Atatürkə səhvini deyə bilən talesiz yazıçı – Peyami Safa

Atatürkə səhvini deyə bilən talesiz yazıçı – Peyami Safa

"Qəriblər qəbiristanlığı”nda dəfn olunan şair

Türk ədəbiyyatının tanınmış simalarından biri, şair İsmail Safanın oğlu, psixoloji romanları ilə böyük şöhrət qazanan Peyami Safa 9 yaşından ədəbiyyatla ciddi şəkildə maraqlanmağa başlayıb. 1899-cu ildə İstanbulda doğulan yazıçı 2 yaşında atasını itirir. "Tənzimat” və "Sərvət-i Fünun” ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsmail Safa Məkkədə dünyaya gəlmişdi. Atası Behçet Əfəndi Ağşəmsəddinə qədər uzanan bir soyun nümayəndəsi idi və Məkkədə dövlət işlərində çalışır, eyni zamanda şeirlər yazırdı. İsmail Safa 1878-ci ildə qardaşları ilə birlikdə İstanbula köçür və yaradıcılığını davam etdirir. O şair kimi tanınsa da, ədəbi tənqid və tərcümə ilə məşğul olur, siyasi hadisələrə də biganə qalmırdı.

II Əbdülhəmidə qarşı etdiyi çıxışlar onu dövlət rəhbərləri arasında arzuolunmaz adama çevirir. 1895-ci ildə vərəmə yoluxan şairi 1900-cu ildə Sivasa sürgünə göndərirlər. Sürgündə sıxıntıları artan şairin qızları Səlma və Ulya vəfat edir. Sürgün həyatı, övlad itgisi və amansız xəstəlik şairin vəziyyətini daha da gərginləşdirir. Şair 1901-ci ildə Sivasda, sürgündə vəfat edir. Şairi "Qəriblər qəbiristanlığı”da dəfn edirlər. Amma talesiz şairin cəsədi də rahatlıq tapmır. Sivas millət vəkili Ziya Başar şairin cənazəsinin "Qəriblər qəbiristanlığı”ndan Paşa Camisi qəbiristanlığına köçürülməsini təşkil edir. Paşa Camisinin sökülməsi qərarından sonra Sivas liseyində dərs deyən sosioloq Əflatun Cem Güney şairin cənazəsinin Əli Ağa camisinə köçürülməsinə nail olur.

13 yaşında ilk romanını yazan yazıçı

Kasıblıq və erkən yaşlarında tutulduğu xəstəlik səbəbindən Peyami Safa normal təhsil ala bilmir. "Sümük vərəmi”nə tutulan yazıçı təhsilini davam etdirə bilməsə də, ardıcıl mütaliəsi hesabına ədəbiyyatı dərindən öyrənir və 13 yaşında "Köhnə dost” adlı ilk romanını qələmə alır. Xəstəliklə mübarizə apardığı uşaqlıq illərində həm də işləməyə başlayan Peyami Safa müxtəlif işlərdə çalışıb. 19 yaşından jurnalistika ilə məşğul olmağa başlayan yazıçı müxtəlif qəzetlərə və dərgilərə yazdığı yazılardan aldığı qonorarla həm müalicəsini davam etdirir, həm də ailəsinin dolanışığını təmin edirdi. Peyami Safanın ilk qələm təcrübələrinin toplandığı kitab satışa çıxandan qısa müddət sonra satılıb, qurtarır. Usta yazıçı kitabın reklam işini düzgün qurduğu üçün bu uğuru qazandığını düşünürmüş. Çünki Peyami Safa ilk kitabının üz qapağına bu cümləni yazdırmışdı: "Bu kitabı əsla oxumayın!” Yazıçı bu cümlə ilə türk oxucusunun maraq hissini oyatmış, qısa müddətə bütün tiraj satılmışdı.

Yazıçıya uğur gətirən gizli imza

Atası İsmail Safa kimi əmiləri Əhməd Vəfa və Əli Kami də şair idi. Peyaminin yaradıcılıqla ciddi şəkildə məşğul olmasında əmilərinin böyük rolu var. Qardaşı İlhami ilə birlikdə çıxardığı "İyirminci əsr” adlı axşam qəzetində "Əsrin hekayələri” rubrikasında kütləvi oxucu zövqünə hesablanmış hekayələr yazan gənc yazıçı böyük şöhrət qazanır. Pul qazanmaq məqsədi ilə yazdığı hekayələrdə anası Sərvər Bədiadan təsirlənərək götürdüyü Sərvər Bədii imzasından istifadə edirdi. Yazıçı ona böyük oxucu kütləsi qazanan "Cingöz Rəcai” seriyasından yazdığı detektiv romanları da Sərvər Bədii imzasıyla yazırdı. Yazıçının Sərvər Bədii imzası ilə yazdığı romanların bəziləri 1920-ci ildə 70 min tirajı keçirdi.  Hələ sağlığında Peyami Safanın gizli imzasıyla bağlı türk yazıçıları arasında maraqlı lətifələr dolaşırmış.

