxıb. Maksimin olmaması çətinliklər yarada bilər. İnanıram ki, "Qarabağ" bu gün rəqibi keçəcək. Bakıda meydança amili də var idi. "Qarabağ" kimi təcrübəli komanda belə meydançada çətinlik çəkir. Yenə də ümid var. "Keşlə" ilə bağlı nəsə demək çətindir. Demək olar, bütün faktorlar rəqibin xeyrinədir. Sadəcə, "Keşlə" rahat oynamalı, təcrübə toplamalıdır. Azərbaycan futboluna xal qazandırmalıdırlar. Taktiki baxımdan nəsə demək düzgün deyil. Əlində "material" olmalıdır ki, rəqibə uyğun taktika qurasan. "Keşlə"nin transfer etdiyi futbolçular belə komandalara qarşı nəsə edə biləcək gücdə deyillər. Səfərdə taktiki baxımdan başqa cür oynamaq olardı. Məsələn, 5 müdafiəçiyə yer vermək mümkün idi. Bəlkə də baş məşqçinin kifayət qədər futbolçusu yoxdur. Burada müdafiədə boşluqlar verməməklə, vuruşub, mübarizə aparıb 1 xal götürmək olar. "Keşlə" 1:0 və ya 2:1 qələbə qazansa, bunun özü böyük işdir. "Səfər qolu" prinsipi ləğv edilsə də, "Soçi"yə 3 top vurmaq, yaxud 4:1 məğlub etmək çətin olacaq. "Sumqayıt"la bağlı optimistəm. Səfərdə rəqibindən çəkinmədiyini göstərmişdi. İlk dəqiqələrdən oyunu elə qurmuşdular ki, rəqibə boşluq verməməyə çalışırdılar. İndi evdə, çılğın azarkeşlərin qarşısında oynayacaqlar. Fikrimcə, tribunalar dolacaq. Şans var. "Səfər qolu" da ləğv olunub. Çətin keçəcək, rəqib zəif deyil. Göründü ki, oturuşmuş bir oyun stili var. Ev və azarkeş amili "Sumqayıt"a kömək ola bilər. "Qarabağ"la "Sumqayıt"dan uğurlu nəticə gözləyirəm".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->