İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində Azərbaycana gələn il ərzində daha 8 baş zubr gətiriləcək.
Bunu Trend-ə Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.
Bu il Azərbaycana 12 baş zubrun gətirildiyini xatırladan E.Əsgərov yeni zubrlar gətirildikdən sonra ölkədəki ümumi zubrların sayının 20-yə çatacağını söyləyib.
İlk zubrları gətirməmişdən əvvəl xarici ekspertlərin iştirakı ilə Böyük Qafqazda elmi tədqiqatların aparıldığını deyən E.Əsgərov əlavə edib ki, bu tədqiqatların nəticələri əsasında zubrların Şahdağ Milli Parkının İsmayıllı rayonunun 300 hektarlıq ərazisində (Buynuz kəndinin yuxarı hissəsində) məskunlaşdırılması qərara alınıb. Zubrların təhlükəsiz yaşaması, qaçmaması, yırtıcı heyvanların onlara hücum etməməsi üçün onların məskunlaşdığı ərazinin ətrafına elektrik çəpər çəkilib:
"Elektrik çəpər onları öldürə bilməz. Bu çəpərlər heyvanları sadəcə olaraq titrədir və buna görə də onlar ərazidən kənara çıxmağa cəhd etmirlər”.
E.Əsgərov bildirib ki, Azərbaycana yalnız Qafqaz geninin daşıyıcısı olan zubrlar gətirilir.
Onun sözlərinə görə, aparılan axtarışlardan sonra Avropa zooparklarında Qafqaz geninin daşıyıcısı olan zubrlar tapılıb: "Bu heyvanlar Belarusda, Polşada, Amerikada və s. yerdə də yaşayır. Ancaq onlar bizə yad olduğu üçün yalnız Qafqaza xas olan genləri daşıyan heyvanları axtarıb tapırıq. Gətirilən 12 baş zubrun hər biri Qafqaz geninin daşıyıcısıdır”.
Nümayəndəlik rəhbəri qeyd edib ki, alimlərin tədqiqatlarına görə, zubrların nəslinin sağlam şəkildə davam etdirilməsi üçün onların başlanğıc sayı ən azı 50 baş olmalıdır. Buna görə də növbəti illərdə Azərbaycanda zubrların sayının getdikcə artırılaraq 50-yə çatdırılması nəzərdə tutulur: "Alimlər hesab edirlər ki, başlanğıc qrup 50-dən az olduqda onlar genetik olaraq az çeşidli olurlar. Gələcəkdə genetik problemlərin üzə çıxmaması üçün başlanğıc say ən azı 50 baş olmalıdır”.
E.Əsgərov nəsli kəsilmək üzrə olan zubrların Avropa zooparkları tərəfindən Azərbaycana pulsuz verildiyini də nəzərə çatdırıb:
"Əgər pulla alınarsa, onların qiymətləri çox baha olar. Erkək zubrların qiyməti 12 min, dişi zubrların qiyməti 8 min avrodur. Əgər pulla alınsaydı, bir cüt zubr bizə 20 min avroya başa gələ bilərdi. Amma "Azərbaycanda zubrların reintroduksiyası” proqramını həyata keçirdiyimiz üçün zooparklar zubrları bizə pulsuz verirlər”.
WWF rəsmisi qeyd edib ki, gələn ilin yazında hazırda elektrik çəpərlə əhatələnmiş ərazidə saxlanılan zubrların vəhşi təbiətə buraxılması nəzərdə tutulur. Amma həmin zaman zubrların boğazlarındakı GPS xaltalar vasitəsilə onların hərəkəti izləniləcək və olduqları ərazilər dəqiqliklə müəyyən ediləcək.
E.Əsgərov təbiətə buraxıldıqdan sonra bu heyvanların insanlar üçün təhlükə yaratmayacağını da söyləyib.
Onun sözlərinə görə, zubrlar insanların həyətlərindəki, biçənəklərindəki otları yeyə bilərlər: "Belə hallar üçün də biz gələcəkdə zərərə görə kompensasiyanın verilməsi proqramını hazırlamağı nəzərdə tuturuq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Trend-ə bildirib ki, zubrların gətirilməsi məsələsi hələ 6 il əvvəl müzakirə olunmağa başlayıb:
"Zubrların gətirilməsi 6 illik zəhmətin bəhrəsidir. Qafqazda tarixən zubrlar olub, onların əcdadları burada yaşayıblar. Bu gün biz artıq deyə bilərik ki, Qafqaz zubru Azərbaycan təbiətinə qaytarılıb. Zubrların ölkəmizə gətirilməsi təbii irsimizin bərpasının elementidir”.
H.Əlizadə qeyd edib ki, Azərbaycana köçürülən zubrlar yerli şəraitə adaptasiya oluna biliblər və ölkəmizdə olduqları 5-6 ay ərzində burada sağlam şəkildə yaşaya biliblər:
"Artıq onların bir necəsinin balalayacağı gözlənilir. Proqramdakı partnyorlarımıza təşəkkür edirik ki, biz bu mərhələni uğurla keçdik. Xarici təşkilatlar da zubrların ölkəmizə gəirilməsini Qafqazda son 10 ildə həyata keçirilən ən uğurlu ekoloji layihələrdən biri sayırlar”.
H.Əlizadə turistlərin də zubrlara böyük maraq göstərdiklərini söyləyib. Onun sözlərinə görə, zubrlar gətirildikdən sonra Şahdağ Milli Parkına gələn təxminən 800 turistin səfərinin məqsədi məhz bu heyvanları görmək olub.
Şərhlər