Xəbər lenti

Azərbaycan İrina üçün Ukraynaya nə qədər pul ödəyib?
İdman 18:55 18.05.2018

Azərbaycan İrina üçün Ukraynaya nə qədər pul ödəyib?

Azərbaycan Milli Karate Federasiyasının milliləşdirdiyi ukraynalı İrina Zaretskayaya görə xərclədiyi məbləğ açıqlanıb.

Bu barədə Oxu.Az-a federasiyanın prezidenti Yaşar Bəşirov məlumat verib:

"Mən İrinanı çoxdandır ki, izləyirdim. Bilirdim ki, bu qızı yığmaya gətirsək, nəticə verəcək. Allaha şükürlər olsun ki, ona çəkdiyimiz xərc hədər getmədi. Onun üçün Ukrayna Karate Federasiyasına 30 min dollar pul ödəmişdik.

Bu, rəsmi rəqəmdir. İrina milliləşdirdiyimiz ilk legionerdir. O, Azərbaycana 2015-ci ildə Avropa Oyunlarında, 2016-cı ildə Avropa çempionatında və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandırıb. Builki Avropa çempionatında gümüş medal qazansa da, Tokio Olimpiadasında ondan yüksək nəticə gözləyirik”.

O həmçinin qeyd edib ki, bir müddət əvvəl milliləşdirilmiş slovakiyalı Dorota Baltsiarovaya və Polina Qurenkoya görə pul xərcləməyiblər:

"Qızlarda kata millimizdə problem vardı. Buna görə Dorotanı milliyə cəlb etdik. Həmçinin kumitedə yeniyetmələrə Moldovadan Polina Qurenkonu gətirdik. O, milliyyətcə ukraynalı olsa da, Moldovada yaşayırdı. Ukrayna Karate Federasiyası daha bizə idmançısını verməz. Həm Dorotaya, həm də Polinaya görə pul ödəməmişik.

Qurenko artıq Avropa çempionu olmaqla yaxşı idmançı olduğunu sübut edib. Dorota da yaxşı idmançı idi. Onu bizdən küsdürdülər, millidən getdi. Bu ay Serbiyadakı Avropa çempionatında Slovakiya adından bürünc medal qazandı”.

Yaşar Bəşirov onu da bildirib ki, kumitedə oğlanlarda nəticə verə biləcək legionerlər gətirə bilər: 

"Ancaq bunu etmək istəmirəm. Çünki bunu etsəm, bununla Şahin Atamov, Asiman Qurbanlı, Ayxan Mamayev, Firdovsi Fərzəliyev kimi yerli idmançılara qarşı haqsızlıq etmiş olaram. Ona görə də bizdə oğlanlarda həmişə öz yerli idmançılarımız çıxış edəcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->