(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanıb)
Azərbaycan xalqının formalaşmasında min illərə dayanan dövlətimiz, dövlətçiliyimiz fonunda tarixlərdən süzülüb gələn adətlərimiz, mənəvi dəyərlərimizə sayğı, hörmət böyük rol oynayıb.
Qədim etnosların yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyalardan birinin yarandığı region olub. Azərbaycan xalqının təşəkkülündə iştirak edən qədim etnoslar bu regionda yaranan qədim mədəni mühitin ən böyük iştirakçısı olub.
Tarixi ərazilərimizdə tapılan müxtəlif memarlıq abidələri, kurqanlar, yaşayış məskənlərinin qalıqları, məişət əşyaları Azərbaycan xalqının min illərə dayanan mədəni irsinin olduğunu sübut edir.
Qaynarinfo Azərbaycan ərazisində ilk dövlətçilik ənənələrimiz hansı dövrdə yaranıb, tariximizə hansı dövlətçilik ənənəsi daha böyük iz buraxıb, Azərbyacan Cümhuriyyətinin Azərbaycan tarixində izi, rolu və s. kimi məsələləri tarixçi, türkoloq-alim Faiq Ələkbərli ilə müzakirə edib.
Tarixçi alim bildirib ki, bizim Arattadan başlayıb Azərbaycan Cümhuriyyəti, indiki Azərbaycan Respublikasına qədər davam edən bir dövlətçilik ənənəmiz mövcuddur.
O bildirib ki, Azərbaycan anlayışı dedikdə biz onu indiki Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdırmamalıyıq:
"Azərbaycan istər tarixi-coğrafi anlamda olsun, istər indiki siyasi ideoloji anlamda - bütün hallarda böyük bir coğrafiyanı əhatə edir. İndiki Azərbaycan Respublikası deyil, həm də Güney Azərbaycan, Dərbənd, Borçalı və digər ərazilər də bura daxildir. İndiki Ermənistan adlanan respublikanın ərazisi də bütöv Azərbaycanın tərkib hissəsidir. İkincisi, bizim dövlətçilik tariximiz dedikdə ən azı Miladdan öncə 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəlində mövcud olan Aratta adlı dövlət qurumundan başlayır. Hər halda hələlik tarixə məlum olan ilk dövlət qurumu kimi Arattanın adını bilirik. Daha sonra burda Kutilər, Lullibilər, Suvarlar olub. Bu dövlət qurumları eramızdan əvvəl ikinci-üçüncü minilliyə aid dövlət qurumlarıdır”.
O bildirib ki, xüsusi ilə Kutiləri biz Aratadan sonra ən güclü dövlət kimi bilirik.
Kutilər hətta indiki Azərbaycan coğrafiyasına daxil olan əraziləri deyil, Kəngər körfəzinə qədər gedib çıxan əraziləri əhatə edən dövlət olub. Kutilərdən sonra biz Lullubiləri, Turikkiləri deyə bilərik.
Turikkilər – türk adının ilk forması kimi
O bildirib ki, Turikkiləri də əslində türk adının ilk forması kimi qeyd edə bilərik. "Turikki” sözünü sonradan türk sözünün ilk mənşəyindən biri kimi dəyərləndirmək mümkündür. Ancaq hazırda Azərbaycan tarixi kitablarında ilk quldarlıq dövləti kimi isə Manna dövlətinin adı çəkilir:
"Manna Miladdan öncə təxminən birinci minilliyin başlarında yaranmışdı, təxminən Miladdan öncə 9,8,7-ci əsrləri əhatə edib. Bildiyimiz kimi, Manna dövləti əsasən Azərbaycanımızın güneyində formalaşan bir quldarlıq dövləti kimi qələmə verilir. Beləliklə, gördüyümüz kimi, indi Azərbaycan adlanan bütün Azərbaycanı nəzərdə tuturuqsa, burada Arratadan, Lullubilər, Turukkilər, Kutilər, Manna dövləti mövcud olub. Daha sonra Mannadan üzü belə burda mövcud olmuş Midiya dövlətini də, İskit çarlığını da deyə bilərik. Bəzən biz bunları Oğuz dövləti kimi qələmə verilməsinin tərəfdarıyıq. Həm də bu, bir Oğuz dövləti idi. Beləliklə, ermmızdan əvvəl birinci minilliyin sonlarına doğru Atropatena, Albaniya kimi dövlətlər meydana çıxdı.
