"Ermənistan Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərini Tovuz hadisələrinin nəticəsi kimi təqdim etməyə çalışır”.
Bunu "MediaPost”a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Onun sözlərinə görə, bu təlimlərin Tovuz hadisələri ilə heç bir əlaqəsi yoxdur və birgə hərbi təlimlər əvvəldən planlaşdırılıb:
"Hər il Azərbaycan-Türkiyə birgə hərbi təlimləri müxtəlif miqyasda keçirilir. Bu təlimlərin Tovuz hadisələrindən sonraya təsadüf etməsi əslində, yaxşı haldır. Çünki siz də bilirsiniz ki, Türkiyənin Azərbaycanın Tovuz istiqamətində olan ərazisindəki layihələrdə iştirakı var. Bu layihələrin qorunması və icra olunması Azərbaycanla yanaşı, Türkiyə üçün də əhəmiyyətlidir”.
Politoloq bildirib ki, Azərbaycanın Türkiyə ilə birgə təlimlər keçməsi təkcə Ermənistana deyil, xüsusilə, Ermənistanın havadarlarına siqnaldır:
"Türkiyə dövlət rəsmilərinin də Azərbaycanın yanında olmasını deməsi düşmən ölkədə narahatlıq yaratdı. İkitərəfli hərbi təlimlərin keçirilməsi Azərbaycanın bu günü və gələcəyi üçün əhəmiyyətlidir. İstənilən halda, bütün təlimlər, xüsusilə də NATO-nun üzv ölkələrinin silahlı qüvvələri ilə birgə təlimləri Azərbaycan Ordusu üçün döyüş təcrübəsi əldə etmək üçün əsas mənbələrdən biridir. Türkiyənin Azərbaycan ilə bütün sahələrdəki tərəfdaşlığı, o cümlədən hərbi-texniki sahədə dəstəyi Azərbaycanın xarici siyasətinə böyük töhfə verir. Bu tərəfdaşlıq Azərbaycanın regionda tək olmadığını göstərir. Bunu gözü götürməyən qüvvələr təbii ki, çoxdur və bu, onların qorxulu yuxusuna çevrilib”.
Şərhlər