Xəbər lenti

Azərbaycanda 2018-ci ildə devalvasiya ola bilər? (AÇIQLAMA)
Ekonomiks 18:41 02.11.2017

Azərbaycanda 2018-ci ildə devalvasiya ola bilər? (AÇIQLAMA)

Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov son günlər manatın məzənnəsinin bahalaşmasının səbəblərini açıqlayıb.

V.Əhmədov ölkə.az-a açıqlamasında bildirib ki, bu ilin sonunadək manatın məzənnəsinin aşağı düşməsi gözlənilmir:

"Çünki pul kütləsinə nəzarət mexanizminin həyata keçirilməsi ilə bağlı aparılan siyasət, idxal-ixracda müsbət saldo və digər bu kimi amillər manatın hələ indiki vəziyyətdə qorunub saxlanılacağına əsas verir. Amma baxaq görək ki, neftin qiymətində hansı dəyişikliklər olacaq və ABŞ-ın Federal Ehtiyyatlar Sistemi dolların faizini necə saxlayacaq. Ümid edirəm ki, bu ilin sonunadək manatın məzənnəsi indiki səviyyədə olacaq”.

V.Əhmədov 2018-ci ildə Azərbaycanda növbəti dəfə devalvasiyanın baş verəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

"Mən növbəti devalvasiyanın baş verəcəyinə inanmıram. Burada əsas məsələ büdcənin ilin yekunlarından necə çıxacağı ilə bağlıdır. Baxaq görək, ilin sonunda ümumi daxili məhsulun həcmində nə qədər artım olacaq. Gələn il təqribən 2,5 faiz artım planlaşdırılır. Görək, bu artım nəyin hesabına olacaq. Bilirsiniz, bu il Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədəki pul kütləsinə nəzarət mexanizmi ciddi olduğu üçün manatın məzənnəsində enmə baş vermədi. Hər yerə pul xərclənmədi, idxal-ixraca ciddi nəzarət olundu, lazım olmayan mallar Azərbaycana idxal olunmadı, ixrac idxalı üstələdi, müsbət saldo yarandı və sairə. Hesab edirəm ki, bütün bunlar çox doğru addım idi. Əgər gələcəkdə də bunlara nəzarət müsbət olarsa, manatın məzənnəsi daha da möhkəmlənər. Amma bir məsələ də var ki, iqtisadiyyatın inkişafı üçün mütləq vəsait lazımdır”.
Deputat deyib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının inkşaf etdirilməsi üçün dövlət büdcəsindən 5 milyarda yaxın vəsait ayrılması nəzərdə tutulur:

"Təbii ki, bu qədər vəsaiti bazara buraxanda müəyyən dəyişikliyə səbəb olacaq. Amma mən hesab edirəm ki, biz bunu qoruyub saxlayacağıq”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov üzən məzənə rejiminin davamlı rejim olduğunu bildirərək, ilin sonuna kimi manatın bahalaşacağını bildirib.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->