Bizim eranın başlarında isə artıq Xəzərlər dövləti, Sacilər dövləti yarandı. Beləliklə bizim dövlətçilik ənənəmiz bu kimi formada təşəkkül tapıb.
İlk Azərbaycan dövlətinin hansı ərazidə olması haqqında da danışan tarixçi alım bildirib ki, bizə məlum olan odur ki, bu dövlət indiki Azərbaycan ərazisində olub, daha çox Azərbaycanın güneyində mövcud olan Arratanın adı çəkilib:
"Arattanın mənası müxtəlif formalarda yozulur. Dağlıq ölkə kimi, dağlıq olan yer və s. Bu, Arattanın vaxti ilə Şumer şəhər dövlətləri ilə, Urikki və digər şəhər dövlətləri ilə əlaqəsi olduğu haqqında məlumatlarımız var. Azərbaycanımızın güneyində, ümumiyyətlə, dünyada mövcud olan ən qədim dövlətlər arasında Arratanın adı da çəkilir.
Hələlik ən qədim dövlət kimi Arratanın adının çəkilməsinə səbəb onun hökmdarının olması, vəzir-vəkillərinin olmasıdır. Burada məsləhətləşmələr aparılırdı, onlara məxsus müxtəlif dini ayinlər icra olunurdu. Müxtəlif qüvvələrə sitayişlərlə yanaşı, eyni zamanda vahid Tanrı anlayışına inamın da burda mövcud olduğunu bilirik. Ümumiyyətlə, indiki bütöv Azərbaycan ərazisində qədimdə həm dövlətçilik ənənəsinin olması, həm də müəyyən dini inancların olması haqqında əldə etdiyimiz məlumatlar bizə həmin dövr haqqında müəyyən bilgilər verir.
Yeri gəlmişkən bununla bağlı Azərbaycanımızın güneyindən olan məşhur alim Məhəmmədtağı Zeytabinin İran türklərinin əski tarixi haqqında kitabında daha geniş məlumat verilir.
Əlbəttə biz bütün bunları dəyərləndirəndə görürük ki, indiki Azərbaycan Respublikası ərazisində olan dövlətləri yerli xalqların, türk mənşəli xalqlarla bərabər, digər etnosların da yaratdığı məlum olur. Ancaq türk xalqlarının bu dövlətçilik ənənələrinin yaradılmasında rolu böyükdür”.
Ən qədim dövlətçilik izlərimiz elə məhz Güney Azərbaycandadır
"Azərbaycan dövlətçiliyi dedikdə Cənubi Azərbaycan, İran ərazisindəki ərazilər də nəzərdə tutulurmu” sualını cavablandıran Faiq Ələkbərli qeyd edib ki, Azərbaycan dövlətçiliyi məhz o bütöv Azərbaycanın bir hissəsində və ya bütün ərazisində təşəkkül tapıb:
"İstər bunu Azərbaycan dövlətçiliyi, istər türk dövlətçiliyi, istərsə də Oğuz dövlətçiliyi kimi izah edə bilərik. Bütün hallarda Azərbaycan dövlətçiyinin məhz əsas mərkəzi Urmiya gölü, Təbriz, Ərdəbil ərazisində olub. Ən qədim dövlətçilik izlərimiz elə məhz Güney Azərbaycandadır. Biz indi burda İran adlana ölkədən bəhs edirik, əslində, İran bu ərazilərə sonradan verilən addır. Çünki İran adı anlayışı ancaq Miladdan öncə birinci minilliyin ortalarında hansısa bir Arian və ya İran anlayışı şəklində yavaş-yavaş işlədilməyə başlamışdı. Bütün bunlardan daha əski, qədim adlar var ki, İran adından daha qədimdir”.
