"Azərbaycan ordusu bir addım da geri çəkilməyib"

"Tamamilə fərqli siyasi baxışlara malik olan erməni siyasətçilərinin açıqlamalarından bəlli olur ki, Azərbaycan öz ədalətli mövqeyindən bir addım da geri çəkilməyib”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Ermənistan-Azərbaycan sərhədindəki son duruma diqqət çəkib:

"Bir neçə gündür Qaragöl ətrafında yaranmış vəziyyətlə bağlı ermənilərin bütün populyar internet resurslarını və həmçinin Azərbaycan mediasının nəyin bahasına olur-olsun "xəbər siyasətində” önə çıxmağa çalışan zümrəsinin fəaliyyətini izləyirəm. Sayı gündən-günə artmaqda olan ekspertlərimizin – buna ehtiyac var – bəzən tələm-tələsik yazılan "şərhlərini” oxuyuram. Ermənilərlə bağlı vəziyyət aydındır. Keçmişin küllüklərində eşələnirlər. Gələcək haqqında heç nə deyilmir.

Bizimkilərin bir hissəsi ermənilərin sosial şəbəkələrdə paylaşdıqları "xəbərlər”in üzərində baş sındırır, başqa bir hissəsi isə mənşəyi bəlli olmayan, bir çox hallarda isə klassik erməni "yaradıcılığı”nın məhsulu olan "informasiyaları” təhlil edirlər. Bircə o qalıb ki, Qaragöl qlobal geosiyası proseslərin mərkəzi elan olunsun...

Əslində ermənilər Qaragöl məsələsində türklərin (azərbaycanlıların) istədiklərinə nail olduqlarını deyirlər. Məsələn, sabiq baş nazir Qrant Baqramyanın sözlərinə görə, bütün yüksəkliklər Azərbaycanın nəzarətindədir. Sitat: "Hazırda azərbaycanlılar bizim qanuniləşdirdiyimiz razılaşmaya əsasən Sünik (Zəngəzur) ərazisindədirlər. Yalnız toyuq beyninə sahib olmalısan ki, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası başa çatmayacaq. O zaman başa çatacaq ki, azərbaycanlılar Süniki (Zəngəzuru) tamamilə "udacaqlar”. Bəzi müxalifətçilər (Köçəryan və Sarkisyanı nəzərdə tutur) tələm-tələsik və sevincək problemin həll olunduğunu bildirilər. Amma arxı hoppanmamış "hop” demək lazım deyil”.

Elçin Mirzəbəyli bildirib ki. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan da Təhlükəsizlik Şurasının iclasında əsas diqqəti ölkə daxilindəki proseslərə yönəldib:

"Sitat: "Qeyd etmək istəyirəm ki, yaranmış vəziyyəti daxili siyasi spekulyasiyaların predmetinə çevrilməməsi ilə bağlı çağırışlarıma baxmayaraq, mahiyyət etibarilə Azərbaycanyönlü qüvvələr var və onlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bunu deməkdən çəkinmirəm: Ermənistan Respublikasında Azərbaycanın informasiya savaşının agentləri var”.

Qrant Baqramyandan fərqli olaraq, Nikol Paşinyan Azərbaycan hərbçilərinin mövqelərində hər hansı bir dəyişikliyin baş vermədiyini vurğulayıb və yenidən baş verənləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müstəvisində çəkmək istəyib ki, burada da onun məqsədi müharibədən öncəki, xüsusulə də Tovuz döyüşlərindən sonrakı ritorikasını davam etdirməkdən, KTMT-nin, dolayısıyla isə Rusiyanın Ermənistanın təhlükəsizliyinə təminat verə bilmədiyini ictimai rəyə çatdırmaqdır.

Paşinyanın maraq doğuran iddialarından biri də sərhədlə bağlı məsələnin üçtərəfli formatda, yəni Rusiyanın iştirakı ilə tənzimlənməsidir. Nikol öz iddialarını əsaslandırmaq üçün Ermənistanla Azərbaycan arasında birbaşa əlaqənin olmadığını bildirir və 10 noyabr 2020-ci il bəyanatına istinad edir. 10 noyabr bəyanatında isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı heç nə yoxdur. Bu baxımdan da prosesdə üçüncü tərəfin iştirakı hüquqi baxımdan mümkün deyil.

Qeyd edim ki, Ermənistanın Kut qəsəbəsinin meri Sima Çitçiyan ölkə mətbuatına açıqlamasında azərbaycanlıların öz əvvəlki mövqelərində qaldığını bildirib. Sitat: "Hər şey olıduğu kimi qalır, onlar (Azərbaycan hərbçiləri –E.M.) yuxarıda, bizimkilər isə aşağıdadırlar. Biz iki müharibə görmüşük, amma düşmən heç vaxt bu qədər yaxınlıqda olmayıb”.

Sünikin sabiq qubernatoru, Robert Köçəryanın yeni müttəfiqi Vaqe Akopyan da Ermənistan mətbuatına açıqlamasında azərbaycanlıların mövqelərində hər hansı bir dəyişikliyin olmadığını bildirib. Sitat: "Azərbaycanlıların və ermənilərin bərabər sayda mövqeyi və əsgəri olacaq. Məndə olan məlumata görə, Hər tərəfdən 4 mövqenin və 60 əsgərin olacağı gözlənilir”.

Tamamilə fərqli siyasi baxışlara malik olan erməni siyasətçilərinin açıqlamalarından bəlli olur ki, Azərbaycan öz ədalətli mövqeyindən bir addım da geri çəkilməyib. Amma nədənsə "beşinci kolon”un ənənəvi təmsilçiləri və onların "ekspertləri” düşmənin belə etiraf etdiyi reallıqları həzm edə bilmirlər”./Teleqraf
X
XƏBƏRLƏR
BLOGLAR