Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Keşlə" "Sabah"la üz-üzə gələcək. 10 turdan sonra "Keşlə" 12 xalla 5-ci, "Sabah" isə 9 xalla 6-cı pillədə qərarlaşıb.
Komandalar indiyədək Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Bunların 4-də "Keşlə", 1-də qonaqlar meydanı 3 xalla tərk edib. 2 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də "Keşlə"nin üstünlüyü var - 10:4.
Günün ikinci matçında son çempion "Qarabağ" "Səbail"in qonağı olacaq. Hazırda Ağdam klubu 18 xalla ikinci, paytaxt təmsilçisi isə 7-cidir. Bu görüş tərəflərin çempionatda 12-ci dueli olacaq. Əvvəlki 11 matçın 10-da bölgə klubu qələbəyə sevinib. "Səbail" yalnız texniki qələbə sayəsində rəqibini məğlub edə bilib. Topların nisbətində də Ağdam təmsilçisinin aşkar üstünlüyü var - 19:1.
29 noyabr
Azərbaycan Premyer Liqası, XI tur
14:00. "Keşlə” – "Sabah”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"ASK Arena”
16:00. "Səbail” – "Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASCO Arena”
Qeyd edək ki, XI tura noyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib.
Şərhlər