Xəbər lenti

BMT Baş Assambleyası Fələstinin üzvlük ərizəsini təsdiqlədi
Dünya 11:51 11.05.2024

BMT Baş Assambleyası Fələstinin üzvlük ərizəsini təsdiqlədi

BMT Baş Assambleyası Fələstinin təşkilata tamhüquqlu üzvlük iddiasını böyük səs çoxluğu ilə dəstəkləyib və BMT Təhlükəsizlik Şurasını "məsələyə yenidən baxmağa” çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Qaydalara əsasən, yeni üzv dövlətlərin BMT-yə qəbulu BMT Təhlükəsizlik Şurasının qərarı əsasında həyata keçirilir - bəziləri daimi üzv olan, bəziləri isə rotasiya ilə işləyən 15 dövlətdən ibarət dar dairə. Aprel ayında Təhlükəsizlik Şurası artıq Fələstinin üzvlük müraciətinə səs verib və ABŞ buna veto qoyub.

193 üzvdən ibarət Baş Assambleyanın səsverməsi məsləhət xarakteri daşıyır və Reuters-in qeyd etdiyi kimi, Fələstinin BMT-nin tamhüquqlu üzvü olmaq istəyinə dəstək səviyyəsinin qlobal sorğusudur.
Baş Assambleya qətnaməni 143 lehinə, ABŞ və İsrail də daxil olmaqla 9 əleyhinə səslə qəbul edib, 25 ölkə isə bitərəf qalıb. Qərar fələstinlilərə BMT-yə tam üzvlük hüququ vermir, sadəcə olaraq onlara daxil olmaq hüququ tanıyır.

Reuters-in məlumatına görə, Fələstinin müraciəti Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarılarsa, ABŞ onu yenidən bloklayacaq.
"Bizim [Fələstinin BMT-yə üzvlüyünə qarşı] səsimiz Fələstin dövlətçiliyinə qarşı çıxdığımızı göstərmir; biz onu dəstəklədiyimizi və bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə etməyə sadiq olduğumuzu açıq şəkildə bildirdik. Lakin bu, dövlətçiliyin yalnız bir prosesdən keçəcəyinin etirafıdır. Bu, tərəflər arasında birbaşa danışıqları nəzərdə tutur”, - deyə ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud bildirib.

Ancaq Baş Assambleyanın cümə günü qəbul etdiyi qətnamə boş bəyanat deyil. O, fələstinlilərə 2024-cü ilin sentyabr ayından başlayaraq BMT-də bəzi əlavə hüquqlar və imtiyazlar verir: məsələn, BMT üzvləri arasında assambleya zalında yer verir, lakin səsvermə hüququ olmur.

Hələlik Fələstin BMT-yə üzv olmayan müşahidəçi dövlətdir. 2012-ci ildən bu statusa malikdir.

İsrailin BMT-dəki səfiri Gilad Erdan artıq BMT-nin "terrorçu dövləti” öz sıralarına qəbul etdiyini bəyan edib. Hələ səsvermədən əvvəl o, xəbərdarlıq edib ki, qətnamə təsdiq olunarsa, Fələstinin tamhüquqlu üzv olduğu YUNESKO ilə əvvəllər olduğu kimi, Birləşmiş Ştatlar BMT-yə maliyyəni kəsəcək.

UNIAN-ın yazdığı kimi, bəzi Avropa ölkələri Fələstini müstəqil dövlət kimi rəsmən tanımağı planlaşdırır. Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Xosep Borrelin sözlərinə görə, belə planlar yaxın gələcəkdə İspaniya, İrlandiya, Belçika və digərləri tərəfindən həyata keçirilə bilər.

Eyni zamanda, "The Times” qəzetinin yazdığına görə, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin digər yüksək rütbəli rəsmilərinin Qəzzadakı müharibə ilə bağlı həbsinə order verməyə hazırdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->