Sao Paulo Universitetinin alimləri müəyyən ediblər ki, bağırsaqlar tərəfindən istehsal olunan FGF19 hormonu beynin yağların yandırılması və qan şəkərinə nəzarət üçün cavabdeh olan hissələrini aktivləşdirə bilir.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Endocrinology and Metabolism" (EM) jurnalında dərc olunub.
FGF19 beyində enerji balansına nəzarət mərkəzi olan hipotalamusda fəaliyyət göstərir. Tədqiqatçılar hormonun yağ hüceyrələrinin aktivliyini artırdığını müəyyən ediblər. Eyni zamanda, iltihabın azalması və orqanizmin aşağı temperaturlara davam etmə qabiliyyətinin yaxşılaşması müşahidə edildi.
"Əvvəllər məlum idi ki, FGF19 iştahı yatırır. Biz ilk dəfə onun enerji xərclərini də artırdığını göstərdik. Bu, onu piylənmənin müalicəsi üçün xüsusilə perspektivli edir", deyə tədqiqatın rəhbəri, professor Elena Barbosa izah edib.
Hormon birbaşa kök siçanların beyninə yeridilib və qısa müddətdən sonra heyvanlar piy toxumasında yağ yandırmasını artırıblar. Tədqiqat təsdiqlədi ki, hipotalamus bədəndən siqnallar alır və buna cavab olaraq, artıq çəki ilə mübarizə aparmaq üçün istifadə edilə bilən bir mexanizm olan enerji sərfiyyatını işə salır.
Maraqlıdır ki, soyuğa məruz qalmaq hipotalamusun FGF19-a həssaslığını artırıb. Bu, onun termorequlyasiyada mühüm rolunu göstərir və yeni dərmanlar yaratmaq üçün bədənin təbii mexanizmlərindən istifadə etmək imkanını açır.
Alimlər həmçinin scRNA-seq texnologiyasından istifadə edərək 50.000-dən çox hipotalamik hüceyrəni təhlil və FGF19 üçün reseptorları olanları müəyyən ediblər. Növbəti addım orqanizmin bu hormonu təbii yolla daha çox istehsal etməsini anlamaqdır.
Aydın
Şərhlər