Siyasət 12:34 04.08.2021

Arutyunan Kəlbəcərdə elektrik stansiya tikə bilərmi? - Tofiq Zülfüqarov

"Hesab edirəm ki, bununla əlaqədar olaraq Azərbaycan tərəfi sülhməramlılarla əlaqə saxlayıb, məsələni aydınlaşdırıb, öz qərarını elan etməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri, politolq Tofiq Zülfüqarov ermənilər Qarabağda - Kəlbəcərin Qozlu (Getavan) kəndində, Tərtər çayı üzərində su elektrik stansiyası tikməyi planlaşdırması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Politoloq hesab edir ki, əgər sözü gedən layihə Azərbaycan tərəfindən təsdiqlənməsə, qeyri-qanuni sayılacaq:



"O qurumlar ki, özünü elan ediblər və guya orada hansısa hüquqlara malikdirlər, ya da qərar sahibidirlər, bu, Azərbaycan konistitutsiyasına ziddir. Təbii ki, onların qərar və istəkləri o halda qüvvəyə minə bilər ki, Azərbaycan tərəfindən bu və ya digər layihə təsdiqlənsin. Əgər belə olmasa, bu, qeyri-qanuni iş olacaq. Bu, mümkün olan şey deyil”.

Tofiq Zülfüqarovun fikrincə, müvafiq qurumlar sülhməramlılarla əlaqə saxlayıb bu və digər rəy bildirməlidir:

"Biz orada olan sülhməramlıları, orada yaşayan erməniləri birmənalı başa düşməliyik ki, onlar bizim ərazimizdədir. İkincisi, orada gedən proseslər Azərbaycan dövlətinə inteqrasiya  prosesidir. Sülhməramlılar və müşahidəçilər bizi idarə etməyə deyil, inteqrasiya prosesinidə köməkçi olmağa gəlib. Onların əsas vəzifəsi təhlükəsizliyi təmin eləməkdir. Bu baxımdan biz hər bir məsələyə bu nöqteyi-nəzərdən yanaşmalıyıq. Bizim bu məsələyə münasibətniz belə qurulmalıdır. Sülhməramlılar bizim dəvətimiz ilə ərazimizə gəlib. Biz onlara alət kimi baxırıq ki, onlar bizə yardım eləsinlər, inteqrasiya prosesini axıra kimi apara bilək. Bu nöqteyi-nəzərdən baxanda hər şey aydın olur. Müvafiq qurumlar sülhməramlılarla əlaqə saxlayıb bu və digər rəy bildirməlidir. Əgər bizim maraqlarımıza zidd olmayan layihədirsə, qoy tiksinlər, problem yoxdur. Vaxtı ilə onlar Kəlbəcərdən gələn yollar tikiblər, problem deyil, gec ya tez biz ondan istifadə edəcəyik. Onsuz da mən bildiyimə görə, qaz, işıq və digər məsələlər orada Azərbaycan hesabına həll olunur. Bu, davamlı prosesdir və gedəcək. Çünki bu Azərbaycanın bir hissəsidir”.

Qeyd edək ki, erməni mediasının yazdığına görə, qondarma "Arsax respubikası”nın qondarma prezidenti Arutyunyan  Kəlbəcərin Qozlu (Getavan) kəndində, Tərtər çayı üzərində su elektrik stansiyası tikməyi planlayır. Artıq bu haqda qərarın qəbul edildiyi bildirilir. 

Bahar Rüstəmli