Texnologiya 17:15 08.06.2018

Azərbaycan startapı 1 milyon ABŞ dolları uğrunda mübarizə aparacaq

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə bu gün Azərbaycanda 6-cı dəfə "Seedstars World" müsabiqəsinin yerli seçimləri baş tutub.

Finans.az xəbər verir ki, Azərbaycanın 10 ən yaxşı startapı ölkəni "Seedstars" sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparıb. 

Belə ki, qalib gəlmiş "Onbranch" startap İsveçrədə final mərhələsində iştirak edəcək. İldə bir dəfə keçirilən "Seedstars World" sammitinin növbəti dəfə 2019-cu ilin aprelində baş tutması gözlənilir. Sammitdə 65 ölkədən startapların iştirakı gözlənilir.

"Onbranch" startapı restoranları və sifarişləri nəzərdə tutan böyük bir platforma təklif edir. Bu startap beynəlxalq bazara çıxma potensialına malikdir.

Xatırladaq ki, qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə biliblər.