Ölkə 19:48 27.02.2021

Azərbaycan kişiləri arasında intiharı seçənlər çoxalır: Səbəb nədir?

Könül İsmayılova: "Fiziki baxımdan güclü sayılan, ancaq mənəvi cəhətdən zəif olan kişilərin intiharı artır”

Bir vaxtlar qadınlar ailədaxili münaqişələrə, maddi sıxıntılara, cəmiyyətdə onlara qarşı olan haqsızlıqlara dözməyrək intihar edirdilərsə, indi intihara meyllilik kişilər arasında daha çox yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada 1 milyona yaxın insan intihar edir. Maraqlı məqam intihar edən kişilərin sayının qadınlardan çox olmasıdır.

İsveçin universitetlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, həyatına qəsd edən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur. Bu fakt ölkəmizdə də yaşanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova media nümayəndələrində açıqlamasında qeyd edib ki, intiharlara bağlı rəqəmlər yüksəkdir: "Kişilər daha çox intihara meyl edirlər. Amma cəmiyyət müzakirə edərkən daha çox qadınlara üstünlük verir. Zorakılıq göstərənlər əsas hədəf qrupları olmalıdır. Bununla bağlı layihələrimiz davam edir".

Araşdırmalara əsasən, kişilər arasında ən yüksək intihar faizi 30-44 yaşlılardadır. 45-59 yaşlılar arasında intihar halları isə son illərdə kəskin artıb.

"Kişilərin intihara meylli olması səbəblərindən biri də informasiya texnologiyalarının həddindən artıq inkişaf etməsidir”

Psixoloq Könül İsmayılova bildirib ki, qadınlar həm fizioloji, həm də psixoloji baxımdan kişilərdən üstündürlər: "Qadının dözə bildiyi ağrının üçdə birini kişi çəkərsə, ağrının şokuna düşüb tələf olar. Həmçinin, qadınlar bədəndən itirilən qana qarşı dözümlüdürlər, amma kişilər o qədər dözümlü deyillər. Kişilər ağlaya bilməz, istədikləri həyatı yaşaya bilməz, dərdini danışa bilməz, sevgisini, hisslərini büruzə verə bilməz kimi qadağalar kişiləri psixoloji baxımdan daha da yükləyir. Buna görə də onlar bu kimi hissləri ürəklərində keçirirlər və daha çox intihara meyllənirlər”.

Psixoloq onu da əlavə edib ki, kişilərin intihara meylli olması səbəblərindən biri də informasiya texnologiyalarının həddindən artıq inkişaf etməsidir: "Bununla yanaşı, intihar hallarının artmasında mənəvi amillərin də rolu az deyil. Müdrik adamlar, dini kitablar bizə deyir ki, hansı cəmiyyətdə ki, maddi dəyərlər mənəvi dəyərləri üstələdi, orada günü-gündən gərginlik, fitnə-fəsad, kriminal hallar artacaq. Əksinə, cəmiyyətdə mənəvi dəyərlərə üstünlük veriləndə cəmiyyətdə avtomatik olaraq nizam-intizam, ahəng yaranır.

Təəssüf ki, maddiyyat ön plana keçib. Kişilərin iş tapa bilməməsi, ailəni istədikləri kimi saxlaya bilməməsi onların psixologiyasına təsir edir. Həmçinin, pandemiya şəraiti də kişilərin həyat tərzi ilə yanaşı, onların psixologiyasına da təsir göstərir. Qadınlar evdə özlərinə bir məşğuliyyət tapırlar. Ancaq kişilər isə çarəsiz vəziyyətdə qalırlar. Bu səbəbdən fiziki baxımdan güclü sayılan, ancaq mənəvi cəhətdən zəif olan kişilərin intiharı artır”.
 
Mənbə: Bakixeber.com