…Peyami Safa öz imzası ilə yazdığı yazılara görə az qonorar aldığı halda, Sərvər Bədii imzasıyla yazdığı romanlara görə nəşriyyatlar yüksək qonorar ödəyirmiş. Ünlü romançıdan əhvalını soruşanlara deyirmiş: "Çox şükür, Sərvər Bediinin evində yeyib, içib, canına dua edirik”. Bu zarafat Peyami Safanın qələm yoldaşları arasında da yayılıbmış. Bir gün Nəcib Fazıl Qısakürəkdən soruşurlar:

– Ustad, Peyami Safanı tanıyırsınızmı?

Ustad şair cavab verir:

– Tanıyıram, tanıyıram. Sərvər Bədiinin evində qalır.

Peyami və Nazim dostluğu, "Doqquzuncu cərrahiyyə palatası” romanın yazılması

Ustad romançı olan Peyami Safa ilə dövrünün ən böyük şairi Nazim Hikmət arasındakı polemika, daha doğrusu qovğa ədəbiyyat aləmində çox məşhurdur. 20-ci illərdə Ankarada həbsdə olan Nazim Hikmətin "Yanardağ” şeirini "Cümhuriyyət” qəzetinin ədəbiyyat əlavəsində çap edən Peyami Safanın bu addımı ona baha başa gəlir. Qəzet rəhbərliyi ilə münasibətləri pozulan yazıçı işini itirir. Hətta qəzetin rəhbərliyi şeir çap olunandan bir gün sonra məhbus şairin şeirlərini çap etdiyi üçün oxuculardan üzr istəyir.

Nazim Hikmət həbsdən çıxdıqdan sonra Peyami Safanı axtarıb tapır və aralarında böyük dostluq başlayır. 1928-ci ildə Moskvadan qayıdan Nazim "Rəsimli Ay” dərgisində yazmağa başlayır və Peyami Safanı da əməkdaşlığa cəlb edir. Nazimin gəlişi ilə "Rəsimli Ay” dərgisi solçu qələm adamlarının toplaşdığı məkana çevrilir. Nazimlə dost olsa da, Peyami Safa solçuları sevmirdi. Nazimlə tanış olana qədər, lətifələr, gündəlik sosial-siyasi yazılar, detektiv hekayələr, romanlar yazan Peyami Safa, Nazimlə tanışlıqdan sonra ədəbiyyata münasibəti dəyişir. Nazimin tövsiyəsi ilə ona böyük şöhrət gətirən  "Doqquzuncu cərrahiyyə palatası” romanını yazır. Əziz Nesin sonradan qanlı-bıçaq düşmənə çevrilən dostların münasibətləri və  "Doqquzuncu cərrahiyyə palatası” romanın yazılması ilə bağlı belə yazır: "Peyaminin kokain istifadə edib, əməlli-başlı narkoman olmağı bacarmadığı günlərdən birində kokain qəbul edib dostlardan birinin evinə gəlirlər. Peyami qolunun necə şikəst olmasını danışanda Nazim onun sözünü kəsir:
– Bu nədir, axmaq-axmaq şeylər yazırsan. Niyə bu danışdıqlarını romana çevirmirsən? Cingöz Rəcaidən əl çək, bunları yaz! O gündən sonra Nazim Peyamini bu romanı yazmaq üçün təhrik edir, həvəsləndirir və ona dəstək verir. Beləcə  "Doqquzuncu cərrahiyyə palatası”ortalığa çıxır. Peyami də dostuna olan minnət borcundan çıxmaq üçün, kitabı Nazimə həsr edir.”
Nazim Hikmət  "Doqquzuncu cərrahiyyə palatası” romanı haqqında deyir: "Mən Peyaminin bu son romanını üç dəfə oxudum, otuz dəfə də oxuya bilərəm və oxuyacağam. Əgər iztirabı və nəşəni coşqun bir ciddiyyətlə hiss edən xalis xalq kütlələri oxumaq-yazmaq bilsəydi bu roman on min, yüz min, hətta bir milyon tirajdan da çox satılardı.”

