Xəbər lenti

Azad edilən ərazilərə qanunsuz səfərlər və mina faciələri... - Nə etməli?
Ölkə 12:16 09.02.2021

Azad edilən ərazilərə qanunsuz səfərlər və mina faciələri... - Nə etməli?

"Postlarda dayanan, vətəndaşların gediş-gəlişinə görə məsuliyyət daşıyan şəxslər də diqqətli olmalıdır. Onlar kiminsə xahişi ilə vətəndaşların həmin əraziyə getməsinə göz yummamalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Ramin Hacılı işğaldan azad edilən ərazilərə səfər edib minaya düşən şəxslərdən danışarkən deyib. Ramin Hacılı hesab edir ki, bu məsələ ilə bağlı çox ciddi tədbirlər görülməlidir:
 
 

"Xüsusən də Ağdam, Füzuli, Cəbrayıl istiqamətində həddən artıq minanın olması haqda məlumatlar var. Mülki və hərbi şəxslər ən çox bu ərazilərdə minaya düşür. Minalardan təmizləmə prosesi başa çatana qədər bu bölgələrə səfərlər qəti qadağan olunmalıdır. Xüsusən də mülki şəxslərin. İnfrastruktur düzələnə, minalardan təmizləmə prosesi yekunlaşana kimi səfərlərin qarşısı hansısa formada alınmalıdır. Düşünürəm ki, bu, ən azı bir il çəkəcək  prosesdir. Vətəndaşların həmin ərazilərə gedişinin qarşısı alınmalıdır ki, heç bir mülki şəxs getməsin və nəticədə facilər baş verməsin”.

Ramin Hacılı insan həyatını hər şeydən önəmli hesab edir:

"İnsanların həyatını qorumaq üçün tədbirlər görülməlidir. Cəza metodları ilə yanaşı maarifləndirmə işləri də aparılmalıdır”. 
 
Qeyd edək ki, vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərə qanunsuz səfər edərək minaya düşən şəxslərin sayı açıqlanıb. 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->