Şəhərin mərkəzindəki ayaqyoluda nisyə dəftəri varmış
Lənkəranda biabırçı vəziyyət yaşanır. İcra başçısı Taleh Qaraşovun pul qazanmaq həvəsi işi o həddə çatdırıb ki, artıq şəhərdə addım atmağa görə az qala haqq alınır. Bu azmış kimi, bütün ticarət obyektlərinin də nəzarət altına götürülməsi prosesi gedir. İcra başçısının bu işlərlə məşğul olan konkret adamı isə haqq almadan bir addım belə atmır.
Qaraşovun tualet biznesi
Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin binasının yaxınlığında Zabitlər Evi yerləşir. Taleh Qaraşovun əyləşdiyi binanın yaxınlığında isə ayaqyolu fəaliyyət göstərir. JAM.AZ-ın apardığı müşahidələr nəticəsində məlum olub ki, bu tualet biznesi artıq Lənkəranda hər kəsin dilində əzbərdir. Çünki burada təbii ehtiyaclarını ödəmək istəyənlər üçün nisyə dəftəri mövcuddur.
Rayon ağsaqqalları bildiriblər ki, həmin tualetdə bir nəfər yaşlı kişi oturur. Onun missiyası pul yığmaq və pulu olmayanların adlarını isə nisyə dəftərinə yazmaqdır. Belə ki, təbii ehtiyaclarını ödəmək üçün bura gələn yaşlılar və pensiyaçılar pulları olmadıqda adlarını nisyə dəftərinə yazdırırlar. Ayın sonu pensiyalarını aldıqda isə gətirib pulu ödəyirlər.
Məlumatlarda vurğulanır ki, bu tulet biznesindən Taleh Qaraşovun da xəbəri var. Və oradan hər ay ona müəyyən qədər haqq çatdığına dair iddialar da mövcuddur. Deyilənlərə görə, icra başçısı bu işləri özünün yaxın adamlarından birinə həvalə edib.
Torpaq sahələri satışa çıxarılıb
Amma Lənkəranda yaşanan biabırçı vəziyyət təkcə bununla yekunlaşmır. Verilən məlumatda vurğulanır ki, Taleh Qaraşov əlinə fürsət keçən kimi kiçik torpaq sahəsini də satışa çıxarır və ya icarəyə verir.
Məlumatlarda vurğulanır ki, Lənkəran rayon İcra Hakimiyyətinin binasının yaxınlığında Telekommunikasiya Qovşağı yerləşir. Bir neçə mərtəbəli həmin binanın sovet dövründə yanğından mühafizə olunmaq üçün xüsusi pilləkənləri vardı. Hətta həmin pilləkənlər Qaraşov icra başçısı olana qədər mövcudiyyətini qoruyub saxlamışdı. Ekstremal vəziyyətlər üçün nəzərdə tutulmuş bu pilləkənlər isə tamamilə ləğv edilib. Üstəlik, həmin binanın pilləkən olan hissəsindən girişi hasarlanıb.
Maraqlıdır ki, Taleh Qaraşovun pul qazanmaq həvəsi o həddə çatıb ki, Telekommunikasiya Qovşağının aşağısında ucaldılmış Heydər Əliyevin büstünün ətrafı da iaşə obyekti kimi istifadə olunur. Burada pivə, araq, kokteyl və sərinləşdirici içkilər satılır. Rayon sakinləri deyir ki, Taleh Qaraşovun pul qazanmaq hirsi o qədər güclüdür ki, heç nəyə əhəmiyyət vermir.
İcra başçısının kassiri kimdir?
Lənkəranda satılan istənilən bir torpaq sahəsi, bina və ya obyektin hər biri nəzarətdədir. Daha doğrusu, bu işlər icra başçısının nəzarətindən kənanda həllini tapa bilməz. Çünki onun da bu işlərdə bilavasitə maddi maraqları var.
Məlumata görə, Lənkəran rayon icra başçısı Taleh Qaraşovun bu işlərə baxan adamı var. Rayonda hər kəs onu icra başçısının «sağ əli» kimi tanıyır. Elə icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsal Nəsirli də etiraf edir ki, həqiqətən də Qaraşovun bütün pul işlərinə o baxır.
Məlumatlarda vurğulanır ki, hazırda Lənkəranda bütün alqı-satqı işlərinə, işə düzəlmək və bu kimi qazanclı işlərin hamısını Vüsal Nəsirli həyata keçirir. Taleh Qaraşovla birlikdə hərəkət edən Nəsirli topladığı pulları cəmləyərək, onu vaxtında icra başçısına çatdırır və buradan özünə müəyyən qədər pul götürür./JAM.AZ/
P.S. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Şərhlər