İdman 13:00 09.07.2020

Avropa Liqasına hazırlaşan klublarımızın hazırlıq planı (AÇIQLAMA)

Bildiyiniz kimi, "Neftçi", "Keşlə" və "Sumqayıt" klubları bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Karantin səbəbindən Bakıda məşq prosesi keçə bilməyən komandalar avrokuboklara əyalətlərdə hazırlaşacaqlar. 

Klublarımızın məşq prosesini Qəbələ və Şamaxıda keçəcəyi gündəmdədir. 

Elə bunu nəzərə alaraq Sport7.az Avropa Liqasına hazırlaşan klublarımızın hazırlıq planını öyrəndi. 

"Neftçi"nin mətbuat xidmətindən aldığımız məlumata görə, komanda bu gün test verəcək. Cavablar çıxdıqdan sonra Qəbələyə yola düşəcəklər. Klubun mətbuat katibi Rüstəm Allahverdiyev komadanın ay sonuna kimi orada qalmasının nəzərdə tutulduğunu bildirdi. 

"Keşlə"nin mətbuat katibi Murad Axundov Şamaxıda keçəcək hazırlıq planının 2 həftə davam edəcəyi vurğuladı.

"Sumqayıt" klubun mətbuat katibi Rəşad Məmmədov isə hazırlıq planının hələ təsdiq olunmadığını açıqladı: "Hazırlığı sərt karantin rejimi tədbiq olunmayan bölgələrdən birində keçməyi düşünürük. Şamaxı, Qəbələ və başqa variantlarımız var. Qəbələ variantı daha real görünür. Ancaq plan hələ klub rəhbərliyi və baş məşqçi tərəfindən təsdiq olunmayıb. Yəqin ki, bazar günü ya da gələn həftənin ilk günlərində plan tam məlum olacaq".

Qeyd edək ki, avrokubokların püşkatması avqustun 9-10-da, ilk oyunları ayın ikinci yarısında baş tutacaq.
 
Röya Kərimli