Sağlamlıq 18:06 19.10.2021

Azərbaycanda COVİD-in 5-ci dalğası gözlənilir? - Həkim-infeksionist

"Noyabr ayında beşinci dalğanın olma ehtimalı var”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev qonşu Gürcüstanda COVİD-ə yoluxanların sayında ciddi artımın olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Həkim hələ Azərbaycanda bu bəlanın yayılmaqda davam etdiyini bildirib:

"Bəli, bu hal Azərbaycanda da ola bilər. Çünki bizdə 30-35 adam rəhmətə gedəndə Gürcüstanda hec bir qorxu yox idi, indi əksinə hallar olur. Azərbaycanda koronavirus tam sönməyib, yoluxma sayında artımlar müşahidə edilir. Ölüm sayları artır, reanimasiyalarda nə qədər ağır xəstələrimiz var”.

Həkim-infeksionist peyvənd olunmayan insanlara çağırış edib:

"İnsanlar peyvənd olunsunlar. Hər gün məlumatlara baxanda ölüm hallarını getdikcə cavan yaşlarında və orta məktəblilər arasında görürük”.

Qeyd edək ki, Gürcüstanda son sutkada daha 5739 nəfərdə koronavirus aşkarlanıb, 36 pasiyent vəfat edib. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bahar Rüstəmli