Köhnə dostların düşmənçiliyi

Amma dostlar arasındakı mehribanlıq uzun sürmür. Peyami Safa Nazimin "Rəsimli Ay” dərgisində çap olunan "Jokond ile Sİ-YA-U” adlı yazısını sərt şəkildə tənqid edir. Nazim bu yazıya bir o qədər fikir verməsə də, dostlar arasında soyuqluq başlayır. Peyami Safa 1934-cü ildə söhbət əsnasında həmişə pulsuzluqdan şikayətlənən Nazim Hikmətə "Bəs Moskvadan göndərilən pulları kim alır?” deyə sual verir. Bu köhnə dostlar arasındakı münasibəti daha da gərginləşdirir. Daha sonra nasist Almaniyasına haqq qazandıran Peyami Safa ilə kommunist Nazimin polemikası dərinləşir. "Köhnə dostlar” bir müddət eyni qəzet və dərgilərdə bir-birinin əleyhinə yazılar yazır, bir-birlərini sərt tənqid edirlər. Hər iki yazara eyni səhifədə köşə verən "Tan” qəzetinin sahibi Zəkəriyyə Sertel bu polemika haqqında gizlinlərə işıq tutur: "Nazim kommunizm haqqında yazıb, ətrafındakı adamları öz yoluna çəkməyə çalışırdı. Bu Peyamini hövsələdən çıxarırdı. Peyami çox ağıllı və qabiliyyətli gənc idi. Nazim onu mübarizə sıralarına qoşmağa çalışırdı. Təəssüf ki, Peyami ağıllı olduğu qədər, pis ruhlu idi. Çox içər, hətta narkotikdən də istifadə edərdi. Nazimin çevrəsinə göstərdiyi təsiri qısqanır, onun ağ dediyinə hər zaman qara deyərdi.”

Bu qovğanın, illər sonra kitaba çevrilən bu "fikir savaşı”nın Türk ədəbiyyatı tarixində önəmli yeri var. Ərgün Göze "Peyami Safa və Nazim Hikmet qovğası” adlı kitabında bu qovğanın bütün detallarına aydınlıq gətirib. Müəllif baş verənlərə birtərəfli yanaşaraq Peyami Safaya bu polemikada haqq qazandırıb.
Atatürkə etiraz etmək cəsarəti

Payami Safa düşüncələri, siyasi görüşləri, ədəbi meyarları nə qədər mübahisəli olsa da, bu gün də sevilən və oxunan yazıçılar arasındadır. Nazimlə münasibətlərinin kökündə şəxsi qısqanclıq olsa belə, Peyami Safa düşüncə olaraq sosializmə, kommunizmə və materializmə qarşı idi və onları tənqid etməkdən çəkinmirdi. Nazim Hikmətlə dostluqları yarıda qırılsa da, Nəcib Fazillə dostluqları ömürlərinin sonuna qədər davam edib, hətta ustad şair bir müddət onun evində yaşayıb. Peyami Safa haqqında dolaşan söhbətlərdən biri də Mustafa Kamal Atatürklə bağlıdır.

Ədəbiyyat adamlarını toplayan Atatürk Xalid FƏxri Ozansoydan soruşur: "Ədəbiyyat qavramını necə başa düşməliyik?” Ozansoy danışmağa başlayanda Atatürk onun sözünü kəsir: "Olmadı paşam, olmadı”. Daha sonra Atatürk ədəbiyyat haqqında düşüncələrini bölüşür, ədəbiyyatın vəziyyəti haqqında danışır. Atatürk çıxışını bitirər-bitirməz Peyami Safa yerindən dillənir: "Olmadı paşam, olmadı”. Ortalığa ölüm sükutu çökür. Amma Peyami, ətrafındakıların qorxusuna fikir vermədən Atatürkün ədəbiyyatla bağlı düşüncələrinin yanlış olduğunu izah edir. Söhbətin sonunda Atatürk ədəbiyyat bilgisinin zəif olduğunu etiraf edib, yazıçının əlini sıxır və təşəkkür edir.

Faciəvi şəxsiyyət, talesiz insan

Atasını erkən yaşda itirən, uzun müddət ağır xəstəliklə və kasıbçılıqla yazıçının şəxsi həyatı da qaydasında olmayıb. İçkiyə və narkotikə aludəçiliyi, ruh çağırma məclislərinə marağı, parapsixologiyaya meyli, mason lojasına üzv olmaq istəməsi onun qeyri-adilikləri arasındadır. Yazıçı şəxsi həyatında da xoşbəxtliyi əldə edə bilməyib. Həyat yoldaşı Nəbahat xanımla tanışlıqları dərgilərin birində baş tutub. İlk qələm təcrübələrini çap etdirmək üçün dərgiyə gələn Nəbahat xanıma aşiq olan yazıçı ona evlənmək təklif edir. Toydan sonra Nəbahatın psixoloji və fiziki problemləri üzə çıxır. Həyat yoldaşını müalicə etdirmək üçün hətta xarici ölkələrə də üz tutsa, Nəbahat xanım tam olaraq sağalmır.
1957-ci ildə oğlu Mərvə sağalmaz xəstəliyə tutulur. Uzun müddət müalicə olunsa da, onu xilas etmək mümkün olmur. 1961-ci ildə Mərvə uzun sürən sağalmaz xəstəlikdən sonra vəfat edir.

Həyatı boyu əzablar, məhrumiyyətlər içində yaşayan yazıçı oğlunun ölümündən sonra cəmi dörd ay yaşayır və ağır xəstəliyə tutularaq vəfat edir.
 
Cəlil Cavanşir/Mucru.art
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image