Ölkə 15:54 15.11.2019

Azərbaycan Avropa Hərəkatı Əziz Qaraşoğlu ilə bağlı prezidentə müraciət etdi

"Möhtərəm cənab Prezident! Hörmətli Mehriban xanım! Son zamanlar ölkəmizdə islahatların getdiyini, bu prosesin vacibliyini və daha da genişlənəcəyini bəyan etmisiniz. Bu istiqamətdə fəaliyyətlərə rəhbərlik edirsiniz”.


Qaynarinfo xəbər verir ki, bu sözlər Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı "Kanal 13” elektron media qrumu ilə bağlı ölkə rəhbərliyinə müraciətətində yer alıb.

 

 

Daha sonra müraciətdə deyilir:

 

 

"Bu istiqamətdə fəaliyyətlərə rəhbərlik edirsiniz. Belə açıqlamalar vətəndaşlarda ruh yüksəkliyi və gələcəyə ümid yaradır. Çox təəssüflər olsun ki, bir çox halda bəyan edilən siyasətin əksinə baş verən aktların şahidi oluruq. Siz öz çıxışlarınızda dəfələrlə demisiniz ki, belə hallarda cəmiyyətin Sizi məlumatlandırması, neqativ və ədalətsiz hadisələrə qarşı ictimai qınağının olması lazımdır. Bu səbəbdən də müstəqil elektron media qurumu olan KANAL 13 onlayn televiziyasının rəhbəri Əziz Orucov Qaraşoğlu barəsində ədalətli qərarların qəbul edilməsini Sizdən xahiş edirik.

Çox hörmətli cənab Prezident və Vitse Prezident!

Əziz Orucov obyektiv, səmimi, peşəkar jurnalistdir. Ölkəmizdə ilk onlayn televiziyanın (KANAL 13) qurucusu və rəhbəridir. Onun üzləşdiyi problemlər – Bakı şəhərində evinin əlindən alınması, Bərdə rayonunda özünə məxsus torpaq sahəsinin saxta yolla adından çıxarılması, üzərində şərti cəzanın saxlanılması, ümumvətəndaşlıq pasportunun verilməməsi hallarıdır.

Sizi bu məsələ ilə bağlı məlumatlandırmaqda məqsədimiz müraciətimizdən sonra ədalətli mövqeyinizin şahidi olacağımıza əminlikdir”.