"Armen Sarkisyanın istefası Nikol Paşinyanla əldə edilən müəyyən bazarlığın nəticəsidir və bu addım Ermənistanda Konstitusiya dəyişikliyi prosesini sürətləndirəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan prezidenti Armen Sarkisyanın istefa səbəblərini dəyərləndirərkən deyib.
Həmsöhbətimizin fikrincə, Sarkisyanın istefasında iki məqam rol oynayıb:
"Artıq Ermənistanın siyasi səhnəsində Armen Sarkisyanın perspektivinin olmadığı bəlli idi. Bunu onun özü də bilməmiş deyil. Ermənistanda prezidentlik institutu artıq notarial kontora çevrilib. Bu institut sadəcə hökumətin hazırladığı sənədləri yalnız təsdiq etməkdən ibarət kiçik səlahiyyətə malikdir. Bu da Sarkisyana problemlər yaradırdı. Nikol Paşinyan hökumətinin mövcudluğu dövründə Sarkisyan üçün hər hansı bir siyasi zirvə görünmür”.
İstefaya səbəb olan amillərdən biri də, ekspertə görə, Sarkisyanın özünü Ermənistan ictimai rəyində ciddi siyasi füqur kimi göstərə bilməməsidir:
"Ermənistanda Paşinyanın göstərişilə Konstitusiyanın dəyişdirilməsilə bağlı komisiya işləyir. Bu da Ermənistanda yenidən prezident üsul-idarəsinin tətbiqinə yol açacaq. Paşinyan özü də bu posta sahib çıxmaq istəyir. Belə olan təqdirdə Sarkisyanın həmin posta seçilmək ehtimalı da sıfıra düşür”.
Politoloq düşünür ki, erməni prezidentinin istefasından sonra Ermənistanda Konstitusiya dəyişikliyinin sürətlənməsilə Paşinyan özünün siyasi dayaqlarını cəmiyyətin daha dərin qatlarına nüfuz etdirəcək:
"Belə səlahiyyətlər çərçivəsində isə Paşinyan revanşist və "Qarabağ klanı”nı daha rahatlıqla əzə biləcək. Armen Sarkisyan isə yenidən Fransaya gedərək öz biznesilə məşğul olacaq”.
Rüfət Sultan
Şərhlər