O bildirib ki, Azərbaycan adının özü də İran adından daha qədimdir:
"1935-ci ildə hələ o zaman Millətlər Cəmiyyəti olan Birləşmiş Millətlər Təşkilatına bu adla müraciət etdilər. Ümumiyyətlə, bütün Azərbaycan dediyimiz ərazilər heç vaxt tarixən İran adlandırılmayıb. Ola bilsin ki, tarixin müəyyən dövründə Midiya adlanıb, Manna adlanıb, bu da türk tayfalarının adları ilə bağlı olub. Hətta Oğuz adı da İran adından daha qədimdir. Sonrakı dövrdə hind-avropa kökənli farsdillilərin bura köçündən sonra zamanla müəyyən siyasi-ideoloji baxışdan irəli gələrək İran adı ön plana çıxıb. Ona görə də Azərbaycan dövlətçiliyi deyiriksə, yaxud türk dövlətçiyindən bəhs ediriksə, Azərbaycan ərazisindən, Mannadan, Midiyadan, Kutilərdən söhbət gedə bilər”.
Faiq Ələkbərli siyasi anlamda Azərbaycan sözünün ilk dəfə işlədilməsi haqqında danışarkən bildirib ki, Azərbaycan sözü əvvəllər də Oğuz ərlərinin ölkəsi kimi, xəzərlərin ölkəsi kimi öz adını tarixə yazıb:
"Buna ən vacib nümunələrdən biri də Xəzərlər dövlətidir. Amma yeni dövrdə Azərbaycan dövlətinin adının tarixi-coğrafi anlamdan yenidən siyasi anlama çevrilməsi Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Məhz yeni bir türk cümhuriyyətinə Azərbaycan adının verilməsi, onu yenidən siyasi mənaya qaytardı. Şübhəsiz ki, Rəsulzadə Azərbaycan adını verməkdə də bütöv Azərbaycanı hədəfləmişdi. Yəni əslində Quzey Azərbaycanda Azərbaycan Cümhuriyyətinə verilən ad, Güney Azərbaycanla Quzey Azərbaycanın gələcəkdə bütün Azərbaycan ideyasının yenidən bir bütün hala gəlməsinə hədəflənmişdi. Burda - indi Azərbaycan adlanan ərazidə ortaya çıxan dövlətçilik ənənəmiz var idi”.
Tarixçi alim bildirib ki, burda əslində dəqiqləşdirilməli başqa məsələlər var ki, niyə məhz Azərbaycan bizim üçün çox önəmlidir. İstər Azərbaycanın quzeyində, istər güneyində olsun, türklərin böyük bir qismi yaşayır ki, onların bir araya gəlməsi Məhəmməd Əmin Rəsulzadənin əməyidir. Onun özü də deyirdi ki, biz yenidən Azərbaycan adını dövlətçiliyə verməklə onu siyasi gündəmə gətirdik. Bu, doğurdan da belədir. Əslində, 1918-ci ildə dövlətə verilən ad onun yenidən siyasi məna kəsb etməsi, bu gündə siyasi ideoloji mənanın davam etməsinin bir təzahürüdür.
Şübhəsiz ki, bunun da müəllifi Məhəmməd Əmin Rəsulzadədir:
"Məhəmməd Əmin Rəsulzadə Azərbaycan adını həm siyasi ideoloji mənada gündəmə gətirdi, həm də 1828-ci ildən sonra parçalanmış Azərbaycan ideyasını yenidən bütün Azərbaycan ideyası kimi gündəmə gətirməsinin də müəllifi oldu”.
O bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti, yaxud da Azərbaycan Xalq Cümhuriyyətinin varlığı yeni dövürdə bugünkü Azərbaycanın əsas mahiyyətini təşkil edir:
"Bu bizim hətta milli atributlarda da özünü göstərir. Dilimizin adı nə qədər Azərbaycan dili adlandırılsa da, əslində bu, türk dilidir. Şübhəsiz ki, bu da Cümhuriyyətlə bağlıdır. Ümumiyyətlə, bir çox milli-mədəni, hüquqi məsələlər də Cümhuriyyət dövrü ilə bağlıdır. Azərbaycan SSR də müəyyən mənada onu formal şəkildə yaşada bilmişdi. Ən azı heç olmasa onun coğrafiyasını kiçiltsə də, yaxud digər məsələlərdə xüsusi ilə dil məsələsi Sovet dövründə dəyişdirilsə də, bu və ya digər şəkildə yenə də onun müəyyən bir rolu vardı. Şübhəsiz ki, Azərbaycan SSR bizim Cümhiriyyətimiz qədər bugünkü dövlətçiliyimizdə əsas rol oynaya bilməz. Bugünkü varlığımızda Cümhuriyyətə qədər olan dövlətlərimiz və Cümhuriyyətimiz rol oynayıb”.
Tarixçi alim onu da bildirb ki, Azərbaycan ilk növbədə türk dünyasının bir parçasıdır. İkinci növbədə Azərbaycan həm türk, həm də Türkistan dövlətinin bir parçasıdır. Üçüncüsü də bütün dünyanın bir parçasıdır:
"Biz bunu bayrağımızda ardıcıllıqla göstərsək, bu ardıcıllığı mütləq ifadə etmək lazımdır. Bu ardıcıllıqda biz ən qədim dövrlərdən günümüzə qədər türk dünyasının bir parçası olduğumuzu görməliyik, dövlətimiz də türk dövlətlərindən biridir. Eyni zamanda 7-ci əsrdən sonra zaman-zaman İslam dinini qəbul edən Azərbaycan türklərinin sayəsində biz islam dünyasının da bir tərkib hissəsi olduq. Təbii ki, dünyanın da bir hissəsiyik. Bu çağdaşlıq anlamında nəzərdə tutlur. Deməli, Azərbaycan bütün bu dəyərlərin bir sintezidir. Şübhəsiz ki, burda başlıca rolu, mənim düşüncəmə görə, türk dili, türk mədəniyyəti, türk dövlətçilik ənənələri də oynayır. Biz bütün Azərbaycan olaraq da bunu hədəfləmişik. Ona görə də bizim üçün bütöv Azərbaycan önəmlidir. Ona görə də bütöv Azərbaycan olmadan gələcəyə çox da nikbin baxmaq olmaz. Yalnız bütün Azərbaycan dövlətinin varlığı bizi gələcəyə optimist və nikbin baxmaa sövq edə bilər”.
Qədim tariximizin qədim dəyərləri
Azərbaycanın təkcə qədim tarixi deyil, onun həm də zəngin milli-mədəni dəyərləri, nümunələri, tarixlərə hopmuş adət-ənənələri onu dünyanın qədim ölkələrindən biri olması böyük tarixi keçmişə malik olmasının əsas göstəricilərindən biridir. Yüz illərdən bu gününümüzə axıb gələn bu adət-ənənələr necə qorunur, necə yaşadılır və s. məsələləri folklorşünas Aynur Qəzənfərqızı ilə müzakirə etdik.
