Foto 17:19 22.09.2020

Azərbaycanda bu məktəbin müəllimləri koronavirusa yoluxdu (FOTO)

Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində müəllimlərin koronavirusa yoluxması səbəbindən əyani formada tədris sentyabrın 21-dən dayandırılıb. Hazırda dərslər distant formada davam etdirilir.

Məktəbdə koronavirusa ilk yoluxma halı sentyabrın 18-də qeydə alınıb. İxtisas müəllimlərindən birinin səhhətindəki narahatlıq onun COVID-19 virusuna yoluxmasına əsaslı şübhələr yaradıb. Kollektivdən alınan analiz nümunələri nəticəsində məktəbin 7 müəllim və 1 texniki işçisinin koronavirusa yoluxması müəyyənləşib. Sonradan nümunə götürülən daha iki nəfərin də virus daşıyıcısı olduğu aşkarlanıb.

Məktəbin direktor müavini Samir Novruzov  "Azərtac"a bildirib ki, təhsil müəssisəsində, ümumilikdə, 443 şagird təhsil alır. Onlardan 168-i ibtidai siniflərdə oxuyan uşaqlardır. Məktəbdə 36 müəllim və 14 texniki işçi var. Kollektivdə analiz götürülənlərin bəzilərində cavablar hələ ki, çıxmayıb.

Qam-qam kənd tam orta məktəbində müəllimlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Hazırda məktəbdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.