Avropa Parlamentində Azərbaycan-Ermənistan Dağlıq-Qarabağ münaqişəsinə dair Avropa üzrə Liberallar və Demokratlar Alyansı siyasi qrupununun üzvləri İvo Vayql (Sloveniya) ve Hannu Takkulanın (Finlandiya) ev sahibliyi ilə "Dağlıq-Qarabağda çəkişmələrin eskalasiyası: Aİ üçün narahatlıq səbəbi?" mövzusunda dinləmələr keçirilib.
Qaynarinfo.az "Report"a istinadən xəbər verir ki, dinləmələrdə həmçinin AP-nin digər üzvləri Norika Nikolai (Rumıniya), İveta Qriqule (Latviya) və Anneli Yaatenmaki (Finlandiya) iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AP üzvü İ.Vayql Azərbaycan-Ermənistan münaqişəsinin tezliklə həll olunması vacibliyini vurğulayıb, eləcə də Azərbaycanın Ağdam rayonunda yerləşən köçkün şəhərciyinə səfərini yada salıb. O, Aİ-nin daha böyük enerji ilə ən yüksək siyasi səviyyədə məsələyə diqqət ayırmasının vacib olduğunu bildirib.
Daha sonra çıxış edən Avropa Parlamentinin uzvu H.Takkula münaqişənin hələ də öz həllini tapmamasına və erməni təcavüzünün nəticələrinə diqqət çəkib, eləcə də erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Deputat Norika Nikolai BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmalı olduğunu qeyd edib və münaqişənin həlli prosesinin beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayıb.
Dinləmələr zamanı Ermənistanı təmsil edən bir sıra şəxslərin tədbirin gedişatına təsir etmək cəhdlərinə baxmayaraq, onlar buna nail ola bilməyiblər. İştirakçıların səsləndirdikləri fikirlərdə işğal faktı öz əksini tapıb.
Qaynarinfo.az
Şərhlər