Ekonomiks 14:57 10.04.2020

Azərbaycan koronavirusdan sonra kağız puldan imtina edə bilərmi? (ŞƏRH)

"Nəğd pulu qadağan eləmək mümkün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfəli deyib. Onun sözlərinə görə, bu gün bütün dünya kart sisteminə keçib:

"Hətta Avstraliyada son üç ili götürsək, 96% ticarət dövriyyəsi nəğdsiz həyata keçirilir. Avropada təqribən bu rəqəm 80%, Amerikada isə 70-80% arasındadır. Hətta qonşu Rusiyada 50%-a çatıb. Əgər biz Azərbaycanda kölgə iqtisadiyyatının dövriyyəsini azaltmaq istəyiriksə, bu keçid baş verəcək. Yəni, əlində bank kartı olan istəlinən vətəndaş alış-veriş etməyə imkanı var. Ancaq bizdə çox yerdə postterminallar yoxdur, yaxud da işləmir. İkincisi isə biznesin buna marağı olmalıdır. Dövlət elə bir sistem qurmalıdır ki, biznesin buna marağı olsun. Nəğd pulu qadağan eləmək mümkün deyil. Heç vaxt da mümkün olamaycaq. Hətta bu, dünyada da texniki olaraq mümkün deyil".

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan pandemiyadan bir nəticə çıxarmalıdır ki, nəğdsiz ödənişlərin həcmi artsın:

"Azərbaycan yeri gəlmişkən regionda ən az nəğdsiz ödənişləri olan ölkələrdən birincisidir. Bu məsələdə Rusiya, Türkiyə, Gürcüstan bizdən çox-çox qabaqdadır. Bizim üçün şans yaranıb ki, indiki pandemiyadan sonra səhvlərimizi görək və onların düzəldilməsi yolunda addımlar ataq. Nəğdsiz ödənişlər həm iqtisadiyyatın şəffaflaşması, həm ticarət dövriyyəsinin real statistik rəqəmlərini görmək, həm də vergidən yayınmaların qarşısını almaq üçün çox önəmli faktlardan biridir. Amma bunu qadağalarla, zorla etmək olmaz. Bunu vətəndaşın davranış qaydalarını dəyişmək yolu ilə etmək lazımıdır. Bizdə maaşlar veriləndə insanlar pulu nəğdləşdirmək üçün saatlarla bankomatların qarşısında növbədə durur. Pulu alıb sonra marketdən alış-veriş edir. Halbuki həmin kartla bazarlıq etmək mümkündür".

Bahar Rüstəmli