“Rabitə” ilk transferini reallaşdırıb. APA-nın məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu Polşa millisinin ulduz voleybolçusu Katarjina Skovronska ilə danışıqları müsbət yekunlaşdırıb.
30 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
189 sm boya malik voleybolçu Çinin “Quançjou Everqrand” klubundan transfer olunub. O, Asiya klubundan öncə “Danter” (2001-2003), “Pila” (2003-2005, hər ikisi Polşa), “Viçentsa” (2005-2006), “Novara” (2006-2008), “Pesaro” (2008-2010, hamısı İtaliya) və “Fənərbaxça” (2010-2011, Türkiyə) klublarını formasını geyinib.
Skovronska bu klublarda kifayət qədər titula sahib olub. Belə ki, 2 dəfə İtaliya çempionluğunu (2009, 2010), 1 dəfə bu ölkənin kubokunu (2009), 2 dəfə superkubokunu (2008, 2009) qazanan Katarjina, Çin çempionatının qızıl (2012) və gümüş (2013), Türkiyə Superliqasının (2010) və superkubokun qızıl medallarına (2011) sahib olub.
O, həmçinin 2010-cu ildə “Fənərbaxça” ilə klublararası dünya çempionatının və 2013-cü ildə “Quançjou Everqrand” ilə Asiya Çempionlar Liqasının qalibi olub. “Rabitə”nin yeni transferinin medal kolleksiyasında Çempionlar Liqasının bürünc medalı da var (2011).
2003-cü ildə yığmasının şərəfini qoruyan voleybolçu 3 qat Avropa çempionudur. İlk dəfə 18 yaşadək millilər arasında (1999) qitənin ən güclüsü olan Skovronska ardınca 2003 və 2005-ci illərdə böyüklər arasında birinci olub. Katarjina dünya çempionatının (2007), Çempionlar Liqasının “Dördlər finalı”nın (2008), Çin çempionatının (2013) və klublararası dünya çempionatının (2010) bombardiri olub. Katarjina bundan əlavə, Polşada son 7 ildə 4 dəfə ilin voleybolçusu, Türkiyə Superkubokunun və klublararası dünya çempionatının ən dəyərli oyunçusu seçilib.
Qeyd edək ki, “Rabitə” Skovronskadan öncə avstraliyalı Reyçel Rurku transfer edib, Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Aurea Kruz (Puerto-Riko) ilə müqaviləni uzadıb.
Qaynar.info
Şərhlər