Folklorşünas bildirib ki, adət-ənənəni müasir gənclik bəzən gerilik, köhnəlik kimi qəbul edir. Çünki onların adət-ənənə haqqında dolğun təsəvvürü yoxdur. Bunun bir səbəbi günümüzdə folklorçuların təbliğat apara bilməmələridirsə, ikinci və əsas səbəbi Sovetlərin xalqın mənəvi sərvətini əlindən alaraq onları "Sovet insanı” etmək siyasətidir. Halbuki adət-ənənə hər dövr üçün xarakterik xüsusiyyət alaraq formalaşır:
"Tutalım ki, bu dövr üçün sizə balaca bir misal çəkim. İndi tanışlıqların böyük əksəriyyəti sosial şəbəkələrdə gerçəkləşir. Cütlük anlaşırsa, evlənir, anlaşmırsa ayrılır. Bu vəziyyət köhnə çeşmə başını xatırladır. Əskidən də qızlar çeşmə başına gedərdi, oğlanlar da qız bəyənməyə çıxardı. Göründüyü kimi, oğlan və qızın tapışması bir adətdir, sadəcə, onun yeri dəyişib. Əvvəllər kəndin "simsiz teleqraf”ları olardı. İndi sosial şəbəkələrin "dezo”ları var. Hər ikisi şişirdilmiş, yalan xəbər daşıyanlardır”.
Aynur xanım bildirib ki, əslində, gənclik özü də fərqinə varmadan adət-ənənəyə "davam” edir. Bəzi olduqca önəmli gələnəklərimizi isə "mövhumat” deyə damğalayıb unudurlar:
"Bunlardan ən birincisi, lohusa qadınların lohusalıq qaydalarına əməl etməmələridir. Məsələn, inanca görə, doğumdan sonrakı 40 günü tək qalmamalı, qırmızı rəngi üstündən ayırmamalı, lohusa qadının kimsə xətrinə dəyməməlidir, yaxşı yaral yeməlidir, yatarkən başını altına qayçı, bıçaq qoyulmalıdır, yoxsa Halanası gəlib onların ciyərini aparar. Təəssüf ki, bu kimi adətləri xanımlar köhnəlik qalığı kimi qəbul edir, bu qaydalara əməl etmir. İndi tibbi araşdırmalar ortaya çıxarıb ki, qadın doğumundan sonrakı 40 gün ərzində üzülərsə, qorxarsa, aclıq hiss edərsə, xəstələnərsə, onun lohusalığı illər uzunu çəkə bilərmiş. Bu zaman qadın doğuşdan aldığı çəkini azalda bilmir, həddindən artıq əsəbi olur, çox vaxt ailəsi dağılır. Yəni, bizim nənələrimizin Halanasından qorumağa çalışdığı lohusa, tibbi tələblərə görə, depressiyadan qorunmalıdır”.
Folklorşünas deyir ki, başqa tənqid edilən və unudulmağa üz tutan inancımız pirə, ocağa getməkdir.Köhnəlik qalığı kimi tənqid atəşinə tutulan bu ənənənin də elmdə qarşılığı var:
"Alimlərin araşdırmalarına görə, insan enerjidən ibarətdir, enerjisini necə saxlasa, o şəkildə qarşılıq alır. Məsələn, paxıl qonşu öz varlı qonşusunun gözünün çıxmasını istəyirsə, o hadisə elə paxıl qonşunun öz başına gəlir. Yaxud xəstəlikdən qurtulmaq üçün dua etdiyi zaman sağalacağına inanan insan gerçəkdən də dua ilə sağalır. Pirə, ocağa gedən insan da arzusunun gerçəkləşəcəyi enerjisi ilə niyyətinin arxasında gedir və həmin niyyətin həyata keçməsi sürətlənir. Sadə insanın bunu həmin pirin sahibinin etdiyini düşünməsi normaldır, ancaq oxumuş, savadlı insanların ölmüş insanın arzunu gerçəkləşdirmədiyini bilib, işin əslini araşdırmadan piri, ocağı tənqid atəşinə tutması anormaldır. Bu cür tənqidlər ona görə təhlükəlidir ki, pir, ocaq ilə yanaşı, bir çox adətlərimiz də tənqid atəşinə tutulur”.
