Siyasət 11:54 23.06.2021

Ayvazyanın ifşası: Azərbaycana daha iki rayonun mina xəritəsi veriləcək?

"Ara Ayvazyanın ifşası Ermənistanın digər rayonlar üzrə mina xəritələrini də Azərbaycana verməsi prosesini sürətləndirəcək. Zəngilan, Cəbrayıl rayonlarının mina xəritələri bu günlərdə Azərbaycana təhvil veriləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın istefaya gedən xarici işlər naziri Ara Ayvazyanı minalanmış ərazilərin xəritəsilə bağlı xarici həmkarlarına yalan danışmaqda ittiham etməsinə münasibət bildirərkən deyib. Politoloqun fikrincə, bu açıqlama onu göstərir ki, Paşinyan hökuməti kifayət qədər inamlı hərəkət etməkdə davam edir:  

"Onun fəaliyyətində Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bəlli siyasi iradənin işartıları görünür”. 
 
 

Q. Hüseynli qeyd edib ki, Ara Ayvazyan xarici işlər nazir olanda belə özünü iradəsiz nazir kimi göstərmişdi: 

"Necə ola bilər ki, böyük ərazilərə mina basdırırlar, amma Ayvazyan xarici həmkarları ilə görüşdə yalandan, həyasızcasına mina xəritələrinin olmadığını bəyan edir? Amerikaya qaçan polkovnikin dediyinə görə, 17 maşından çox  minanı tək Kəlbəcər və Laçına döşəyiblər. Bundan daha çox minanı isə Füzuli, Ağdam, Zəngilan və digər rayonlara basdırıblar. Hərbidə piyadalar və tank əleyhinə basdırılan minalar xəritəyə alınır. Basdırılan yerin koordinatları müəyyənləşdirilir. Bu mənada Ayvazyanın ifşası onun humanist dəyərlərdən xeyli uzaq olduğunu göstərdi. O, tam təsadüf nəticəsində xarici işlər naziri olub.  Tədricən həqiqət üzə çıxır. Ağdamla bağlı mina xəritələri üzə çıxdı.  Deməli, digər ərazilərlə bağlı da mina xəritələri var. Bu xəritələr də Azərbaycana verilməlidir”.   

Həmsöhbətimiz düşünür ki,  Ara Ayvazyanın ifşası Ermənistanın digər rayonlar üzrə mina xəritələrini də Azərbaycana verməsi prosesini sürətləndirəcək: 
 
"Bildiyimə görə, Zəngilan, Cəbrayıl rayonlarının mina xəritələri bu günlərdə Azərbaycana təhvil veriləcək. Ermənistanda seçki eyforiyası arxada qalıb.
Bundan sonra onunla daha normal əlaqələr qurmaq olar”.

Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında istefaya gedən xarici işlər naziri Ara Ayvazyan barəsində ifşaedici fikirlər səsləndirib. Onun dediyinə görə, Ayvazyan minalanmış ərazilərin xəritəsilə bağlı xarici həmkarlarına yalan danışıb. "Mayın 27-ə qədər əsirlərlə bağlı irəliləyiş yox idi. Çünki Ayvazyan xarici həmkarlarına yalandan deyirdi ki, guya minalanmış ərazilərin xəritələri yoxdur. Ancaq Ayvazyan istefaya gedən kimi bu məsələ müsbət həll olunmağa başladı”, - deyə Qriqoryan bildirib.

Rüfət Sultan