Ekonomiks 12:51 17.08.2015

AZAL əsaslı islahatlara nə vaxt gedəcək? - ŞƏRH


AZAL-da baş verən qiymət dəyişikliyindən sərnişinlər o qədər razı olmasa da, bu narazılıqlar çox az müddət çəkdi. Ölkədə baş verən növbəti jurnalist qətli - Rasim Əliyevin döyülərək öldürülməsi ölkə mətbuatı ilə yanaşı, dünya mətbuatında da geniş yayıldı və bu hadisə AZAL-ın tarif mövzusunu arxa plana keçirdi. Yəni hazırda çox saylı narazılıqlara baxmayaraq, sərnişinlər yüksək qiymətə də olsa, məcburiyyət qarşısında AZAL-ın xidmətlərindən istifadə edirlər.

Mətbuata çox az sayda açıqlama verməklə yadda qalan qurumun yeni mətbuat katibi Paşa Kəsəmənski və AZAL-ın rəhbəri Cahangir Əsgərov qiymətlərin yüksək olması məsələsinə münasibət bildirməkdən yayınırlar. Nəhayət, məsələyə ölkə başçısı İlham Əliyev qarışdıqdan sonra AZAL gediş haqqlarında dəyişiklik etməyə başladı. İlham Əliyevin AZAL-ı necə tənqid etdiyini bir daha yada salaq: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da, bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır".

Ölkə başçısının bu çıxışından sonra AZAL müəyyən addımlar atdı. Amma bu AZAL-ı bir daha sərnişinlərin gözündən saldı. Çünki tariflərə elə də əsaslı dəyişiklik edilməmişdi. Sərnişinlərin bütün dünyada olduğu kimi ən ucuz təyyarə uçuşlarından istifadə etmək niyyətləri də ürəklərində qaldı. Çünki ölkədə AZAL-dan başqa digər hansısa aviaşirkət uçuşlar həyata keçirmir, yəni rəqabət mühiti yoxdur. Bir çox ölkələrdə ən ucuz uçuşlar həyata keçirən “WizAir” də bu il Azərbaycanla əməkdaşlıq etməyəcəyini rəsmi şəkildə bildirdi. ANN.Az xəbər portalının rəsmi sorğusuna cavab olaraq WizAir aviaşirkətinin rəsmisi Tamara Mşvenieradze  "WizzAir Azərbaycanla əməkdaşlıq etməyəcək” açıqlamasını verdi.

"WizzAir” rəsmisi əlavə etdi ki, AZAL bizimlə müqavilə şərtlərini dəyişib: "Buna görə də "WizzAir”in  Budapeşt-Bakı xidməti dayandırılıb. "WizzAir” Azərbaycanda göstərilən xidmətləri ödəməkdən heç vaxt imtina etməyib. Biz Mərkəzi və Şərqi Avropanın ən ucuz hava yolları aviaşirkətiyik. Buna görə də bütün xidmətləri yüksək səviyyədə həyata keçiririk. "WizzAir” 2015-ci il üçün bütün marşurut xətlərini səfərbər edib. Bu səbəbdən də bu il Azərbaycanla əməkdaşlıq edə bilməyəcəyik. Hazırda Bakıya uçuşlar yoxdur.  Amma Azərbaycan tərəfdən yeni bir təklif olarsa, bu təklifi nəzərdə keçirə bilərik”.

Bütün bunlardan sonra AZAL uçuş tariflərində endirim etməyə başladı. Həmin siyahını sizlərə təqdim edirəm:

Yəqin ki, qiymət cədvəlində dəyişikliyin elə də güclü olmadığını tez-tez aviauçuşlardan istifadə edən sərnişinlər daha tez anlayar.

AZAL özünü tək qiymət dəyişikliyi ilə deyil, həm də regionlarda işləməyən hava limanları ilə də bir daha sübut etdi ki, bu sektorda ciddi dəyişikliyə və islahatlar aparılmasına ehtiyac var.
Lənkəran, Zaqatalada hava limanlarının işləməməsinə əsas səbəb kimi sərnişinlərin təyyarədən çox az istifadə etməsi göstərilir. Regionlarda yaşayan əhali isə bildirib ki, qiymət tarifləri həddindən artıq bahadır: Bakıda regionlara ictimai nəqliyyatla (avtobuslarla) getmək təyyarə ilə getməkdən dəfələrlə ucuzdur. Təyyarə ilə Bakıdan-Gəncəyə getmək 30 manat olduğu halda, avtobusla bu gedişin qiyməti 5 manat 65 qəpiyə başa gəlir. Bu ölkədaxili uçuşların ictimai nəqliyyat qiymətləri ilə müqayisəsi idi. AZAL ilə digər xarici uçuşları müqayisəsi etdikdə Bakı-İstanbul 253 manat olduğu halda Tbilisidən İstanbula uçuş cəmi 105 manata başa gəlir. 

Bütün bunlara baxmayaraq, AZAL-ın qiymət tarifinə son dəyişikliyi heç nəyi dəyişmədi. Üstəlik quruma qarşı narazılıqları daha da artırdı.

Orxan Aslanlı
Qaynar.info