Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında yerləşən "Elm və Texnologiyalar Parkı” (ETP) şirkəti yeni növ döyüş sursatının nümunəsini hazırlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.
"Gəzən sursat”lar sinfinə aid olan bu sursatlar uzaq məsafədən düşmənin hərəkətini izləməyə və onu məhv etməyə imkan verir. "Gəzən sursat”ların normal sursatlardan fərqi atışdan sonra onun hədəf informasiyalarını dəyişməyin mümkünlüyü və bu sursatın üzərindəki kamera vasitəsi ilə ərazinin kəşfiyyatının aparılması, hədəflərin müəyyənləşdirilməsidir. "Gəzən sursat”ların digər növü də kamikadze pilotsuz uçuş aparatlarıdır.
ETP tərəfindən hazırlanmış və hazırda test mərhələsində olan bu məmulatlardan "Mini” adlandırılan sursatın kütləsi 3.5 kiloqram, uçuş müddəti isə 30 dəqiqəyə yaxındır. 0.5-0.7 kq ağırlığında döyüş başlığına sahib olan bu sursatın əsas hissələri karbon materialından hazırlanıb. Konteynerdə bir nəfər tərəfindən daşınan sursatın uçuş radiusu 5-7 km olaraq göstərilir.
Düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulan digər nümunələr katapult vasitəsi ilə xüsusi mancanaq üzərindən atılır. Orta ölçülü – çəkisi 5 kiloqram təşkil edən ikinci sursat 1.2 kq ağırlığında döyüş başlığına malikdir və uçuş müddəti 30 dəqiqə təşkil edir. Döyüş radiusu 10 kilometrin üzərindədir.
"Grand” adı verilmiş üçüncü "gəzən sursat”ın isə kütləsi 12-15 kq, döyüş başlığı 5 kq, uçuş müddəti 3 saata yaxındır. Sursat 20 km radiusda hədəflərin axtarışı və zərbə endirilməsi üçün istifadə edilə bilər.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə ermənilərə qarşı İsrail istehsalı olan "Harop” adlı "gəzən sursat”dan istifadə etmişdi. 2016-cı ilin sentyabr ayından MSN İsrailin "Aeronautics” şirkəti ilə "Zərbə” adlı kamikadze PUA-nın seriyalı istehsalına başlayıb.
Şərhlər