Siyasət 17:41 25.01.2023

Avropa Şurasında 22 il: Azərbaycan nə qazandı? - Partiya sədrinin şərhi

"Avropa Şurasına üzv olmaq Azərbaycan qanunvericiliyinin inkişafı nöqteyi-nəzəridən, eyni zamanda yerli praktikanın Avropa dəyərlərinə uyğunlaşdırılması istiqamətində ölkəmiz üçün maraqlı və əhəmiyyətli olub”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən keçən 22 il müddətində prosesə nəzərə salarkən deyib. 
 
"Təşkilata qəbul olunmağımızla Azərbaycanın üzərinə daxili qanunvericilik, konvensiyalarla bağlı bir çox öhdəliklər qoyuldu. Nəticədə, bu istiqamətlərdə xeyli sayda yeni qanunlar qəbul edildi. Bu qanunlar prinsip etibarı ilə Avropa standartlarına uyğun gəlirdi. Amma eyni zamanda, bir sıra məsələləri Avropa dəyərlərinə tam şəkildə uyğunlaşdırmaq mümkün olmadı. Məsələn, insan hüquqları, seçkilər, mətbuat azadlığı və s. məsələlərlə bağlı ölkədə müəyyən problemlər qalmaqdadır”, Qulamhüseyn Əlibəyli bildirib.



Partiya sədri deyib ki, AŞ Azərbaycan torpaqlarının işğalına münasibətlə bağlı məsələdə isə o qədər də obyektiv rol oynamayıb:
 
"Avropa Şurası bu illər ərzində Azərbaycanla bağlı müəyyən məsələləri müzakirə edib. Ancaq təşkilat Azərbaycanın təcavüzə məruz qalması məsələsində bir o qədər də uğurlu rol oynamadı. Bütün hallarda ölkəmizin AŞ-a üzv olmağımız Azərbaycan üçün qanunvericilik, həm də praktika, demokratiya nöqteyi-nəzərindən irəliləyişlərə də gətirib çıxarıb”. 

Qeyd edək ki, bu gün Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 22 il keçir. Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 2001-ci il yanvarın 25-də isə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb. 

Rüfət Sultan