Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri sonrası jurnalistlərə açıqlamasında Azərbaycan-Türkiyə əməkdaşlığına dair sualları cavablandırıb.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan mətbuata açıqlamasında Türkiyənin Qarabağla yanaşı bir çox digər məsələlərdə də Azərbaycanın daim yanında olduğunu vurğulayıb. Jurnalistin "Azərbaycan ictimaiyyəti arasında Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa gəlməsinə görə narahatlıq var idi. Bu narahatlıqlar Türkiyənin iştirakı ilə bir qədər həll edildi. Azərbaycan türkləri gələcəkdə bu narahatlığın tam aradan qaldırılması üçün Türkiyənin əyani varlığını görə biləcəkmi?” sualına Ərdoğan belə cavab verib:
"Bilirsiniz ki, Azərbaycanla hərbi təlimlərə dair müqaviləmiz artıq var. Nəhayət, bu razılaşmanı parlamentimizdən də keçirdik. Bu əməkdaşlıq sayəsində təlim-tədris razılaşmamız aramızdakı həmrəyliyi daha fərqli bir platformaya daşıyacaq. Əməkdaşlıq çərçivəsində Rusiya ilə aramızdakı əlaqələri gücləndirdik. Bunu cənab Putinlə də müzakirə etdik.
Türkiyə sözügedən təlim-tədrisi hazırda Azərbaycan ərazisində həyata keçirdiyi kimi, Azərbaycan əsgərləri də Türkiyəyə gəlib təlim-tədris ala biləcəklər. Bütün bunlar aramızdakı həmrəyliyi gücləndirəcək. Artıq aramızda kəşfiyyat sahəsində də əməkdaşlığımız var. Bu səbəbdən Azərbaycan inşallah Türkiyəsiz qalmayacaq və bu birliyimiz hər sahədə davam edəcək. Bu əməkdaşlığı Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya daxil olmaqla hər sahədə davam etdirəcəyik. Yalnız prezident səviyyəsində deyil, bütün nazirlərimiz və digər şöbələrimiz bu əməkdaşlığı ürəkdən davam etdirəcəklər”,- deyə Ərdoğan qeyd edib.
Şərhlər