Ayaz Mütəllibov Prezidentlə görüşündən danışdı: “Biz hər zaman bir olmalıyıq”

Ayaz Mütəllibov Prezidentlə görüşündən danışdı: “Biz hər zaman bir olmalıyıq”

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Mütəllibov da olub.

 A.Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Eyni zamanda, keçmiş dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.

Eks-prezident Ayaz Mütəllibov Modern.az-a açıqlamasında dövlət başçısı ilə görüşü barədə danışıb. O, ölkə başçısı İlham Əliyevə uğur dilədiyini bildirib:

"Cənab prezident İlham Əliyevlə görüş zamanı ona xoş niyyətlərimi çatdırdım, uğurlar dilədim. Görüş zamanı cənab prezidentin son görüşlərdəki çıxışlarını qeyd etdim. Dağlıq Qarabağ məsələsi ətrafında fikirlərimi söylədim. İlham Əliyev Ermənistanın Baş Naziri Paşinyanla sonuncu görüş zamanı düşmən tərəfini tutarlı cavabı ilə susdurdu. Bu cür çıxışı ancaq alqışlamaq olar. Cənab prezident də öz çıxışında xalqın birliyinin vacibliyini qeyd etdi. Ayrıseçkiliyə yol verilməməsini söylədi”.

Ayaz Mütəllibov Prezidentin fikirləri ilə razı olduğunu xüsusi qeyd edib:

"Biz hər zaman bir olmalıyıq. Azərbaycanın bütövlüyü üçün çalışmalıyıq. Yaranmış vəziyyətlə əlaqədar yumruq kimi birləşməliyik. Çünki dünya çox mürəkkəb quruluşa malikdir”.

Qeyd edək ki, 1990-92-ci illərdə Azərbaycana rəhbərlik etmiş A.Mütəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR