Azərbaycan Avropa Hərəkatı Azərbaycandakı son aksiyalarla bağlı bəyanat yayıb. Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan bəyanatda deyilir:
"Azərbaycan Avropa Hərəkətanın müşahidə missiyasının topladığı məlumatlara görə, son aksiyalarda etirazçılar polisin sərt müdaxiləsi ilə üzləşiblər. İlk iki aksiyada – Binə Ticarət Mərkəzinin işçilərinin və İsmayıllı rayonun sakinlərinin keçirdiyi etiraz aksiyalarında etirazçılarla polis arasında qarşıdurma yaşanıb, polisin əsassız sərt müdaxiləsi nəticəsində bir neçə aksiya iştirakçısı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bundan başqa, hər iki aksiyada ümumilikdə 200-ə yaxın etirazçı polis tərəfindən saxlanılıb və onların bəzilərinə qarşı inzibati cəza – yüksək məbləğdə cərimələr tətbiq edilib, bəziləri barəsində isə həbs qətiimkan tədbiri seçilib.
Yanvar ayının 26-da keçirilən digər iki aksiyada da buna oxşar hallar müşahidə edilib. Vətəndaşların Səbail rayonu “Sahil bağı” ərazisində keçirdikləri aksiya zamanı polisin sərt davranışları nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bir çox aksiya iştirakçısının tibbi yardıma ehtiyacları olub.
Aksiya zamanı müşahidə olunan digər bir məqam isə polisin aksiyanı müşahidə edən jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı kobud davranması və onlardan bəzilərinin saxlanması olub.
Biz, Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi (Azərbaycan Avropa Hərəkatı) olaraq polisin vətəndaşlara qarşı bu cür davranmasını qəti şəkildə pisləyir, Avropinteqrasiya yolunu tutduğunu bəyan edən Azərbaycan hökümətini vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmağa səsləyir, aidiyyatı dövlət qurumlarından insanların tələblərini vaxtında dinləməyi tövsiyyə edirik.
Şərhlər