Xəbər lenti

Ekonomiks 13:41 12.01.2024

Azərbaycan turistlər üçün "artan risk" qrupuna niyə düşdü? (ŞƏRH)

"Belə bir rəy həm Azərbaycandan qaynaqlanan, həm də beynəlxalq məsələlərlə bağlı olaraq verilib".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli "A3M" beynəlxalq monitorinq şirkətinin turist səyahəti baxımından Azərbaycanı "artan risklər" siyahısına salmasını şərh edərkən deyib.

"Burada müxtəlif səbəblər var. Bir tərəfdən, Azərbaycanın uzun zamandır quru sərhədləri bağlı saxlaması da beynəlxalq qurum tərəfindən belə bir rəyin verilməsinə təsir edib. Quru sərhədlərimizin uzun zamandır bağlı qalmasının təhlükəsizlik tədbirlərilə əlaqəli olduğunu artıq Azərbaycanın rəsmi şəxsləri də dilə gətirib. Quru sərhədlərimizin təhlükəsizlik baxımından bağlı qalması hansısa bir təhlükəli vəziyyətin yarana bilməsi ehtimalının artdığına işarədir. Məhz bu amilin nəticəsi olaraq da beynəlxalq monitorinq şirkəti Azərbaycanı turistlərin səyahəti baxımından artan risqli ölkələr sırasına daxil edib", deyə Natiq Cəfərli bildirib.
 


Həmsöhbətimiz bildirib ki, beynəlxalq məsələlərə gəlincə, Azərbaycanın yerləşdiyi bölgədə cərəyan edən proseslər də ölkəmizin turizm sektoru ilə bağlı sözügedən rəyin alınmasına təsir edib:

"Rusiya Ukrayna müharibəsinin əks-sədası bölgəmizdə eşidilir. İran ətrafında problemlərin artdığını görürük. Verilən rəy zamanı Yaxın Şərqdəki hadisələr dalğasının ölkəmizə təsir etməsi imkanları da yəqin ki, dəyərləndirilib. Yəni onlar beynəlxalq gərginliyin dalğavari olaraq bölgəmizə təsir etdiyini hesablayıblar. Ona görə də Gürcüstan, Ermənistan da Azərbaycan kimi artan risklər siyahısına daxil ediliblər".
 
Ekspertə görə, "A3M" monitorinq şirkətinin ölkəmizlə bağlı verdiyi rəyi müəyyən dərəcədə obyektiv saymaq olar:

"Türkiyə, Gürcüstanda, Ermənistanda quru sərhədlər bağlı deyil, amma onlar da bu siyahıya daxil edilib. Deməli, əsas məsələ regional  münaqişələrlə bağlıdır". 

Qeyd edək ki, "A3M" beynəlxalq monitorinq  şirkəti turistlərin səyahətləri üzrə "2024 Risk Xəritəsi” yayımlayıb. "Çox yüksək risk”, "yüksək risk”, "artan risk”, "kiçik risk” və "çox aşağı riskli ölkələr” olmaqla beş fərqli kateqoriya üzrə yaradılan risk xəritəsində Azərbaycan "artan risk” ölkələri arasında yer alıb.

Qeyd edək ki, bu kateqoriyaya ölkəmizlə yanaşı, Türkiyə, Orta Asiya ölkələri, Çin, Hindistan, Tunis və Misirin bir hissəsi, Gürcüstan, Ermənistan və Braziliya kimi ölkələr də daxil edilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->