Aynur Qəzənfərqızı bildirib ki, unudulması çox təhlükə ərz edən bir digər adətimiz mətbəximizdədir. Yemək kültürü tamamilə unudulur. Qovurma kültürü, qurud kültürü, motal şoru kültürü demək olar ki, artıq ölüb və çox acınacaqlı bir haldır. Qidanın təbiisindən imtina edildikcə saxtasının hazırlanmasına şərait yaratmış oluruq.
O qeyd edib ki, əslində kültür tez-tez özünü yeniləyən bir hadisədir. Köhnə əlverişsiz adət unudulur, onun yerinə daha müasir və o dövr üçün daha əlverişli adət gəlir. Lakin son zamanlar unudulan adətlərin yeri saxta, zərərli "vərdişlər” ilə dolur. Bu da təəssüf ki, sağlam qidalanmayan gəncliyin sağlam düşünməsinə də maneə olur.
Aynur Qəzənfərqızı deyib ki, toy-nişan adətlərimiz də gedərək dəyişir, monotonlaşır:
"Elçilikdə şirinçay olardı. Bəyin şirinçayı rəngli olardı, altı ağ, üstü qırmızı. İndi bu adəti unudub qızlar. Sadəcə şirin çay verirlər oğlana. Stəkanın fərqli hazırlanması o deməkdir ki, onu gəlin özü hazırlayıb və işarə vurur ki, səni hər zaman belə əl üstə tutacağam və sayılıb seçilməyinə kömək olacağam. İndi bəzi qızlar fərqlilik üçün acı türk qəhvəsi içirirlər ki, bu da sevdiyim, gözəl adətlərdəndir. Evliliyin əvvəlində oğlanın təhəmmülü, səbri ölçülür. Elçilik zamanı oğlanın anası qızın çiyninə qırmızı yaylıq atardı. Bununla da qızı deyikləmiş olardılar. Daha sonra nişanda üzüklər taxılardı. Toya qədər xınayaxdı olardı. Xınayaxdı mərasiminin ən gözəl əyləncəsi paltarbiçdi idi. Burada oğlan evi qıza aldığı zinət əşyalarını, paltarları, hədiyyələri göstərərdi. Toyda isə qızın bacılığı, oğlanın qardaşlığı olardı. Qız evi boxça (bəzi yerlərdə bu şaxı olardı) hazırlayar, qarşılıqlı oynayaraq "deyişər”dilər. Yordu-yordu havasının müşayəti oynayarkən qız şaxısını qardaşlığa nümayiş etdirər, qardaşlıq da şaxını almaq üçün pul təklif edərdi. Qız pula razı olmasaydı, oynamağa davam edərdi".
O bildirir ki, adətlərimizdə olan dəyişikliklər, guya müasirləşmə adı bizə, genimizə aid hərəkətlər deyil. Biz bu qədər qaraqabaq, qısqanc və təhəmmülsüz olmamışıq. Bu adətlərə hardan yiyələnmişik? Guya Avropaya açılıb, müasirləşirik, ancaq müasirləşdikcə qadına verdiyimiz dəyəri itiririk. Qadına şəxsi mal-mülkü kimi davranan, onu insan yox, əşya yerinə qoyan bəylər peyda olur. Bunları bu şəkildə tərbiyə edən nədir axı? Hansı dalğadır? Nəyin təsirində qadın gedərək dəyərsizləşir bu toplumda? 20-ci yüzildə ailədə söz sahibi olan, dəyərli olan qadın necə olur ki, 21 yüzildə daha da dəyərsizləşir? Müasirləşirik dedikcə necə olur ki, reqressiya edirik:
"Düşünürəm ki, hər bir kəs bu suala cavab axtararsa, cəmiyyət daha gözəl yerlərə gedər. Adət-ənənə itdikcə insanın sayğısı əvvəl özünə, daha sonra ailəsinə azalır. Təəssüf ki, sayğısızlığı göstərəcəyimiz üçüncü yer cəmiyyət, daha sonra dövlətdir..."
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər